Qələbə ətirli misralar, könüldən gələn səslər...
Vətən müharibəsindəki Tarixi Qələbəmiz, əbədi və əzəli Azərbaycan torpaqları olan Qarabağımıza qalib dönüşümüz milli poyeziyamızda, eləcə də Naxçıvan ədəbi mühiti nümayəndələrin yaradıcılığında müzəffər ruhlu, rəşadət və əzmkarlıq dolu, xarıbülbül ətirli yeni əsərlərin yaranmasına, yeni nəşrlərin ərsəyə gəlməsinə rəvac verib. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yazar, jurnalist Təranə Arifqızının “Qarabağda 44 gün” adlı kitabı vərəqlədikcə toplunun hər səhifəsindən qələbə ətri, zəfər müjdəsi duyulur. Müəllifin özünəxas söz inciləri ilə bəzənən bu kiçikhəcmli nəşr ilk baxışdan arxasınca mərd oğulları qələbəyə doğru inamla aparan Müzəffər Ali Baş Komandan, “Vətən yaxşıdı” mahnısının ifası ilə silahdaşlarını döyüşə, irəliyə ruhlandıran şəhid Xudayar Yusifzadə və Qarabağımızın qədimliyinin təsvirləri əks edilən maraqlı üz qabığı ilə diqqəti çəkir. “Qarabağı ürəyində daşıyan” müəllif poetik dillə haqqın qılıncının kəsərini göstərir, torpaq həsrətindən danışdıqca “Qələbə xəbərini gətir” söyləyərək irəli səsləyir müzəffər Ordumuzu. Misraların sehrində torpaq ətirli məktub yazılır haqq-ədalət savaşına çıxan əsgər qardaşlarımıza, məğrur oğulların al qanları ilə azadlığa çıxan ata-baba yurdlarımız zəfər nəğməli sözlərlə bəzənir, ana ilə şəhid oğulun fəxarət dolu söhbətinə qulaq şahidi olursan, üçrəngli bayrağımızla, bahar rəngləri ilə bəzənən Qələbə dolu ötən payız bir daha qayıdır gözlərim önünə. Zəfər müjdəsi ilə silkələnir, oyandırılır otuz illik həsrətə dalan şəhər, şirin-şəkər sözlərlə əzizlənir azadlığına qovuşan torpaqlarımız, ölümsüzlük qazanan şəhidlərə ehtiram göstərilir, gözaydınlığı verilir. Qarabağa danışılır düşmənin başını əzən “dəmir yumruğ”un kəsərindən, 44 sətirlə vəsf edilir ata vəsiyyətinə əməl edən, sözünə sadiq qalan oğulun – Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, əzmi...
Bir-birindən maraqlı şeir kitabları ilə oxucuların rəğbətini qazanan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Ramiz Babayev isə vətənpərvərlik duyğuları hopmuş şeirlərindən ibarət “Salam, Şuşa” kitabı ilə Qələbəmizi təbrik edib.
Kitaba Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov “Şairin Qələbə raportu, yaxud Zəfər dastanının bir boyu” adlı ön söz yazıb.
Şair öncə xalqımızın tarixinə poetik ekskurs edir, keçilmiş yolda yaşanmışları bir daha xatırladır, sabaha ümidini əminliklə bildirir:
Mən türkəm, qoy dünya eşitsin bunu
Orxon-Yeniseydən gəlir sorağım!
Bütün yer üzündə asılacaqdır
Mənim ay-ulduzlu qızıl bayrağım!
Kitabboyu bir fikir qırmızı xətt kimi keçir: biz böyük olmuşuq, humanist olmuşuq, həmişə həqiqətin tərəfində durmuşuq. Ancaq xalqımızın taleyinə yazılmış ağrı-acıları yaşamağı da bacarmışıq. İnanmışıq ki, bu ağrı-acılar müvəqqəti çətinliklərdir. Son yüzilliklərdə ermənilərin əsassız torpaq iddiaları, musiqimizi, kulinariyamızı özününküləşdirməyi həyat amalına çevirmələri özünün, necə deyərlər, “kulminasiya” zirvəsinə çatmışdı.
Ötən il sentyabr ayının 27-də başlayan müharibənin ermənilər üzərində böyük Qələbə ilə başa çatması həqiqətin təntənəsinə çevrildi. Bir ziyalı, vətəndaş kimi bu hadisələri poeziyanın mirasına çevirməyə çalışan Ramiz Babayevin bütün şeirlərində tarixdən gələn səsləri eşidirik; o səslər bizi öz keçmişimizə aparır:
Yerindəmi o dağ, çəmən? Yenə dağa gəlirmi çən?
Çiçəklərdən şirə çəkən arım qalırmı görəsən?
Bulaqlara gedən cığır, at çapdığım köhnə cıdır
Üz-gözümdən həsrət yağır, ora yağırmı görəsən?
Səhifələr vərəqləndikcə nisgil sevinclə əvəz olunur. Çünki 44 günlük azadlıq mücadiləsinin ilk günlərindən xalqımızın ağ atlı oğlanları yüzillərboyu ermənilərin başımıza gətirdiklərinin əvəzini birə-beş alaraq yeni tariximizi yazırlar.
Bu kitabla şairin Naxçıvandan “Azərbaycan Mədəniyyətinin Paytaxtı” Şuşaya salam göndərməsinə biz də qoşuluruq. Şuşa isə 30 ilə yaxın idi gözləyirdi ki, desinlər: Salam, Şuşa! Biz sənə qayıtdıq.
Muxtar MƏMMƏDOV