Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi – 50
Uzun və mürəkkəb inkişaf yolu keçən müxtəlif sənət növləri birlikdə vəhdət təşkil edərək incəsənət tariximiz haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Qədimdən formalaşan milli sənətlərimiz arasında ümumbəşəri səciyyə daşıyan rəssamlıq da özünəməxsus yer tutur. Bu sənətin tarixi çox qədimdir. Ayrı-ayrı dövrlərdə diyarımızda çox qüdrətli rəssamlar yetişib və rəssamlıq məktəbləri yaradılıb. Deyərdik ki, Azərbaycan rəssamları heç bir mənada dünyanın adlı-sanlı rəssamlarından geridə qalmır, əksinə, öz yenilikləri ilə çoxlarından öndə gedir. Sevindirici haldır ki, Azərbaycanda rəssamlıq sənətinin inkişafı, rəssamların sosial rifahının yaxşılaşdırılması üçün dövlət səviyyəsində böyük tədbirlər görülür. Elə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun martın 2-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam, yubileyin muxtar respublika rəhbərinin iştirakı ilə yüksək səviyyədə qeyd olunması da görülən işlərin davamıdır. Bu sənətin inkişaf etdirilməsi üçün ali təhsil ocaqlarında müvafiq ixtisaslar açılıb, tədris üçün hərtərəfli şərait yaradılıb. Yaradılan şərait gənclərimizin də rəssamlıq sənətinə marağını artırıb. Biz də məsələ ilə bağlı Naxçıvan Müəllimlər İnstitutuna yollandıq. Tələbələrinə rəngkarlığın sirlərini öyrədən və onlara bunu əyani şəkildə göstərən Rübabə İmamquliyeva rəssamlıq sənətinin kiçik nüanslarından danışdı.
Rübabə xanım qeyd etdi ki, bildiklərimi başqalarına öyrətmək mənə zövq verir. Bu mənada, tələbələrimin sevgisi, onların uğurları məni sevindirməklə yanaşı, işimə olan həvəsimi də artırır. Onların arasında özlərini doğruldan, gələcəyin rəssamları olacaq potensialda tələbələrimiz az deyil.
Müsahibim deyir ki, yaratdığım hər bir əsərə öz sevgimi qatıram. Bir əsəri bitirəndə çox sevinirəm, ancaq rənglər dünyasından ayrılmaq istəmirəm. Rəssam müşahidə edən, sirli və sehrli təsvirlər yaradan bir insandır. Bizi əhatə edən ətraf aləmdə baş verən hadisələri, varlıqları təsvir etmək üçün, düşünürəm ki, yüksək müşahidə qabiliyyəti olmalıdır. Mənim üçün hər rəngin öz gözəlliyi var. Ona görə də bütün rənglər mənə doğma və əzizdir.
Həmsöhbətim onu da bildirdi ki, tələbələrinin çoxu özlərini dekorativ-tətbiqi sənətə daha yaxın hiss edirlər. Mən də əlimdən gəldiyi qədər həm rəssamlıq, həm də dekorativ-tətbiqi sənət yönümündən tələbələrə köməklik edirəm. Onu da qeyd etmək yerinə düşər ki, insanın ilk öncə istedadı olmalıdır. İstedad olduqdan sonra təhsil şərtdir, vacibdir. Naxçıvan Muxtar Respublikasında gənc rəssamlar üçün hər cür şərait yaradılır. Etüdlər, sərgilər, beynəlxalq rəsm müsabiqələri təşkil olunur, gənc rəssamlar hər zaman önə çəkilir, onların bir sıra tədbirlərdə iştirakı təmin olunur.
Tənzilə İbadova institutun Təsviri incəsənət ixtisasında təhsil alan III kurs tələbəsidir. O deyir ki, incəsənətdən danışarkən, ilk növbədə, keçmişin dahi rəssamlarını fikirləşirəm. Çünki onların hər biri rəssamlığa öz töhfəsini verib. Həmin rəssamların yaradıcılıqları mənim sənət seçimimdə böyük rol oynayır. Peşəkar rəssam olmaq üçün çox işləmək lazımdır. Bu sənətin janrları arasında daha çox portret janrına müraciət edirəm. İnsanın üz cizgilərini çəkərkən onun daxili hisslərini, həyəcanlarını göstərməyə çalışıram. İnanıram ki, çox çalışsam, gələcəkdə böyük nailiyyətlər əldə edə biləcəyəm.
Təsviri incəsənət ixtisasının builki məzunu Abutalıb Həsənli ilə söhbət zamanı qeyd etdi ki, bu sənət sahəsi üzrə təhsil almağının əsas səbəblərindən biri dayısı Sabir Yusifzadənin çəkdiyi əsərlər olub: – Orta məktəbdə oxuduğum zaman yay tətillərində dayımgilə gedir, onun çəkdiyi əsərlərlə daha yaxından tanış olur, mən də öz balaca dünyama xas olan eksizlər çəkməyə çalışırdım. Rəssamlığa olan marağım məni Naxçıvan Müəllimlər İnstitutunda oxumağa, bu sahədə bacarığımı daha da təkmilləşdirməyə sövq etdi. Təhsil aldığım ocaqda bacarıqlı, istedadlı müəllimlərin, həmçinin rəsm çəkmək üçün hər bir avadanlığın olması, biz tələbələrin incəsənətin əsaslarını dərindən öyrənməyimizə böyük imkanlar açır.
Təranə Zaidova institutun II kurs tələbəsidir. Müsahibim bildirdi ki, rəssamlığa həvəsim uşaq yaşlarımdan yaranıb. Buna səbəb isə əmimin rəssam olmasıdır. İncəsənətə sevgim sonsuzdur, arzum özünü sənətdə tapan rəssam olmaqdır və bu yolda addım-addım irəliləyirəm. Janr olaraq kompozisiya işləməyə üstünlük verir, fərqliliyi sevirəm. Rəsm çəkərkən ətrafımdakı rənglərin, təbiətin, mənzərələrin gözəlliyi mənə həvəs verir. Qarşıma məqsəd qoymuşam ki, ixtisasım üzrə gələcəkdə müfəssəl biliklərə yiyələnim.
Söhbətlərdən belə nəticəyə gəlirik ki, rəssamlıq sənətinin inkişafına göstərilən qayğı, yarıməsrlik tarixə malik Naxçıvan Muxtar Respublikasının fəaliyyətinin, istedadlı rəssamlarımızın əməyinin muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilməsi gələcəyin sənətkarları olacaq gənclərimizə böyük stimul verib. Muxtar respublikada gənc rəssamlarımıza yaradılan hər cür şərait bundan sonra da onların biliklərinin artırılmasında və fəaliyyətlərinin genişləndirilməsində, o cümlədən onların inkişafında mühüm rol oynayacaq.
Aytac CƏFƏRLİ