22 Dekabr 2024, Bazar

Xalça Azərbaycan xalqının maddi və mədəni irsinin ən dəyərli komponentlərindən biridir. Tarixboyu Azərbaycan xalçaları öz rənga­rəngliyi ilə seçilmiş və xalqın milli təfəkkürünü təcəssüm etdirən bənzərsiz sənət nümunəsinə çevrilmişdir. Burada toxunan xalçalar özünəməxsus ornamentləri ilə dünya mədəniyyətini zənginləşdirmiş və müxtəlif dövrlərdə tanınmış səyyahların marağını bu qədim diyara cəlb edən vasitələrdən biri olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın”.

 

Naxçıvanda da uzun illər ərzində xalça sənəti sahəsində formalaşan təcrübə özünəməxsus xalçaçılıq məktəbinin yaranması ilə nəticələnmişdir. Naxçıvan xalçaçılıq məktəbi ölkəmizdə xalça sənəti sahəsində ənənələrin, bədii və texniki iş üsullarının öyrənilməsi və yaşadılmasında xüsusi rola malikdir. Xalçaçılıq sahəsində maddi-mədəni irsin qorunması və davamlı inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Pro­qramın icrası 2021-ci ilin ikinci rübündə də davam etdirilmiş, görülən işlər xalçaçılığın həm sənət, həm də iqtisadi baxımdan inkişafı üçün yeni imkanlar yaratmışdır.
Dövlət proqramında xalça sənəti sahəsində rəqabət qabiliyyətinin artırılması və daxili bazarın qorunması istiqamətində nəzərdə tutulan tədbirlər çərçivəsində Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin yaradılması xüsusi yer tutur. Ötən müddətdə qeyd edilən tapşırığın icrası istiqamətində işlər başa çatdırılmışdır. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışı ilə bağlı keçirilən tədbirdə iştirak etmişlər. Onu da qeyd etmək lazımdır ki, proqramın icrasından gözlənilən nəticələrdən biri xalçaçılıq sahəsində məşğulluğun artırılmasıdır. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialında 60-dan çox insanın işlə təmin olunması nəzərdə tutulan tədbirlərin uğurla davam etdirildiyini deməyə əsas verir.

Əllə toxunan xalçalar bu sahədə dəyərli sənət nümunələrinin meydana çıxması ilə yanaşı, sənətkarların bədii və texniki iş üsullarının öyrənilməsi və təbliği üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər Naxçıvan xalçaçılıq məktəbinə məxsus tarixi ənənələrin yaşadılaraq gələcək nəsillərə ötürülməsi baxımından böyük önəmə sahibdir. Proqramın icrasına uyğun olaraq aprel-iyun aylarında “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında 6, Cəlilkənd buzxanası və Naxçıvan Dövlət Xalça Muzeyinin hər birində 1 xalça toxunmuşdur. Əllə xalçatoxuma sahəsində unudulmaqda olan bədii və texniki iş üsullarının bərpası və inkişaf etdirilməsi məqsədilə “Ənənəni qoruyaq, evdə xalça toxuyaq!” adlı sosial layihə çərçivəsində 2 xalçaçı qadınla müqavilə bağlanılaraq xammal və avadanlıqlar verilmiş, milli çeşnilər əsasında xalça toxunmasına başlanılmışdır.

Muxtar respublikanın ali təhsil müəssisələrində də işlər davam etdirilmiş, Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Texnologiya mərkəzində fəaliyyət göstərən Toxuculuq kabinəsində 19 müxtəlifölçülü xalça, 6 kilim və 2 palaz nümunəsi toxunmuşdur. Bu dövrdə Naxçıvan Müəllimlər İnstitutunda xalça muzeyi yaradılmış, 1 milli ornamentli xalça toxunaraq muzeyə təhvil verilmişdir.
Toxunan xalçalarla yanaşı, bu sahədə elmi potensialın və kadr təminatının gücləndirilməsi də diqqəti cəlb edən məsələlərdəndir. Xalçaçılıq üzrə təhsil imkanlarının mövcudluğu həm bu sənətin tarixi sənətkarlıq ənənələrinə uyğun yaşadılması, həm də gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının təmin edilməsi üçün mühüm amildir. Muxtar respublikanın ali təhsil müəssisələrində xalq yaradıcılığının müxtəlif sahələrinin təbliği məqsədilə stimullaşdırıcı tədbirlərin təşkili və tələbələrin bu istiqamətdə zəruri biliklərə yiyələnməsi üçün lazımi şəraitin yaradılması, öz növbəsində, xalça sənətinin də inkişafına təkan verir. İkinci rübdə Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin birgə ərsəyə gətirdikləri xalça və tikmə nümunələrindən ibarət sərgi təşkil edilmişdir. Xovlu, xovsuz xalçalar, şəddə, vərni, kilim, cecim, duz torbası kimi növlərdə sərgilənən əl işlərində müxtəlif ornamentlər öz əksini tapmışdır. Həmçinin universitetin Elmi Şurasının 2021-ci il 30 aprel tarixli iclasında qəbul edilmiş Qərarla “Naxçıvan xalçaları və tikmələr” adlı dərs vəsaiti nəşr üçün tövsiyə olunmuşdur. Bununla yanaşı, Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin “Axtarışlar” elmi jurnalının 2-ci sayında nəşr olunan “Rəngkarlıq və qrafika əsərlərində Azərbaycan xalçalarının təsviri” adlı elmi məqalənin 2021-2022-ci tədris ilində Naxçıvan xalçaçılıq sənəti adlı fənnin tədris planına salınması məqsədəuyğun hesab edilmişdir.

Dövlət proqramının icrası məqsədilə peşə təhsilinin təşkili ilə bağlı işlər davam etdirilmiş, mayın 24-də Ordubad Texniki Peşə və Sürücülük Məktəbində xalçaçı kursu fəaliyyətə başlamışdır. Avqustun 30-dək davam edəcək kursa 15 müdavim cəlb edilmişdir. İkinci rübdə Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində xalçaçılıq dərnəyinin fəaliyyətə başlaması ilə muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrində uşaqların yaradıcılıq qabiliyyətlərinin milli-mənəvi dəyərlərə uyğun genişləndirilməsi istiqamətində növbəti addım atılmışdır.
Bu dövrdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən xalçaçılıq irsinin təbliği və unudulmaqda olan ənənələrin bərpası üçün maarifləndirici tədbirlərin təşkili də diqqətdə saxlanılmışdır. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Xalçaşünaslıq sektorunda Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tələbələri üçün seminar təşkil olunmuşdur. İkinci rübdə bölmə əməkdaşlarının “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı” və “Naxçıvanda toxuculuğun inkişafı” mövzusunda məqalələri çap edilmişdir.

Dövlət proqramının icrasının ilk illərində yaradılan əllə toxunmuş xalçaların reyestri sisteminə daxil edilmək üçün aprel-iyun aylarında 6 xalçanın pasportlaşdırılması istiqamətində iş aparılmışdır.
Proqramda nəzərdə tutulan və icrası ikinci rübdə başa çatdırılan tədbirlər muxtar respublikada xalça sənətinin keyfiyyətcə yeni mərhələyə daxil olmasının daha bir ifadəsidir.


“Şərq qapısı”

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR