Rəssamlıq-təsviri incəsənətin ən qədim növlərindən biridir. Rəssamlıq-müəllifin xəyalı və ya texniki bacarığını ifadə edən, düşüncə və emosional gücünü ortaya çıxaran fəaliyyət sahəsidir. Rəssamlıq-yeniliyi görmə üsulundan, fərqli ifadə tərzindən, çox vaxt isə, sadəcə, yaratmaq eşqindən formalaşan bir sənətdir. Ona görə də bu sənət izah edir, öyrədir, informasiya verir. Bu sənət həyəcanın, gücün və sevginin ifadə tərzi də, bütün dünyaya bir mesaj da ola bilər – siyasətə, barışa, müharibəyə və ya gözəlliyə dair. Bəzən də, qaçış, idealizasiya və ya sadəcə, oyun vasitəsi ola bilər. Beləliklə, qələmi, boya fırçasını, pasteli əlinə aldığında onlar səni istədiyin yerə aparır. Bu zaman isə irəliləmək istədiyin yolu seçir, həyatı öyrənir və kəşf edirsən...
Bu gün muxtar respublikamızda mədəniyyətin bir çox sahələrində olduğu kimi, incəsənətin bir növü olan rəssamlıq sahəsində də nailiyyətlər, uğurlar əldə edilir. Diyarımızda peşəkar rəssam kimi yetişmək, bu sənətlə məşğul olmaq istəyən gənc istedadlar kifayət qədərdir və onların yaradıcı fəaliyyətinə də hər cür şərait yaradılıb. Heç şübhəsiz ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin qeyd edilməsi muxtar respublikamızda rəssamlığın inkişafı, gənc rəssamların istedadlarının üzə çıxarılması, onların tanınması, yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasına böyük bir qayğıdır. Həmsöhbət olduğumuz Fəxriyyə Qədimbəyli bu sənət sahəsində fəaliyyət göstərən gənc istedadlarımızdan biridir. Fəxriyyə 1995-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasını bitirib. Uşaqlıqdan qələmlə kağız üzərində müxtəlif rəsmlər qaralayan müsahibim bu gün muxtar respublikamızda təşkil edilən rəsm sərgilərində, müsabiqələrdə iştirak edir, uğurlar qazanır. Ailəsinin ona həmişə motivasiya və dəstək verdiyini deyir. Beləliklə, o, daha da həvəslənir və bu sənətə bağlanır. Fəxriyyə 2008-2010-cu illərdə muxtar respublikamızda fəaliyyət göstərən Estetik Tərbiyə Mərkəzində “Rəsm studiyası”nın üzvü, 2010-2012-ci illərdə Texniki Yaradıcılıq Mərkəzində “Texniki rəsmxət” dərnəyinin üzvü kimi fəaliyyətini genişləndirir, daha çox öyrənir, öz üzərində çalışır.
Ona ilk sualım belə oldu: – Sən necə rəsm çəkirsən? Müsahibimin bu suala cavabı sadə idi: – Görürəm, hiss edirəm və fırça ilə həyat verirəm. Fəxriyyə deyir ki, rəssamlıqda söz deyə bilmirsən, gördüklərini və hiss etdiklərini rəngləyirsən. Rəsmi gözəl və maraqlı edən də onu izlədiyində ötürdüyü duyğular və hisslərdir. Fəxriyyə müxtəlif janrlarda – mənzərə, natürmort, portret, süjetli əsərlər, həmçinin yandırma, müxtəlif tikmə üsulları ilə də gözəl əsərlər yaradır. Təsviri incəsənət əsərlərini yaradarkən akvarel, quaş, palitra, fırçadan istifadə edir. Müsahibim deyir ki, təsviri incəsənətin bütün növlərində – dekorativ-tətbiqi sənət, boyakarlıq, qrafika, heykəltəraşlıq üzrə işləyir. – Yaradıcılığımda müxtəlif mövzular və fərqli texnikalarda işlənmiş natürmortlara, kompozisiyalara üstünlük verirəm. Çəkdiyim rəsmlərdə özünəməxsusluğu ortaya qoymağa çalışıram...
Fəxriyyənin rəsmlərinə göz gəzdirirəm. Bu əsərlər rənglərin yüksək zənginliyi və kolorit vahidliyi ilə seçilir. Natürmortları kompozisiya quruluşuna, özünəməxsus ifadəsinə görə fərqlənir. Kompozisiyalarında qəhrəmanlıq, tarixi hadisələr, Azərbaycançılıq, sülh və türkçülük, ümumiyyətlə, vətənpərvərlik mövzuları daha çox yer alır. Rəngkarlıq sahəsində yağlı boya ilə çəkdiyi “Velosipedli qız”, “Etüdə hazırlaşan rəssam qız”, “Xocalı”, “Almalarla natürmort”, “Narlar” və sair diqqəti cəlb edir. Rəssamlığın çətin janrlarından sayılan qrafika sahəsində qara qələm və sulu boya ilə çəkdiyi “Çay dəsgahı”, “Məişət əşyaları” rəsmləri və digər əsərləri göstərir ki, onun qrafik sənət dili sadədir, orijinaldır və müəllifin həyat müşahidələrindən irəli gələrək çəkilib. Dekorativ-tətbiqi sənət sahəsində toxuma və taxta üzərində həkk edilmiş təsvirləri – “Buta”, “Quş yuvası” əsərləri maraqlı olmaqla bərabər, ipək saplarla işlənmiş “Azərbaycan-Türkiyə” əsəri bir millət, iki dövlətin birliyini, qardaşlığını ifadə edir. Portret janrında yaratmış olduğu sənət müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın portreti, eləcə də xüsusi texnika – ağac üzərində yandırma üsulu ilə işlənmiş əsərləri gənc rəssamın yaradıcılıq uğurları kimi qiymətləndirilə bilər.
Öyrənirik ki, Fəxriyyə Qədimbəylinin Naxçıvan Dövlət Universitetində təhsil aldığı illərdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına həsr edilmiş fərdi sərgisi də açılıb. O bildirir ki, fərdi sərginin təşkilində, eləcə də bir rəssam kimi formalaşmasında müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın rolu çox böyükdür. – Fərdi sərgimin açılması həm də muxtar respublikamızda mənim kimi müxtəlif sənət sahələri ilə məşğul olan gənclərə göstərilən diqqət və qayğının nümunəsi, eləcə də bizim cəmiyyətə təqdim olunmağımızda, özümüzü inkişaf etdirməkdə və istedadımızın ön plana çıxarılmasında mühüm rol oynayır. Fəxriyyə məktəbdə, universitetdə təhsil aldığı illərdə də muxtar respublikamızda keçirilən rəsm müsabiqələrində, yarışmalarda iştirak edərək uğurlar əldə edir. Onun uğurlarına misal olaraq, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən rəsm müsabiqəsində, Naxçıvan Dövlət Universitetinin təşkil etdiyi Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş karikatura sərgisində, eləcə də “Söz xəzinəmiz – İmaddədin Nəsimi, böyük ədib – Mirzə Cəlil” adlı yaradıcılıq müsabiqəsində, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin keçirdiyi “Naxçıvan-95”, 20 Yanvar faciəsinə həsr olunmuş rəsm müsabiqələrində müvəffəqiyyət qazanıb.
Fəxriyyə deyir ki, hədəfimiz həyatımızı idarə edir. Səylə çalışmaqla istənilən hədəfə nail olmaq mümkündür. Hər zaman ətrafdan ilham alıram və həyata fərqli baxıram. Arzularımı reallaşdırmaq üçün bundan sonra da əzimkarlıqla çalışacağam.
Biz də gənc rəssama bundan sonrakı fəaliyyətində, məqsədinə gedən yolda uğurlar arzu edirik.
Güntac ŞAHMƏMMƏDLİ