“Minilliyin Festivalı” (“Fiestalonia Milenio”) adlı Beynəlxalq İncəsənət Festivalı qeyri-kommersiyalı yaradıcı kollektivlərin (xor kollektivləri, orkestrlər, instrumental ifaçılar, xoreoqrafiya, klassik musiqi, solo oxuma yarışları, folklor festivalları və sair) iştirak etdiyi dünya miqyaslı festivallardan biridir.
Həmin müsabiqələrin davamı kimi 2021-ci ilin may ayında ABŞ-ın Nyu-York şəhərində “Fiestalonia Amerikan Edition” adlı Beynəlxalq Distant Yaradıcı İnsanlar Müsabiqəsi təşkil olunmuşdur. Bu beynəlxalq müsabiqəyə Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin qanun ixtisası üzrə müəllimi, dəfələrlə muxtar respublika səviyyəli müsabiqələrin qalibi, 2008-ci ildə Bakı şəhərində keçirilmiş “Gənc ifaçıların ümumrespublika müsabiqəsi”ndə “Qran-pri”, 2019-cu ildə keçirilmiş “Testene Art Baku” III Beynəlxalq İncəsənət Festivalında I yerə layiq görülmüş Prezident mükafatçısı Sevinc Babayeva da qanun ifası ilə qatılmışdır. Bu il iyunun 14-də müsabiqənin münsiflər heyətinin yekun qərarına əsasən müsabiqənin “instrumental ifa” kateqoriyası üzrə iştirakçısı olmuş Sevinc Babayevanın ifası yüksək qiymətləndirilmiş, o, 100 ballıq sistem üzrə dəyərləndirmədə maksimum bal (100 bal) toplayaraq müsabiqənin “Qran-pri” mükafatçısı elan edilmişdir.
Qeyd edək ki, ölkəmizi müsabiqədə təmsil edən Sevinc Babayevanın qanunda ifa etdiyi Həsən Rzayevin “Çahargah rapsodiyası” müsabiqənin münsiflər heyəti ilə yanaşı, Qnesin adına Rusiya Musiqi Akademiyasının professoru Nataliya Brajnikova tərəfindən də yüksək qiymətləndirilmişdir. Həmin ifa haqqında professor N.Brajnikova öz fikirlərini videomaterial formatında müsabiqənin rəsmi səhifəsində paylaşmışdır.
Bütün dünya ölkələrindən müxtəlif yaş qruplarına aid yaradıcı insanların iştirak etdiyi müsabiqəyə “World Talent Rankinq”(ABŞ), Böyük Britaniya və “Open İtaly” (İtaliya) assosiasiyaları rəhbərlik etmişdir. Adıçəkilən müsabiqə dünyanın 20-dən çox ölkəsinin Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənmişdir.
Məlumat üçün bildirək ki, müsabiqə iştirakçılarının ifalarının qiymətləndirilməsi 5 ölkədən, 40-a yaxın dünya şöhrətli musiqiçilərdən, rəssamlardan, balet və rəqs ustalarından və dünyada tanınmış digər sənət adamlarından ibarət nüfuzlu münsiflər heyəti tərəfindən aparılmışdır. “Fiestalonia Amerikan Edition” Beynəlxalq Distant Yaradıcı İnsanlar Müsabiqəsində vokalçılıq sənəti, instrumental ifa, rəqs, rəssamlıq və dizayn olmaqla, incəsənətin 5 sahəsi üzrə dünyanın hər yerindən iştirakçılar qatılmışlar. Müsabiqənin şərtlərinə əsasən “Qran-pri” mükafatçıları 2022-ci ilin may ayında İspaniyada keçiriləcək “Sea Sun” müsabiqəsinə qatılacaqlar.
Bütün dünya ölkələrindən qatılan minlərlə ifaçı arasından hər yaş qrupundan bir nəfər olmaqla, üç ölkənin – Azərbaycan, Rusiya və Çexiyanın təmsilçiləri “Qran-pri”yə layiq görülüblər.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti