Muxtar respublikanın mədəniyyət müəssisələri tərəfindən iyul ayında da müxtəlif tədbirlər keçirilmişdir. Həmin tədbirlərdən biri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında N.V.Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi ilə Azərbaycan milli teatr tarixinə parlaq və şərəfli səhifələr yazmış Naxçıvan teatrının 138-ci mövsümünün başa çatması olmuşdur.
Həmçinin ötən ay Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təşkilatçılığı ilə görkəmli ədib Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində ev-muzeyinin yaradılmasının 40 illiyinə həsr olunmuş tədbir keçirilmiş, Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə muxtar respublikada “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin Heydər Əliyev Sarayında keçirilən açılış tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin və “Şərur” Xalq Yallı Ansamblının iştirakı ilə maraqlı konsert proqramı təqdim edilmişdir. İyulun 27-də “Zəfər Düşərgəsi”nin iştirakçıları üçün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri əsasında hazırlanmış “Nizami Gəncəvi – 880” adlı kompozisiya nümayiş olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün ötən ay 2 yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların yay tətili günlərində asudə vaxtının səmərəli təşkili məqsədilə aid təşkilatlarla birgə bu qəbildən olan uşaqların muzeylərə 4 ekskursiyası təşkil edilmiş, Naxçıvan Dövlət Film Fondunda onlar üçün 4 film nümayiş olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarənin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. İyul ayında muxtar diyarımızda fəaliyyət göstərən muzeyləri 30 min 274 yerli, 3 min 254 əcnəbi olmaqla, ümumilikdə, 33 min 528 tamaşaçı ziyarət etmiş, muzeylərə 251 yeni eksponat daxil olmuşdur.
“Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən kitablardan bir neçəsinin iyul ayında muxtar respublikanın kitabxanaları tərəfindən 20 müzakirəsi keçirilmiş, ay ərzində Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşmiş Kitabxana sistemləri tərəfindən ədəbi şəxsiyyətlərin yubileyləri, eləcə də əlamətdar və tarixi günlərlə bağlı 14 tədbir təşkil edilmiş, 20 sərgi nümayiş olunmuşdur. İyul ayında muxtar respublikanın kitabxanaları tərəfindən 23 sağlamlıq imkanları məhdud uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Ay ərzində muxtar respublikanın kitabxanalarına 416 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 8 min 149, kitab verilişi isə 38 min 219 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 702 adda kitab işlənərək onların sayı 25 min 595-ə çatdırılmışdır. Şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 30 olmuşdur ki, bununla da şəbəkədəki kitabların sayı 3 min 431-dən 3 min 461-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 131 lokal, 379 qlobal olmaqla, 510 oxucu istifadə etmişdir.
İyul ayında Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivləri tərəfindən Ağbulaq İstirahət Mərkəzində şəhid, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı ailələrin uşaqları və gənclər üçün təşkil olunmuş “Yay məktəbi”nin iştirakçılarına konsert proqramları təqdim edilmişdir.
Ötən ay Film Fondu tərəfindən xüsusi kateqoriyadan olan uşaqlar üçün 4, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri üçün 2, muxtar respublika sakinləri üçün isə Naxçıvan şəhərindəki “Əyləncə adası” istirahət mərkəzində açıq havada 8 olmaqla, 14 film nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti