22 Dekabr 2024, Bazar

Uzun illərdir ki, yaradıcılığı diqqətlə izlədiyim şair, ədəbiyyatşünas və pedaqoq Xanəli Kərimli “Tanrı müjdəsi” adlı səkkizinci şeir kitabı ilə oxucuların görüşünə gəlib. Bu görüşün də yaddaqalan olacağına şübhəm yoxdur. Çünki bundan əvvəlki kitablarında, müxtəlif mətbuat orqanlarında dərc olunmuş şeirləri ilə poeziyasevərlərə yüksək duyğular və ovqat bəxş etmiş, haqqında bir neçə məqalələr toplusu, “X.Kərimli: Bir ömrün nağılı” adlı monoqrafiya nəşr olunmuş, “Payız duyğulu şair ömrü: Xanəli Kərimli” adlı sənədli film çəkilmiş Xanəli Kərimlinin yaradıcılığından vətənpərvərlik duyğuları, xalqımızın dünəni və bu günü, böyük türk dünyasına sonsuz sevgi və məhəbbət qırmızı xətt kimi keçir. Şair həyatda olduğu kimi yaradıcılığında da səmimidir – hətta tribunal şeirlərində belə. Şair, şeir və səmimiyyət. Bununla bağlı tənqidçi, ədəbiyyatşünas Vaqif Yusiflinin qənaəti maraqlıdır: “Şeir-poeziya hər şeydən əvvəl, təbii hisslərin, duyğuların ifadəsidir. Poetik axtarış da öz yerində, şeiri gözəlləşdirən bədii təsvir vasitələri də öz yerində, bunlarsız yaxşı şeir yaranmaz, amma səmimiyyət olmazsa şairin ürəyinin səsi o şeirdə ürəyə yol tapmaz”.

Xanəli Kərimli ürəyə yol tapan şeirlərinin toplandığı “Tanrı müjdəçisi” adlı yeni kitabındakı
Haradan gəldiyim özümə ayan,
Hara gedəcəyəm – Tanrı işidir.
Mənim hər zərrəmdə bu gizli ümman
Əvvəli də sirdir, sonu da sirdir, – misraları ilə bunu bir daha təsdiq edir.
Seçmə şeirlərin toplandığı “Taleyin öz yolu, öz ünvanı var”, Türkiyə eskizlərindən ibarət “Türkə ağı demək olmaz”, ikiliklərin və dördlüklərin yer aldığı “Sən elə yaşa ki...” və “Lirik poemalar” adlı 4 bölmədən ibarət kitabı oxuyarkən sanki müəllifin tərcümeyi-halını, yeddi onilliyini geridə qoyduğu dünyanın bir-birinə bənzəməyən acılı-şirinli reallıqlarını görür, ən adi həyat detalına poetik rəng vermiş şairin təfəkkür dünyasından real dünyaya baxırıq. “Yaxşıdır”, “Babam nağıl deyərdi”, “Həyat tablosu”, “Təbiət itirib təbiətliyin” və başqa şeirlərində X.Kərimli real həyat həqiqətlərini müqəddəs sözün qüvvəsi ilə oxucuya elə çatdırır ki, özünü o şeirlərin içində hiss edirsən.
İnsanın müvəqqəti, dünyanın əbədiliyi illərdir ki, ədəbiyyatın, konkret desək, poeziyanın ən çox müraciət olunan mövzularındandır. Bu mövzulara müraciət edənlər də, təbii ki, çox olub. Xanəli Kərimli bu mövzuda qələmə aldığı şeirlərində sözçülükdən, boğazdan yuxarı pafosdan uzaqdır, sözümün əvvəlində dediyim kimi səmimidir, bir qədər də küskün...
Bir də çətin gələ ələ bu dünya,
Nə dağda qarı var, nə bağda barı.
O qədər gözümdən düşdü ki, dünya,
Bir toz dənəsitək yox etibarı...
Şeirlərdəki həssaslıq da gözdən qaçmır. Hiss edirsən ki, şair rastlaşdığı qınaqolunası obyektlərin yanından elə-belə keçə bilmir, gördüklərinə bir vətəndaş, duyğusal şair kimi reaksiya verir. Hər gün yanından, bəlkə də, bir neçə dəfə keçdiyimiz, fərqinə varmadığımız qurumuş ağac da şairi düşündürür, o canlıya qayğı göstərməyən biganələr səssiz-səmirsiz ittiham olunur. Şair səmimiyyəti ilə günahkarlara öz sözünü deyir:
Dilin yox ki, dil deyəsən,
Kimi qarğıyıb söyəsən?
Kim qalıb ki, inciyəsən...
Sənin suyunu kim kəsdi?
Şairin 70 illik yubileyinə həsr olunan kitabda müəllifin bir-birindən maraqlı, müxtəlif mövzulu poemaları özünə yer alıb: “Ağrı”, “Bütövlük”, “İnam”, “Təbil”, “Bayrağını uca qaldır, ana Vətən”. Xanəli Kərimli şair qəlbinin ağrısı ilə xalqın bütövlük arzularına çatacağına inamını bildirir, təbil çaldırır ki, ana Vətən bayrağını ucalarda qaldırsın.
Bu gün o bayrağın ucalarda dalğalanmağı şairin arzularının gerçəkləşməyidir. Başqa arzularının da gerçəkləşməsi diləyi ilə.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR