24 Aprel 2024, Çərşənbə

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində uşaqların, gənclərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaqla yanaşı, inkişaf etdirmək üçün məqsədyönlü tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Mərkəzin əməkdaşları ümumtəhsil müəssisələrində olur, uşaqlar üçün dərnəkləri bilavasitə özündə əks etdirən tanıtım videoları nümayiş etdirir və onlarla söhbətlər aparırlar. Bununla yanaşı, sosial şəbəkədə mərkəzin “yaradıcılıq.merkezi” “Instagram” səhifəsi də fəaliyyət göstərir ki, bu da uşaqların mərkəz haqqında geniş məlumat toplamalarına imkan yaradır.

2019-2020-ci tədris ilindən etibarən mərkəzdə 14 yeni innovativ dərnək, 2021-ci ildə isə mərkəzdə hər cür müasir avadanlıqlarla təchiz olunan STEAM kabinəsi yaradılıb. Hazırda mərkəzdə 5 şöbədə 44 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərin fəaliyyəti ilə bağlı baza yaradılıb, otaqlar internet şəbəkəsinə qoşulmuş kompüter, elektron lövhələr və digər zəruri avadanlıqlarla təmin olunub.
Mərkəzin Kütləvi tədbirlər şöbəsinin tərkibində artıq iki ildir ki, fəaliyyətə başlayan dərnəklərdən biri də dram dərnəyidir. Şagirdlər bu dərnəyə cəlb edilərkən onların aktyorluq istedadı, səs diapazonu, müəyyən yaradıcılıq qabiliyyəti, hərəkət, yeriş və mimika kimi vacib olan bacarıqları nəzərə alınır. Dərnək üzvlərinə məşğələ zamanı tamaşada personajın səhnə hərəkətlərini yaratmaq, obrazın mənəvi dünyasını, onun xarakter cizgilərini göstərmək bacarığı da öyrədilir.
Dərnəkdə Azərbaycan və dünya ədəbiyyatına, şifahi xalq ədəbiyyatına, klassik və müasir ədəbiyyata, həmçinin “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan əsərlərə müraciət edirik.

Dərnəyin hər qrupunda 12 olmaqla, 24 üzvü var. 2019-2020-ci tədris ilindən etibarən tamaşaçılara təqdim edilən ilk səhnə əsəri vətənpərvərlik mövzusunda qələmə alınmış “Zəfər bizimlədir” adlı tamaşa olub. Tamaşamızın təqdimatı elə bir vaxta təsadüf olundu ki, biz bu tədbirlə birlikdə əsl zəfər sevincini yaşadıq. Çünki baş verən hadisələrin əksəriyyəti bu səhnədə tam əksini tapmışdı.
İkinci tamaşamız isə ssenarisini qələmə aldığım “Azərbaycanın tarix yazanları və bu tarixin şahidləri” adlı tamaşa oldu. Bir tamaşa adı altında yeddi səhnəcik hazırladıq. Xalqımızın tarix yazanları, yəni Azərbaycanın öz obrazı, bayrağı, ordusu, əsgəri, şəhidi, torpağı və bu tarixin şahidləri – xalqı, şəhid anası, əsgər anası, Azərbaycan qadını, Azərbaycan dili, sevgisi, təbiəti, nəğməsi, hətta Şuşanın simvolu olan xarıbülbül də səhnələşdirildi.
Növbəti tamaşamız Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin “Ana” əsəri oldu. Böyük həvəslə hazırladığımız tamaşa ilə “Məktəblilərin dram müsabiqəsi”ndə iştirak etdik və məktəbdənkənar tərbiyə müəssisələri arasında uğur qazanaraq ikinci yerə layiq görüldük.
Aprel ayının 13-də Təhsil Nazir­liyinin təşkilatçılığı ilə “Ana” dramını və vətənpərvərlik mövzusunu əhatə edən “Ana, mən şəhid oldum” və “Azərbaycan qazisi” adlı səhnəcikləri məktəblilərə təqdim etdik. Tamaşaya qoyduğumuz hər üç səhnə böyük maraqla qarşılandı.
Xüsusi vurğulamaq istərdim ki, bu gün muxtar respublikamızda məktəblilərin, tələbə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif layihələrə start verilir. Bu layihələrin reallaşmasında məktəbdənkənar müəssisələr də fəallıq göstərirlər. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi isə bu sırada öndə gedir. Artıq yay tətili günləri olduğu üçün belə ünvanlara məktəblilərin axını güclənib. Gələcəyimizi etibar edəcəyimiz gənc nəslin dövlətimizə, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunmaları, sağlam böyümələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şəraitdən istifadə etməsində hamımız maraqlıyıq. Ona görə də şəhərimizin bütün məktəblərinin şagirdlərini mərkəzimizə dəvət edirik.

Təranə MİRZƏYEVA
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin rəhbəri

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR