22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən mətbu orqanın növbəti yubiley tədbiri avqustun 16-da Kəngərli rayonunda olub. Mədəniyyət Sarayında keçirilən tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova açaraq “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki rolundan, muxtar respublikanın, o cümlədən də Kəngərli rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsində qəzetin əhəmiyyətindən bəhs edib.


“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova rayonun adının bilavasitə bağlı olduğu, dövlətçilik və hərb tariximizdə müstəsna rolu olan Kəngərlilər sülaləsinin, nəslin nümayəndələrinin tariximizdə oynadığı roldan, göstərdikləri misilsiz xidmətlərdən danışıb, bu bölgədə dünyaya göz açan görkəmli şəxsiyyətlərin elmimizə, ictimai-siyasi fikrimizə, milli jurnalistikamıza bəxş etdiyi töhfələrdən bəhs edib, 100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, müstəqillik illərində milli mətbuatımıza göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, “Şərq qapısı” qəzeti müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən qəzet XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşüb. Ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində işıq üzü görən müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunan ilk müsahibəsi kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olub. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanıb, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin edib.
Çıxışda muxtar respublikada mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistika sahəsində peşəkar kadr potensialının formalaşdırılması, 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması, kimi çoxsaylı tədbirlərdən bəhs edilib. Baş redaktor vurğulayıb ki, qəzet daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilib. Bildirilib ki, 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir. “Şərq qapısı” qəzetinin baş redaktor Mehriban Sultanova göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıb.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında mətbuatın cəmiyyətin, ictimai-siyasi fikrin formalaşmasında oynadığı roldan bəhs edib, “Yeni həyat” qəzeti əməkdaşlarının fəaliyyətindən, Kəngərli rayonunun sosial-iqtisadi inkişafı, tarixi abidələri ilə bağlı “Şərq qapısı”nda dərc olunan materiallar haqqında danışıb, yeni dövr muxtar respublika mətbuatının inkişafı barədə məlumat verib. Bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılıb. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınıb, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilib.
Qeyd edilib ki, bu gün “Şərq qapısı” qəzeti redaksiyasında yüksək səviyyəli, müasir tələblərə cavab verə biləcək qəzetin nəşri üçün müasir iş şəraiti yaradılıb. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlayıb, qəzetin elektron arxiv bazası yaradılıb. Sayt 2019-cu ildə yenilənib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva, “Şərq qapısı” qəzetinin İqtisadiyyat və təhlil şöbəsinin müdiri Səbuhi Həsənov, “Yeni həyat” qəzetinin redaktoru Babək İsmayılov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Etimad Məmmədov, “Yeni həyat” qəzetinin məsul katibi Anar Qasımov çıxış edərək “Şərq qapısı” qəzetinin Kəngərli rayonunun ictimai-siyasi, mədəni, sosial həyatını geniş şəkildə işıqlandırmasından, milli mətbuatımızın inkişafında, jurnalist kadrların hazırlanmasındakı rolundan ətraflı söhbət açıblar. Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və iş prinsipini, 100 illik yubileyi ilə bağlı keçirilən tədbirləri əks etdirən, son illərdə Kəngərli rayonunun müxtəlif sahələrdə qazandığı uğurlardan bəhs edən videoslayd nümayiş olunub.
Sonda “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən “Yeni həyat” qəzetinin redaktoru Babək İsmayılova fəxri fərman və hədiyyə, digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.

  


Nail ƏSGƏROV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR