2021-ci il “Nizami Gəncəvi ili”dir
XX əsrin əvvəllərində Azərbaycanın demokratik fikirli ziyalıları Zaqafqaziyada nəşr olunan rusdilli mətbuat orqanlarının səhifələrində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin aktual problemlərini işıqlandırmışlar. Xüsusilə həmin əsrin əvvəllərində Tiflisdə yaşayan Cəlil Məmmədquluzadə, Hüseyn Minasazov, Eynəli bəy Sultanov, Həmzət bəy Qabulov Şirvanski kimi Azərbaycan ziyalıları rusdilli mətbuatda fəal iştirak etmişlər. Azərbaycan ziyalılarının iştirak etdikləri mətbu orqanlardan biri də Tiflisdə rus dilində nəşr olunan “Zakavkazye” qəzeti olmuşdur.
Bu qəzet 1906-1914-cü illərdə Tiflisdə gürcü ziyalıları tərəfindən nəşr edilmiş və Zaqafqaziya xalqlarının ədəbi- ictimai və mədəni fikrini mütərəqqi cəbhədən işiqlandırmışdır. Əslində, bu qəzet müstəqil bir orqan deyil, 1905-ci ilin 1 oktyabrında gürcü ziyalısı Parfen Aleksandroviç Qotoanın redaktorluğu ilə nəşrə başlayan “Vozrojdeniye” qəzetinin bir növ başqa adda davamıdır. Belə ki, “Zakavkazye” qəzetindən əvvəl P.A.Qotoa Tiflis şəhərində 1905-1906-cı illərdə “Vozrojdeniye” qəzetini çıxarmışdır. Lakin 1906-cı ilin 25 fevralından etibarən polis təqibləri nəticəsində “Vozrojdeniye” qapanmış və həmin ilin 20 dekabrından başlayaraq yenə də P.A.Qotoanın redaktorluğu ilə “Zakavkazye” başlığı altında nəşrə başlanılmışdır. İstər “Vozrojdeniye”, istərsə də onun davamı olan “Zakavkazye” qəzetləri gürcü sosialist-federalist inqilabçılar partiyasının mətbu orqanları idi. Həmin dövrdə Parisdə bu siyasi təşkilatın “Sakartvelo” (Gürcüstan) adlı mətbu orqanı da nəşr olunurdu. Gürcüstanın milli azadlığına nail olmaq məqsədilə bu partiyanın 1902-ci ildə Parisdə ilk qurultayı çağırılmışdı.
“Vozrojdeniye” və “Zakavkazye” qəzetlərinin müsəlman şöbəsinə müxtəlif illərdə Cəlil Məmmədquluzadə, Hüseyn Minasazov, Eynəli bəy Sultanov və Həmzət bəy Qabulov Şirvanski rəhbərlik etmişlər. “Zakavkazye” qəzeti Azərbaycan klassik ədəbiyyatını da öz səhifələrində demokratik mövqedən işıqlandırmışdır. Bu sahədə Həmzət bəy Qabulov Şirvanski və Eynəli bəy Sultanov xüsusilə fərqlənmişlər.
Qəzetin səhifələrində dərc olunan ayrı-ayrı məqalələrdə Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin, Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs olunmuş, onların əsərlərindən nümunələr verilmişdir. Həmçinin qəzetdə ilk dəfə olaraq Mirzə Fətəli Axundovun anadan olmasının 100 illiyi və Nəcəf bəy Vəzirovun ədəbi-ictimai fəaliyyətinin 40 illiyi münasibətilə də silsilə məqalələr dərc edilmişdir.
“Zakavkazye”qəzeti yaxın keçmişdə yaşamış sənətkarlarla yanaşı, öz səhifələrində Azərbaycanın qədim dövr şairləri haqqında maraqlı məqalələr də dərc edirdi. Bu cəhətdən qəzetdə Həmzət bəy Qabulov Şirvanskinin çap etdirdiyi “Böyük şairin kölgələri” (Nizami) adlı məqaləsi klassik Azərbaycan ədəbiyyatının rus oxucuları arasında təbliği baxımından son dərəcə qiymətli idi. Çünki böyük mütəffəkir Nizami Gəncəviyə həsr edilmiş bu məqalə özünün elmiliyi, faktların tam dürüstlüyü ilə verilməsi, həmçinin şairin həyatının və yaradıcılıq qaynaqlarının oxuculara dəqiqliklə çatdırılması baxımından seçilirdi. Məqalə müəllifi böyük şairin təvəllüd və vəfat tarixlərini də doğru göstərirdi. O, Nizaminin fars şairi olması haqqındakı yanlış elmi mülahizələri rədd edərək əsaslandırırdı ki, dahi şairin anadan olduğu və yaşadığı yer Gəncə şəhəri olmuş və onun ziyarətgaha çevrilmiş məqbərəsi də hazırda Gəncədədir. Şirvanski Nizami Gəncəvinin böyük zəkaya malik olmasını rus oxucularına çatdırmaq üçün yazırdı ki, əvvəllər lirik şair kimi şöhrət qazanan Nizaminin hazırda 20 min beytlik divanından müəyyən bir hissə əlimizə gəlib çatmışdır. Bu əsərlər onun fitri istedada, mühüm problemlər həll etmək iqtidarına malik olduğunu sübut edir. Müəllif daha sonra Nizaminin ədəbi irsinin Avropa və Asiya ölkələrində geniş yayılmasını, Peterburq, London, Leypsiq, Kəlküttə, Luknov, Lahor, Təbriz, Tehran və başqa yerlərdə özünə geniş oxucu kütləsi qazandığını qeyd edərək bildirirdi ki, bu cür bəşəri və dünyəvi şöhrət qazanan Nizami Gəncəvi yalnız Azərbaycan xalqının deyil, bütün İslam ölkələrinin şairidir. Müəllif yazırdı: “Nizaminin misli-bərabəri yoxdur. O, böyük romantik şairidir”.
H.Q.Şirvanskinin bu məqaləsinin böyük elmi dəyəri bir də onda idi ki, müəllif burada Nizamini Azərbaycan və bütün müsəlman aləmi intibahının böyük nümayəndəsi kimi təqdim edirdi. O, rus oxucularına xitabən yazırdı: “Oxucu, fikrən XII-XIII əsrlər müsəlman mədəniyyəti epoxasının ən yüksək kuliminasiya zirvəsinə gəlin.
Bütün yaradıcılıq sahələrində öz qüdrətli qələmləri ilə seçilən insanlara – alimlərə, yazıçı və şairlərə, musiqişünaslara, memar və sənətşünaslara rast gəlinir. Onlar tərəfindən görülən nəhəng işlər nəinki öz dövrünün, hətta gələcək əsrlərin və nəsillərin mənəvi qidası olmağa kifayət qədər bəs edər”.
H.Q.Şirvanski məqalədə Nizami Gəncəvinin yaşadığı dövrü əsl mənada intibah dövrü kimi səciyyələndirir və Azərbaycan ziyalılarını müsəlman aləmində intibahın olmasını öz əməyi fəaliyyətlərində sübut etməyə çağırırdı: “Esli, deystvitelno, mı imeem na eto pravo, to mı doljnı dokazat svoe probujdenie prejde vceqo vstupleniem v svoyu epoxu vozrojdeniya...”
Maraqlıdır ki, məqalənin yazıldığı 1909-cu ildə Nizami və intibah problemi Azərbaycan ədəbiyyatşünaslığında işlənməmiş bir mövzu idi və H.Q.Şirvanski ilk dəfə idi ki, bu mövzuya müraciət edirdi. Odur ki, “Zakavkazye” qəzetinin səhifələrində birinci dəfə olaraq ortaya atılmış bu problem həmin qəzetin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə, onun ictimai fikir tarixinə bəslədiyi xeyirxah münasibətini bir daha səciyyələndirir və müasir dövrümüzdə elmi ictimaiyyətin “Nizami irsi və Azərbaycan intibahı” problemini geniş miqyasda tədqiqə başladığı bir şəraitdə olduqca aktual və müasir səslənir. Doğrudan da, H.Q.Şirvanski tərəfindən vaxtilə irəli atılmış bu təşəbbüs hazırda müasir alimlərimizin diqqət mərkəzində dayanan ən aktual məsələ kimi dərindən tədqiq edilib öyrənilməkdədir. Xüsusilə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan KP MK-nın 1979-cu ilin yanvarında qəbul etdiyi “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında”kı qərarından sonra əvvəlki tədqiqat əsərləri də daxil olmaqla, Nizami və intibah problemi Azərbaycan alimlərindən Məmməd Cəfər Cəfərovun “Nizaminin fikir dünyası”, Rüstəm Əliyevin “Nizami və Azərbaycan renessansı”, Qəzənfər Əliyevin “Humanist konsepsiyanın tədqiqi”, Zümrüd Quluzadənin “Renessansın Şərq zəmini”, Azadə Rüstəmovanın “Lirikamız və intibah”, Əkbər Ağayevin “Azərbaycan intibahı problem deyil, həqiqətdir” adlı məqalələrində, o cümlədən Yaşar Qarayevin, Arif Hacıyevin, Xəlil Yusifovun və başqalarının monoqrafiyalarında daha ətraflı şəkildə tədqiq edilərək öz elmi qiymətini almaqdadır.
İntibah problemi ilə yanaşı, H.Q.Şirvanskinin məqaləsində Nizami Gəncəvinin yaradıcılığı haqqında da maraqlı fikirlər irəli sürülürdü. Müəllif “Leyli və Məcnun” və “İsgəndərnamə” poemalarının üzərində dayanaraq bu iki əsərin “Xəmsə”də xüsusi yer tutduğunu və ədəbi-ictimai arenada böyük əks-səda doğurduğunu qabarıq şəkildə nəzərə çatdırır və haqlı olaraq “Leyli və Məcnun”nu Şərqin “Romea və Cülyetta”sı adlandırırdı. Doğrudan da, ilk dəfə Nizami Gəncəvi tərəfindən qələmə alınan “Leyli və Məcnun” dastanı zəmanəmizə qədər bir çox xalqların, o cümlədən Azərbaycan xalqının yazıçı və şairlərinin, bəstəkar və musiqişünaslarının, kinematoqraflarının dönə-dönə müraciət etdikləri ədəbi mövzu olmuşdur. Təsadüfi deyildir ki, Nizami tərəfindən qələmə alınmış bu əsərə görkəmli ədəbiyyatşünas-alim Məmməd Arif öz tədqiqatlarında yüksək qiymət verərək yazırdı: “Məhəbbət mövzusunu Nizami üçüncü əsəri olan “Leyli və Məcnun” poemasında, yaradıcılığının ən coşqun illərində işləmişdir. Şərqin Romeo və Cülyettası olan Leyli və Məcnun haqqında rəvayət çox qədimdir. Lakin Nizami bu qədim xalq əfsanəsini yeni motivlər, fikirlər və epizodlarla zənginləşdirmiş, dünya ədəbiyyatına çox orijinal bir əsər vermişdir”.
Bu fakt bir daha sübut edir ki, H.Q.Şirvanski poemaya yüksək qiymət verdiyi zaman öz mülahizələrində yanılmamışdır.
Məqalədə diqqəti vacib bir məsələyə də cəlb edilir ki, bu da Nizami məqbərəsinin acınacaqlı olması və onun abadlaşdırılmasının zəruriliyi idi. Müəllif ürəkağrısı ilə yazırdı ki, 800 ilə yaxın xalq tərəfindən mühafizə olunan bu məqbərəni tarixi bir abidə kimi bərpa etmək vacibdir. Həmzət bəy Qabulov bu fikirləri ilə vaxtıilə “Molla Nəsrəddin” jurnalının bu sahədə qaldırmış olduğu təşəbbüsü bir növ yenidən canlandırırdı. Çünki bu haqda əvvəllər “Molla Nəsrəddin” jurnalı da məsələ qaldırmış, hətta məqbərənin təmiri üçün ianə də toplanılmışdır. Jurnalın bu xeyirxah təşəbbüsü bir sıra mütərəqqi fikirli şəxslər tərəfindən rəğbətlə qarşılanmış, həmçinin Mirzə Məhəmməd Axundovun müəllifliyi ilə Gəncədə “Şeyx Nizami” adlı xüsusi kitabça buraxılmışdı. Az müddət içərisində həmin kitabça satılmış, lakin təəssüf ki, istər “Molla Nəsrəddin” jurnalı, istərsə də “Şeyx Nizami” kitabçası vasitəsilə əldə edilən vəsait heç bir səmərə verməmişdir. Odur ki, “Molla Nəsrəddin”dən sonra bu təşəbbüsü yenidən qaldıran H.Q.Şirvanski öz məqaləsini Nizami haqqında zəruri tələblərlə yekunlaşdırırdı.
H.Q.Şirvanski ilə yanaşı, E.Sultanov da Nizami məqbərəsinin abadaşdırılmasının zəruriliyini bildirir və“Zakavkazye” qəzetində çap etdirdiyi “Moqila Şeyx Nizami” (“Şeyx Nizaminin məqbərəsi”) adlı yazısında diqqəti bir nəfər gəncəli müxbirin “İqbal” qəzetində dərc etdirdiyi məqaləyə yönəldirdi. E.Sultanovun məlumatına görə, məqalədə Nizaminin ömrünün çox hissəsini İranda keçirməsi və orada təhsil alması haqqındakı yalnış mülahizələrinə baxmayaraq, gəncəli müxbir “İqbal”ın oxucularına bildirirdi ki, “Şeyx Nizami” kitabçası böyük şairə heykəl qoyulması və onun məqbərəsinin abadlaşdırılması məqsədilə nəşr olunub satılmışdır. Lakin bu vaxtadək kitabçadan əldə olunan vəsait nədənsə abadlaşdırma işlərinə sərf edilməmişdir. E.Sultanov bildirirdi ki, gəncəli müxbir həmin vəsaiti Nizami məqbərəsinin abadlaşdırılmasına sərf edilməsini qətiyyətlə tələb edir.
XX əsrin əvvəllərində rusdilli mətbuatda dahi klassik şairimiz Nizami haqqında dərc olunmuş məqalələrin tədqiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi baxımından da əhəmiyyətli və aktualdır.
Əsgər QƏDİMOV
filologiya elmləri doktoru, professor