XX əsrin birinci yarısında yaşayıb-yaradan Əbülfəz Əli oğlu Sadıqov (1898-1956) “Əvəz Sadıq” imzası ilə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində nasir, tərcüməçi və jurnalist kimi özünəməxsus iz buraxan tanınmış yaradıcı şəxsiyyətlərdən biri olmuşdur. Onun fəaliyyəti daha çox mətbuatla bağlı olmuş, publisistika isə yaradıcılığının mərkəzində dayanmışdır. “Kommunist”, “Şərq qapısı”, “İnqilab və mədəniyyət”, “Şərq qadını”, “Vətən yolunda” və “Kirpi” kimi mətbuat orqanlarındakı müxbir, məsul katib və redaktorluq fəaliyyəti bu qənaətimizi əsaslandıran faktlardır.
“Şərq qapısı”nın ilk redaktorlarından biri olan Ə.Sadıq 1923-cü ildən 1928-ci ilədək, yəni Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunanadək öz publisistik yazılarını “Ə.Sadıq Ordubadi”, “Ə.Sadıqov Ordubadi”, “Müəllim Ə.Sadıq Ordubadi”, “Müəllim Ə.Sadıq”, “Ə.Sadıq”, “Ə.S.Ə.” və “Ə.S.” imzaları ilə daha çox “Şərq qapısı” qəzetində dərc etdirmişdir. Ə.Sadığın həmin illərdə “Şərq qapısı”nda çap olunan 25 yazısını aşkara çıxarmışıq. Bu yazıların əksəriyyəti “Şərq qapısı” qəzeti və onun müxbirlərinin vəzifələri, Naxçıvanda teatr və maarif işləri, təhsil məsələləri, ədəbiyyat cəmiyyətlərinin təşkili mövzularına həsr olunmuşdur.
1921-ci ildən nəşrə başlayan “Şərq qapısı” qəzeti o dövrün ziyalıları üçün mötəbər bir tribuna olmalı idi. Bu məqsədlə yerli ziyalılar mərkəzi hökumətin köməyinə arxalanaraq, birinci növbədə, qəzetin varlığını qoruyub saxlamağa və geniş xalq kütləsi içərisində yayılmasını təmin etməyə ciddi səy göstərirdilər. Belə ziyalılardan biri də Ə.Sadıq idi.
Ə.Sadığın “Şərq qapısı” qəzetinin 1923-1927-ci il nömrələrində qəzetin nəşri və onun müxbirlərinin vəzifələri haqqında “Qəzetəmizin yazı və mətbuat tarixinə bir nəzər”, “Qəzetəmiz və məktəb”, “Müvəffəqiyyət”, “Kənd təsərrüfatını mədəniləşdirmək işində müxbirlərin vəzifəsi”, “Şərq qapısı”nın getdiyi və gedəcəyi yol” adlı beş məqaləsi dərc olunmuşdur. Bu məqalələr yüksək peşəkarlıq səviyyəsində yazılmışdır. Məqalələri oxuduqca hiss olunur ki, müəllif dünya və Azərbaycan mətbuat tarixinə yaxından bələddir və bu bələdliyindən istifadə edərək, hətta mətbuatla əlaqəsi olmayan oxucuların da diqqətini cəlb etməyə, xüsusilə “Şərq qapısı” qəzetinin oxunması və geniş dairədə yayılmasına səy göstərir. Bu baxımdan müəllifin “Qəzetəmizin yazı və mətbuat tarixinə bir nəzər” adlı məqaləsi diqqətəlayiqdir. Məqalədə əvvəlcə oxucuların diqqəti mətbuatın əhəmiyyətinə yönəldilir: “Təkamül mədəniyyətdə o zaman ola bilərdi ki, hər bir məmləkətdə doğan yazılar başqa nöqtələrə də intişar etsin, hər bir kəs digərinin nə növ ilə dolanmasını bilsin, digərinin təbiət və həyat ilə nə cür mübarizə aparmasına vaqif olsun”. Sonra müəllif dünyada ilk mətbəənin XV əsrdə manisalı İohan Kotenberq tərəfindən icad edilməsini xatırladır, Rusiya və Türkiyədə fəaliyyətə başlayan ilk mətbəələrdən bəhs edir və oxuculara qəzetin mahiyyətini dərk etdirmək üçün yazır: “Mədəni millətlər qəzetə qiraətinə o qədər alışmışlar ki, onlardan bir şəxs bir gün belə, qəzetə qiraətinə müvəffəq olmazsa, siqara içmək müddətini qaib edən bir kəs kibi kəndini sıxıntıda görər”.
Axırda müəllif sözü “Şərq qapısı” qəzetinin nəşri və onun yaşaması üçün köməyə ehtiyacı olmasının üzərinə gətirir: “Naxçıvan ölkəsi isə yalnız iki aydan bəri qəzetə intişarına əhəmiyyət verməyə başlamışdır. “Füqəra səsi”, “Gənclər həyatı”, “Şərq qapısı” namları ilə qəzetlər intişarına ümmət göstərilmişdir. Əhalinin maddi və mənəvi köməyi görülmədiyində gənc ikən qapanmışlar. Şimdi ikinci kərə “Şərq qapısı” yaradılır. Bu yaradılmış qəzetə hər vətəndaşımızın və ziyalılarımızın həmiyyətinə möhtacdır”.
Ə.Sadıq “Şərq qapısı”na həsr etdiyi yazılarında o vaxt Naxçıvanda yeganə mətbuat orqanı olan bu qəzetin əhəmiyyətindən və təsir gücündən də bəhs etməyi vacib sayırdı. Onun fikrincə, “Şərq qapısı” “cümhuriyyətimizin həm “Kommunist”i, həm “Raboçi”si, həm “Gənc işçi”si, “Şərq qadını” olaraq bütün başqa qəzetə və məcmuələrə məadil (bərabər) sayılır ki, bunlar Azərbaycan dairəsində oynadığı rolları Naxçıvan dairəsində “Şərq qapısı” kəndisi təklikdə yapır”.
Ə.Sadıq çalışırdı ki, “Şərq qapısı” tirajını artırmaqla daha geniş oxucu kütləsi qazansın, onun ətrafına səriştəli müxbirlər toplansın, əhali arasında təbliğat-təşviqat işlərini artırsın və hər sahədə işlərin canlandırılmasına təsir göstərsin.
Ə.Sadıq bu işlərin həyata keçirilməsində kənd və şəhər müəllimlərinin, ümumiyyətlə, məktəbin üzərinə düşən vəzifələrin böyük əhəmiyyətə malik olduğunu vurğulayır və “Müəllim Ə.Sadıq Ordubadi” imzası ilə dərc etdirdiyi “Qəzetəmiz və məktəb” adlı məqaləsində (1923) müəllimlərə müraciət edərək yazırdı: “Qəzetəmiz hər bir köylümüzə yavuqdur... Əgər qüvvəli müəllimlərimiz həmiyyət göstərsələr, məktəb həyatından ara-sıra qəzetədə bəhs etsələr, zəif müəllimlərimizə nə qədər kömək olar... Əgər böylə olursa, məktəb həyatımız dirilər, dərslərimiz isə ən gözəl surətdə gedə bilər. Hər bir məktəbə “Şərq qapısı” qəzetəsinin bir abunəsinin alınmasını maarif müdiriyyətindən təmənna edirik”.
“Şərq qapısı”nın 100-cü nömrəsinin çıxması münasibətilə yazdığı “Müvəffəqiyyət” adlı məqaləsində isə Ə.Sadıq qəzetin qazandığı uğurlardan söz açır və bu uğurları qoruyub artırmaq üçün vətəndaşların köməyinə ümidvar olduğunu bildirirdi: “Yüz nömrədə qəzetimiz müxtəlif şəkillərdə olaraq birisi o birisindən daha islah edilmiş, daha müntəzəm bir surətlə çıxacağına olan ümidini imdidən təmin ediyor. Gözlənilən ümidi əldən qaçırmamaq üçün ölkəmizin bütün vətəndaşlarının var qüvvələri ilə çalışmaqları lazımdır”.
O, 1927-ci ildə dərc etdirdiyi “Şərq qapısı”nın getdiyi və gedəcəyi yol” adlı məqaləsində isə qəzetin redaktoru kimi bu mətbuat orqanının taleyi barəsində öz arzularını belə ifadə edirdi: “Şərq qapısı” ölkəmizin hər tərəfində oxunmalı, hər tərəfini öz sütunlarında göstərməlidir. Bunun üçün... qəzetəmizin tirajını mindən üç minə qədər qaldırmaq və “Şərq qapısı” ətrafında həqiqi müxbirlər ordusu toplamaq yolunda çalışmalıyıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial həyatındakı, jurnalistikanın inkişafındakı əvəzsiz xidmətlərinin yeni müstəvidə və daha əhatəli tədqiq olunmasına geniş imkanlar açır.
Ə.Sadığın “Şərq qapısı”na aid yazıları da həmin qəzetin nəşrə başlaması və ilk illərinin inkişaf yolu haqqında tədqiqatçılara dəyərli məlumatlar verən mənbə kimi də müəyyən elmi əhəmiyyətə malikdir.
Fərman Xəlilov
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun
direktoru, filologiya elmləri doktoru