22 Dekabr 2024, Bazar

   

Muxtar respublikamızda aparılan abadlıq, quruculuq işləri artıq ənənə halına çevrilib. Az qala hər keçən gün müasirləşən kəndlərimizin sırasına daha biri əlavə olunur. Bu dəfə Culfa rayonunun Camaldın kəndinə üz tuturuq. Kəndə girən kimi yeni kənd mərkəzinin binası öz füsunkar görünüşü ilə diqqətimizi çəkir. Yaxınlaşıb inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Nəcəfovla həmsöhbət oluruq. Öyrənirik ki, ərazisi 35,93 kvadratkilometr olan Camaldın kəndində 1772 sakin yaşayır. 387 təsərrüfatda birləşən kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.  Torpaq-iqlim şəraitinə uyğun olaraq əkinçilikdə, əsasən, taxılçılığa və bostan məhsullarına üstünlük verilir.   

Müsahibimlə söhbət zamanı mərkəzin binasına kommunal ödəniş etmək üçün üz tutan 88 yaşlı Yaqub baba ilə tanış oluruq. O deyir ki, Camaldın kəndi indi özünün ən gözəl günlərini yaşayır. Dövlətimiz tərəfindən burada böyük işlər görülüb. Əvvəllər, sadəcə, 47 ailənin yaşadığı bu kənddə artıq 300-ə yaxın mənzil var. Aparılan quruculuq işləri nəticəsində kəndimiz indi kiçik bir şəhər mərkəzini xatırladır. Bir vaxtlar uzaqda yaşayan yaxınlarımıza bağlama göndərmək və yaxud kommunal xərclərimizi ödəmək üçün kəndimizlə 3 kilometr məsafədə yerləşən Ərəzin kəndinə üz tuturduq. İndi isə evimizin içində, beş addımlığımızda inşa olunan mərkəzdə bizə poçt-rabitə xidməti göstərilir. Əvvəllər gələn qonağa adicə bir stəkan çay hazırlamaq üçün ocaq qurardıq. İndi isə hər birimizin evində mavi yanacaqdan istifadə edirik.

– Ay qızım, bizim kənd kiçiyin böyüyə hörməti, kənd camaatı arasında birliyi ilə hər zaman fərqlənib. Elə birliyimizin nümunəsidir ki, kəndimizdəki qədim su dəyirmanını 1980-ci illərdə təmir etdik. Son zamanlar isə dövlət qayğısı nəticəsində dəyirmanımız yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bundan başqa, Darıdağdan gələn bulaq suyunu kəndin yaxınlığına qədər çəkib gətirmişik. Bu gün gənclərə məsləhətim onlar üçün yaradılan bu şəraitin qədrini bilmək, daha da yaxşı oxumaq, yaxşı çalışmaqdır. Bir də ki, paxıllıqdan uzaq olmalarını məsləhət bilərdim. Çünki dünyada hər dərdin dərmanı çoxdur, paxıllığa isə çarə yoxdur.
Yaqub baba ilə sağollaşıb kəndlə tanışlığı davam etdiririk. Kənd məktəbinin qarşısında Talıb müəllimlə görüşürük. Öyrənirik ki, məktəbin tarix müəllimidir. Kəndin tarixi haqqında məlumat verən həmsöhbətim deyir ki, bu yaşayış məntəqəsinin adının etimologiyası orta əsrlər dövründə kəndin cənub-qərb hissəsində yerləşən karvansara deyilən bir yerlə bağlıdır. Həmin karvansaranın daxilində şüşə sexi də fəaliyyət göstərib. Bir rəvayətə görə, bura gələn tacirlər qayıdarkən bir-birindən “cam aldınmı?” – deyə sual edərmişlər. Bu toponimin adı da buradan götürülərək Camaldın (şüşə aldın) kimi tanınmışdır. Başqa bir ehtimal isə İslam dini ilə əlaqələndirilir. Belə ki, Camaldın sözünü hissələrə ayıraraq Camal-Dın (dinin siması) kimi qələmə verənlər də var.

Ümumiyyətlə, kəndimizin tarixinin keçmişə bağlılığını isbat edən bir çox fakt var. Hələ bir neçə illər bundan öncə kənd ərazisində bir həyətdə qazıntı işləri aparılan zaman aşkar olunan qəbir abidələri də bunu sübut edir. Burada müxtəlif abidə və pirlər də vardır ki, bunlardan ən çox ziyarət ediləni XII əsrə aid Ərməmməd (Alməmməd) ibadətgahıdır. Camaldın kəndinin qəbiristanlığında bir sinədaşı var idi ki, o daş hazırda Naxçıvan şəhərindəki Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində qorunub saxlanılır. Həmin daşın üzərində yazılmışdır ki, Ər Pənah İnayətullah (hicri tarixi ilə) 1110-cu ildə Kale şəhərində Allahın rəhmətinə qovuşdu. Bu da Camaldın kəndinin tarixinin lap qədimlərə söykəndiyini göstərir. Talıb müəllimlə söhbətimiz zamanı məktəbin təqaüddə olan müəllimlərindən biri – Zeynalabdin Abdullayev bizə yaxınlaşır. Zeynalabdin müəllim ömrünün 42 ilini həsr etdiyi təhsil ocağının bu gününü görmək üçün gəlib. Müəllim deyir ki, dərs keçmək üçün çox çətin bir vəziyyətdə olan sinif otaqları qış aylarında başqa bir çətinlik də gətirirdi. Sərt şaxtaların hökm sürdüyü aylarda bu otaqları isitmək, demək olar ki, mümkünsüz idi. Gündəlik 2 litrlik yanacaq uşaqların ilk dərs saatlarında tükənirdi. Məcbur olub qalın geyimlərdə, stollarımızı güney tərəfə köçürməklə titrəyə-titrəyə dərs keçirdik. Bu gün 2 əlavə korpus artırılmaqla, yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilən məktəbə ayaq qoyanda adam valeh olur. İşıqlı, geniş, mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmuş sinif otaqlarında təlim-tədris prosesinin keyfiyyəti də yüksək olar. Bu gün burada çalışan gənc müəllimlərə, şagirdlərə yaradılan şəraiti qoruyub saxlamaqla uğurlar qazanmağı tövsiyə edirəm.

Hazırda təqaüddə olan müəllimin sözlərinin xoş təsiri altında kəndlə tanışlığımızı davam etdiririk. Öyrənirik ki, Camaldının uzunömürlü sakinləri arasında yaşı 100-ü haqlayan da var. Həmin nənəni görmədən kənddən qayıtmaq, fikrimizcə, böyük eyib olar. Odur ki, 102 yaşlı Hədiqə nənə ilə görüşmək üçün onun yaşadığı mənzilə üz tuturuq. Hədiqə nənə evinin eyvanında qarşılayır bizi. Öyrənirik ki, nənəmiz qəhrəman ana olub. Hazırda 10 övlad, 44 nəvə, 94 nəticə, 21 kötücə sahibidir. O deyir ki, ailə başçısını itirdikdən sonra üzüm bağlarında işləməyə başlayıb. Nənənin sözlərinə görə o, uzun illər toxuculuqla da məşğul olub. O vaxtlar qızlarımıza haradansa xalça almazdıq. Özümüz hana qurub xalça toxuyardıq. Mənim də qızlarımın hər birinin evində əl əməyi, göz nurumla toxuduğum xalçalardan var. Xalça toxumağı, demək olar ki, el adətinə çevirmişdik. Sinəsi el bayatılarımızla dolu olan Hədiqə nənə onlardan bir neçəsini bizimlə bölüşür.

Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.

Burda yolum oldu tən,
Varmı bu yoldan ötən,
Bu dünyaya şirin şey,
Bir anadır, bir Vətən.

– Ay qızım, bayramlarımızda, toylarımızda qədim el adət-ənənələrimizi qoruyub saxlayırdıq. İlaxır çərşənbə günü səhər erkəndən kənd cavanları oyanıb bulaqdan su gətirməyə gedərdik. Götürdüyümüz həmin suyu gələn ilaxır gününə qədər qoruyub saxlayar, qənaətlə işlədərdik. Hər işimizdə mütləq o sudan az da olsa, istifadə edərdik. Həmin su kimin evində var idisə, o ev ruzili, bərəkətli olardı. Belə adətlərimiz çox idi. Bu gün bütün bunlar barədə nəvə-nəticələrimlə tez-tez söhbət edirəm.

Kəndin saf havasının, büllur bulaqlarının sayəsində uzun ömür sürən nənə ilə sağollaşıb kənd ziyalısı, şair Kamil Arazdan kəndləri haqqında məlumat almaq istəyirik. Bizi böyük bir sevinclə qarşılayan digər kənd sakinləri kimi, Kamil Arazın da ürəyi sözlə doludur. O deyir ki, muxtar respublikamızın digər yaşayış məntəqələrinin abadlaşdığını görəndə həsəd hissi keçirirdik. Bu gün yeniləşən kəndimizi görəndə insanın ürəyi dağa dönür. Dövlətimiz tərəfindən kəndimizə göstərilən qayğı sayəsində Camaldın kəndinin görünüşü tamamilə dəyişilib. Yenidənqurma tədbirləri nəticəsində salınan məktəb binası, kənd və xidmət mərkəzlərindən əlavə yollarımız da yenilənib, “qara örtük” salınıb. Bu gün sakinlər kəndimizin yeni inkişaf tarixini yaşayır. Bütün bunlar insanların rahat yaşayışı üçündür. Bizim üzərimizə düşən vəzifə isə böyük zəhmət hesabına yaradılanları qoruyaraq gələcək nəsillərə çatdırmaqdır.

Uşaqlar üçün bir neçə tapmaca və şeirlər kitabının müəllifi olan şair həm də arıçılıqla məşğuldur. 23 arı ailəsi olan Kamil müəllim arıçılığın faydalarından və gəlirli sahə olmasından da danışır. O deyir ki, qədim zamanlardan bal bütün dərdlərin dərmanı, arıçılıqla məşğul olanlar isə loğmanlar sayılıblar.
Sevinirik ki, bu gün kəndlərimizdə yaradılan şəraitdən səmərəli istifadə edib, güzəranını yaxşılaşdırmağa çalışan zəhmətkeş ailələrimiz var.

Bu gün dövlətimizin davamlı qayğısı Camaldın kəndlisinin də gücünə güc qatır, taleyini torpağa, halal zəhmətə bağlayan, bolluq, bərəkət həvəsi ilə yaşayan kənd əməkçilərini nailiyyətlərini daha da artırmağa ruhlandırır.

- Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR