“Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız özünəməxsus inkişaf yolu keçmiş, xalqımızın sosial-mədəni tərəqqisində mühüm rol oynamışdır. “Şərq qapısı” qəzeti də bir əsrlik tarixi boyunca milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, Azərbaycanın, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-mədəni inkişafında özünəməxsus xidmətləri ilə seçilmişdir. Respublikamızın ən qocaman mətbu orqanlarından biri olan “Şərq qapısı” qəzeti nəşrə başladığı ilk gündən muxtar respublikanın bütün xalq təsərrüfatı sahələrinin, həmçinin maarif, mədəniyyət və səhiyyənin əsas təbliğatçı və təşviqatçısı olmuşdur.
Bu il doğma qəzetimizin yüz yaşı tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bütün mətbuat işçiləri və qəzetin daimi oxucuları tərəfindən sevinclə qarşılanmışdır. Bu Sərəncam təkcə “Şərq qapısı” qəzetinə və onun əməkdaşlarına deyil, muxtar respublikamızda işıq üzü görən bütün şəhər və rayon qəzetlərinə, həmçinin bütün mətbuat işçilərinə verilən yüksək dəyərin ifadəsidir.
Sərəncamda da qeyd olunduğu kimi, “Şərq qapısı” qəzeti Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüş, 50 illik yubileyi qeyd olunmuşdur. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur.
“Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir”, – deyən ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə kütləvi informasiya vasitələri üzərindən senzuranın götürülməsi “Şərq qapısı” qəzetinin də tarixində yeni bir səhifənin açılmasına səbəb olmuş, müstəqillik illərində inkişafının ən yüksək pilləsinə yüksəlmişdir.
Bu gün də respublikamızın ana mətbuat orqanı olan “Şərq qapısı”nı hamı sevir, hər kəs sevə-sevə oxuyur. Bu doğma qəzet muxtar respublikamızda yaşayan və fəaliyyət göstərən bütün ziyalıların hər gün ilk olaraq səhifələdiyi, maraqla oxuduğu ən etibarlı informasiya mənbəyidir. Naxçıvan Muxtar Respublikasında yaşayan və elm, mətbuat, ədəbiyyat, mədəniyyət, incəsənət sahələrində çalışan, bu sahədə müəyyən uğurları olan elə bir ziyalı tapılmaz ki, onu “Şərq qapısı” qəzeti ilə bağlayan bağ olmasın. Bu mənada, hər bir naxçıvanlı alimin, jurnalistin, şairin, yazıçının, musiqişünasın, rəssamın, heykəltəraşın bu qəzetlə bağlı mütləq xoş bir xatirəsi vardır. Kiminsə ya ilk məqaləsi, ya ilk şeiri, ya ilk hekayəsi məhz bu qəzetdə dərc olunaraq əbədiləşib, ya da hər hansı bir uğurumuz haqqında bu qəzetdə söz açılıb. Hətta vaxtilə bu qəzetin səhifələrində yer alan hər hansı bir yazıda adımızın çəkilməsi belə, bizlərə sonsuz sevinc, qürur və fərəh bəxş edib.
Bu mənada, məni də bu doğma qəzetə qəlbən bağlayan xoş xatirələrim var. Düzdür, bir şair kimi, mənim ilk şeirim 1991-ci ildə rayonumuzun mətbu orqanı olan “Şərqin səhəri” qəzetində işıq üzü görüb. Ancaq ilk məqalələrimin ilk ünvanı məhz “Şərq qapısı” olub. Elə həmin ildən – 15 yaşımdan başlayaraq orta məktəb şagirdi olaraq tez-tez qəzetin poçt ünvanına məktublar göndərər, çox vaxt göndərdiyim yazıları elə həmin həftə qəzetin səhifələrində sevinclə oxuyardım. Maraqlısı isə o idi ki, bu yaşda belə yazdığım yazıların əksəriyyəti replika xarakterli olur, narahatlıq doğuran, həllinə ehtiyac duyulan məsələlərdən bəhs olunurdu. Müstəqilliyimizin ilk illərində bu cür problemlərin olduğu isə hamımıza bəllidir. Yaşadığım Babək rayonunun Güznüt kəndində o zaman mövcud olan məktəb probleminin həlli istiqamətində məhz mənim bir yazımdan sonra ciddi addımların atılması bu gün də məni qürurlandırır. Müstəqillik illərində Naxçıvanda tikilən ilk orta məktəb binası kimi də tarixə düşən Babək rayon Güznüt kənd tam orta məktəbi son illərdə inşa olunan çoxmərtəbəli təhsil müəssisələri fonunda birmərtəbəli olması ilə diqqəti cəlb etsə də, məhz mənim “Şərq qapısı” qəzetində dərc olunan məqaləmdən sonra tikildiyi üçün bu gün də gözümdə ən uca məktəb binasıdır.
Orta məktəbin sonuncu siniflərində oxuyarkən, xüsusən 1993-cü ildə “Şərq qapısı” ilə əlaqələrim daha da sıxlaşdı. Jurnalist olmaq eşqi ilə yaşadığımı bilən müəllimlərim bu ixtisasa qəbul olunduğum təqdirdə bu günədək çap olunmuş məqalələrim haqqında hesabat tələb olunacağını bildirmişdilər. Ona görə də daha çox yazır, daha çox çap olunmağa çalışırdım. Bu işdə “Şərq qapısı” qəzeti bir müəllim kimi mənə çox böyük stimul verir, məni öyrədir, get-gedə püxtələşdirirdi. “Şərq qapısı” qəzeti bu gün də bu missiyanı uğurla yerinə yetirir. O bu gün də muxtar respublikamızda Jurnalistika ixtisası üzrə təhsil alan gəncləri öyrədir, onlara həqiqi mənada sənət dərsi verir. Artıq on üç ildir, “Nuh yurdu” qəzetinin redaktoru vəzifəsində çalışan bir mətbuat nümayəndəsi olaraq deyə bilərəm ki, biz bu gün də “Şərq qapısı”ndan öyrənirik. Bu gün də qəzetçiliyin, tərtibat işinin, redaktə işinin sirlərini, redaktorluğun hansı məsuliyyətlər yaratdığını, oxucu qarşısına üzüağ çıxmağın yollarını öyrənirik. Bu mənada, “Şərq qapısı” böyük bir məktəbdir. Elə bir məktəbdir ki bu məktəbdən məzun olsan da, ömürboyu onun ustad dərslərinə ehtiyac duyursan, təcrübəsindən yararlanırsan. Bu mənada, bu gün muxtar respublikamızda mətbuat sahəsində çalışan bütün mətbuat işçiləri, respublikamızın digər bölgələrində fəaliyyət göstərən bir çox jurnalist həmkarlarımız “Şərq qapısı” məktəbində aldıqları dərsə görə hər zaman ona minnətdardırlar.
“Şərq qapısı”nın bir məktəb kimi formalaşmasında bu mətbu orqana dövlət səviyyəsində göstərilən diqqət və qayğının böyük rolu olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı ilə muxtar respublika mətbuatının, həmçinin “Şərq qapısı” qəzetinin inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. 2005-ci ilin iyulunda “Şərq qapısı” qəzetinin fəaliyyətinin daha da yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Ali Məclis Sədrinin Sərəncamı isə mətbuata göstərilən qayğının daha bir nümunəsi oldu. Daha sonra “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adının təsis olunması bütün mətbuat işçiləri kimi, bu qəzetin də əməkdaşlarına böyük stimul verdi. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleksin istifadəyə verilməsi, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün müasir avadanlıqların alınması bu qayğının davam etdiyini bir daha təsdiqlədi. Medianın əhəmiyyətini hər zaman yüksək qiymətləndirən ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi ilə bağlı Sərəncamı müstəqilliyimizin və dövlətçiliyimizin təbliğatçısı olan “Şərq qapısı” qəzetinə göstərilən növbəti qayğının ifadəsi oldu.
2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması da “Şərq qapısı” qəzetinin peşəkarlıq fəaliyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynamışdır. “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur.
“Şərq qapısı” qəzeti 100 illik fəaliyyəti ilə muxtar respublikamızda işıq üzü görən bütün mətbu orqanlara, şəhər və rayon qəzetlərinə nümunə olmaqla yanaşı, bu gün həm də dövlətçiliyimizin və müstəqilliyimizin təbliğatçısı rolunu oynayır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan “Nuh yurdu” qəzetinin əməkdaşları adından “Şərq qapısı” qəzetinin kollektivini qəzetin 100 illik yubileyi münasibətilə təbrik edir, dövlətçiliyimizin və müstəqilliyimizin inkişafındakı bu yolda ona daha böyük uğurlar arzulayırıq.
Qafar QƏRİB
“Nuh yurdu” qəzetinin redaktoru