22 Dekabr 2024, Bazar

“Azərbaycan qadını tarixboyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır”. Ümummilli liderimiz Heydər Əliyevin bu sözləri tarixin bütün dövrlərində Azərbaycan qadınının ailədə və cəmiyyətdə rolunu ən yüksək formada ifadə edir. Dahi liderin irsinin, ənənələrinin qorunub yaşadıldığı muxtar respublikamızda qadınlar, o cümlədən sağlamlıq imkanları məhdud qadınlar ictimai-siyasi və sosial-mədəni həyatda fəallıqları ilə seçilirlər. Naxçıvan şəhərində mütəmadi olaraq təşkil edilən sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış, müxtəlif yaradıcılıq müsabiqələri onların istedad və bacarıqlarının aşkar edilməsində, asudə vaxtlarının səmərəli təşkilində, rifah halının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Diyarımızda sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların yaradıcılıq potensiallarının dəstəklənməsi onların yaradıcılıq əzmini daha da artırmaqla gələcək inkişafını təmin edir. İstedadlı qadınlarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. 

 

Haqqında bəhs edəcəyimiz Saimə Novruzova sağlamlıq imkanının məhdudluğuna baxmayaraq, öz fəaliyyətində xalqımızın qədim sənət və peşələrindən biri sayılan toxuculuğu yaşadır. Saimə xanım 1975-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində dünyaya göz açıb. Müsahibim deyir ki, uşaq vaxtımdan rəhmətlik nənəm evdə müxtəlif naxışlı xalçalar, corablar toxuyar, mən də onun toxuculuq iynələrini əlində necə tutduğuna, ilmələri necə vurduğuna baxardım. O vaxtlar Naxçıvan şəhərindən boyalı ipləri tapmaq bir qədər çətin idi. Bu gün texnikanın inkişafı bu sahədə də köməyə çatır. Əl ilə toxumaqla hazırladığımız material nə qədər gözəl alınsa da, bu gün artıq dövlətin dəstəyi ilə aldığımız toxuma makinasında rahat və bir qədər asan şəkildə, vaxta qənaət edərək işimizi görə bilirik. 11 il əvvəl muxtar respublikada təşkil edilən istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışda iştirak etdim. Günümüzdə qədim sənət növlərini yaşadan sərgilərin təşkili və əl işlərimizin satışı mənim kimi bu işlə məşğul olan digər qadınlara da çox böyük stimuldur, dəstəkdir, – deyir müsahibim.
Qeyd edək ki, Saimə xanım bu gün ucqar yüksəkliklərdə torpaqlarımızı qoruyan, Vətənimizə mərdliklə xidmət edən əsgərlərimizə isti corab, boyunbağı, şərf, jilet toxuyur. Müsahibimin dediklərindən: – Biz xoşbəxtik ki, torpaqlarımız uğrunda canını sevə-sevə qurban verəcək, Vətənimizi yağılardan böyük cəsarətlə qoruyan güclü ordumuz, onun sıralarında qulluq keçən əsgərlərimiz vardır. Torpaqlarımıza keşik çəkən oğullarımızın qətiyyəti, məğrurluğu sayəsində torpaqlarımız inamla qorunur. Ötən il əldə etdiyimiz Böyük Qələbə də qorxmaz, qeyrətli Vətən oğullarımızın və Prezidentimizin qətiyyətli iradəsi sayəsində mümkün oldu. Xüsusi olaraq qeyd edim ki, bu gün muxtar respublikada əsgərə – yurdun keşikçisinə hörmətlə yanaşılır, onlara lazımi diqqət və qayğı göstərilir. Əlbəttə ki, bu qayğını 90-cı illərdə hər an işğal təhlükəsi ilə üz-üzə qalmış Naxçıvanı xatırlayanda daha yaxşı dərk edirik. O vaxtlar indiki kimi şərait yox idi ki, bizi qoruyan əsgərlərimiz üçün öz bacardığımızı edək. İndi çox şükür ki, buna şərait yaradılıb. Mən də əsgərlərimizə hörməti, köməyi həmişə özümə borc bilirəm, onları da öz övladım kimi görürəm. İlk dəfə Naxçıvan şəhərində təşkil edilən sərgidə əl işlərim nümayiş olunanda muxtar respublika rəhbəri mənim bu addımımı müsbət qiymətləndirdi. O gündən mənə də digər yaradıcılıq imkanı olan qadınlar kimi dəstək göstərildi. Mən də sənətimə daha çox bağlandım. Bu gün əl işlərim diyarımızda təşkil edilən sərgilərdə nümayiş olunur. Bacardığım işi görmək məni sevindirir, asudə vaxtımı dəyərləndirirəm. Mənim kimi sənət sahəsi ilə məşğul olanlara göstərilən diqqətə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.

Naxçıvan xalçaçılıq məktəbinin nümayəndələrindən biri olan Yeganə İsgəndərova ilə həmsöhbət oluruq. 1965-ci il mart ayının 9-da Ordubad rayonunun Nüsnüs kəndində ziyalı ailəsində anadan olub. Müsahibimin dediklərindən: – Ailəmizdə rəhmətlik atam xalça toxumağa həvəsli idi. Taxtadan hana düzəltmişdi, Naxçıvanda boyaq sexi vardı o vaxt boyaq alıb gətirər, ipləri boyayar gözəl xalçalar toxunardı evimizdə. Mən də onda öyrəndim. Gözümü açandan evimizdə gördüyüm göz nurunun, gərgin əl əməyinin məhsulu olan xalçalar məni ilhama gətirirdi. Daha yaxşı toxumaq istəyirdim. VIII sinfi bitirəndən sonra o vaxt Ordubad şəhərində fəaliyyət göstərən Texniki Peşə Məktəbində xalçaçılıq kursu açılmışdı, ora yazıldım. Ondan mənə yadigar qalacaq bu sənəti davam etdirəcəyim üçün buna ən çox atam sevindi. Üç il kursda iki bacarıqlı ustadan bu işin dərinliklərini, incəliklərini sevərək, ürəkdən öyrəndim. Məktəbi qurtarandan sonra birinci əl işimi dəzgahda toxudum. Daha sonra Ordubadda İpək Fabrikində 10 il işlədim. 1997-ci ildə rayonumuzda akademiyanın nəzdində xalça sexi açıldı, orada bir neçə il çalışdım, daha sonra işdə fasilə oldu. 11 ildən sonra yenidən dövlətin qayğısı ilə rayonda yeni xalça sexi tikildi və mən yenidən öz sevimli peşəmi davam etdirdim. Xalça sexinə getməmişdən əvvəl qonşularla birgə xovsuz xalça növü sayılan kilim toxumuşam, həmçinin millə toxumalarım olub. Bu cür toxumaları qohumlara, dost-tanışlara, uşaqlara hədiyyə etmişəm. Sexdə işlədiyim müddətdə əl işlərim çox bəyənilir, sərgilənir və ilk yerlərə layiq görülürdü. Həmçinin Bakı şəhərində təşkil edilən sərgilərə göndərilirdi. Mən də burada iştirak edib təşəkkürnamə almışam. 2014-cü ildə muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin istedadlarının üzə çıxarılması məqsədilə təşkil edilən əl işlərindən ibarət sərgidə iştirak etmişəm və I yerə layiq görülüb mükafat almışam. Belə tədbirlərdə iştirakım çox olub.
Müsahibim deyir ki, toxuduğum xalçalar üzərində müxtəlif ornamentlərdən istifadə edirəm. 1998-ci ildə xalça üzərində Çeşməbasar kəndindəki məscidin görünüşünü, əzəmətli Haçadağın, Möminə xatın türbəsinin emblemlərini, Haçadağın şəkli olan 12 xalça toxumuşam. Müxtəlif naxışlı, balaca və böyük ölçüdə xalçalar da toxumuşam ki, hamısı satılıb. Onu xüsusi olaraq deyim ki, mənə həmişə dəstək göstərilib. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də minnətdaram. Xalçatoxuma sənətini inkişaf etdirmək üçün stol, sapları yığmaq üçün şkaf və digər ləvazimatlar verilib. Hazırda xalça toxumağa evdə davam edirəm. Xalçaçılıqla məşğul olan insanda əl səliqəsi, böyük zövq olmalıdır ki, xalçaya da gözəllik qata bilsin, incə ornamentlər, zərif və nəfis naxışlarla onu bəzəyə, ən əsası isə gördüyü işdən zövq ala bilsin. Xalq tətbiqi sənətinin qollarından biri kimi xalçaçılıq milli dəyərlərimizi, adət-ənənələrimizi, duyğu və hisslərimizi özündə yaşadır. Bu sənət daim yaşayacaq.
1990-cı ildə Şərur rayonunda doğulan İlkanə Teymurova da toxuculuğu yaşadan gənc qadınlarımızdandır. 14 yaşından toxumağa başlayan müsahibim bir müddət mədəniyyət sahəsində çalışıb. Uşaq yaşlarından əhatəsində bu sənətə bağlananlar çox olub. O da onlara baxaraq yavaş-yavaş toxumağa başlayıb. Papaq, şərf, corab, üçrəngli bayrağımızı fərqli formatda toxuduğunu deyən müsahibim muxtar respublikada təşkil edilən əl işlərindən ibarət sərgilərdə dəfələrlə iştirak edib. O deyir ki, bu il Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışının iştirakçısı oldum. Əl işi toxumalarım maraqla qarşılandı, satışımız da yaxşı oldu. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmişə mənə işimdə dəstək göstəriblər. Bu işlə məşğul olmaqla, həm asudə vaxtımı səmərəli keçirir, həm də öz bacardığım işi sevərək görməklə daha səbirli, təmkinli olmağı öyrənirəm. Sərgilərdə iştirak etməklə isə əl işlərimizi nümayiş etdirə, tanına, satışlardan əldə etdiyimiz qazancla özümüzü, ailəmizi təmin edə bilirik. Yaradılan belə şəraitə görə minnətdarlıq edirəm.
Söhbətlərimizdən də aydın olur ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud insanların, qadınlarımızın cəmiyyətin aktiv üzvünə çevrilməsi, onların yaradıcılıq potensiallarının üzə çıxarılması, inkişafı, özünüməşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Onlar öz yaradıcılıqları ilə xalq yaradıcılığı nümunələrimizi yaşadır, milli-mənəvi dəyərlərimizi təbliğ edirlər. Sözsüz ki, bu sahədə indiyədək qəbul edilən Dövlət proqramları, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” nda qarşıya qoyulan vəzifələr mühüm rol oynayır. Bəhs olunan proqramın icrası gələcəkdə də məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsi, özünüməşğulluğunun təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli şərait yaradacaq.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR