Muxtar respublikanın mədəniyyət müəssisələri tərəfindən may ayında da müxtəlif tədbirlər keçirilmişdir. Ötən ayın ən yaddaqalan hadisələrindən biri Azərbaycan milli teatr tarixinə parlaq səhifələr yazmış Naxçıvan teatrının yaradılmasının 138-ci ildönümünün qeyd edilməsi olmuşdur. Bu münasibətlə mayın 11-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında səhnələşdirilmiş “Nizaminin sirlər xəzinəsi” adlı tamaşanın onlayn premyerası keçirilmiş, tamaşa Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.
Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 200-dən çox maddi mədəniyyət nümunəsi Mədəniyyət Nazirliyinə təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, eləcə də Kitabxanaçılıq və informasiya ixtisaslarında təhsil alan tələbələri üçün Naxçıvan Dövlət Xalça Muzeyində və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında müvafiq mövzularda 2 açıq dərs keçilmişdir. Həmçinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin III kurs tələbələrinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri təmin edilmişdir.
Ötən ay muxtar respublikanın muzeylərini 34 min 529 nəfər yerli, 850 nəfər əcnəbi olmaqla, ümumilikdə, 35 min 379 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 85 yeni eksponat daxil olmuşdur. Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Heydər Əliyev Muzeyində “Ömrünü Vətənə həsr etmiş dahi şəxsiyyət – Heydər Əliyev” və Naxçıvan Dövlət Rəsm Qalereyasında “Azərbaycanın dilbər guşələri” mövzularında açıq dərslər keçilmişdir. Qeyd edək ki, may ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 46 açıq dərs keçilmiş, 1 mühazirə oxunmuşdur.
Hesabat ayında muxtar respublikanın kitabxanaları və klub müəssisələri tərəfindən “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, “İslamda müdrik kəlamlar” kitabı, Sədi Şirazinin “Gülüstan” əsəri, Cek Londonun “Hekayələr”i və digər kitablar olmaqla, 35 kitab müzakirəsi keçirilmişdir. Ötən ay muxtar respublikanın kitabxanalarında tarixi və əlamətdar günlərlə, həmçinin tanınmış şəxsiyyətlərin doğum və anım günləri ilə bağlı 89 mədəni tədbir keçirilmiş, 51 sərgi nümayiş etdirilmiş, sağlamlıq imkanları məhdud 21 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Ötən ay kitabxanalarda yeni oxucu sayı 469, oxucu gəlişi 7 min 789, kitab verilişi isə 38 min 120 nüsxə olmuşdur. Dövr ərzində elektron kataloqa 701 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 23 min 491-dən 24 min 192-yə çatdırılmışdır. Həmçinin şəbəkəyə 31 kitab (PDF) işlənməklə şəbəkədəki kitabların sayı 3 min 401 olmuşdur. Ay ərzində elektron kitabxanadan 190 lokal, 378 qlobal olmaqla, 568 oxucu istifadə etmişdir.
May ayında nazirliyin gənclər təşkilatının və tabe müəssisələrin gənclər birlikləri üzvlərinin iştirakı ilə keçirilmiş mədəni-kütləvi tədbirlər, həmçinin gənclər tərəfindən hazırlanmış və Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizaminin beşliyinə səyahət” adlı kompozisiyanın nümayişi yaddaqalan olmuşdur.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir sıra tamaşaların məşqləri davam etdirilmişdir.
May ayının ən əlamətdar hadisələrindən biri də Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyünün Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində keçirilmiş “Xarıbülbül” musiqi festivalında iştirakı olmuşdur. Bundan başqa, filarmoniyanın Mahnı və Rəqs Ansamblı ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında konsert proqramı ilə çıxış etmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti