Oktyabr ayının 13-də Xatirə Muzeyində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Böyüməkdə olan nəsildə vətənpərvərlik hisslərinin tərbiyəsində muzeylərin rolu” mövzusunda seminar keçirilib.
Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açıb. O, qeyd edib ki, inkişaf perspektivlərini təyin edən və onun həyata keçirilməsində böyük rola malik olan bir çox vacib amillər mövcuddur ki, onlar həyatımızın ayrılmaz tərkib hissəsi, həyat meyarıdır. Bunların arasında yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi həmişə cəmiyyətimizin diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri hesab edilir. Bu gün ölkəmizdə böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.
Gülbuta Babayeva çıxışında vurğulayıb ki, “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik” fikirlərini səsləndirən Ümummilli lider Heydər Əliyev gənclərin himayədarı kimi çıxış edərək yeniyetmə və gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermiş, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Qeyd edilib ki, xalqımızın müharibə şəraitində yaşadığı bir vaxtda böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Bu sahədə muzeylərin də üzərinə mühüm vəzifələr düşür. Gənc nəslə yaşadığımız diyarın tarixi keçmişi, adət-ənənələri, qonaqpərvərliyi, abidələri, gözəl insanları, ziyalıları, qəhrəmanları ilə öyünməyi və fəxr etməyi öyrətmək, onları vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi ruhunda tərbiyə etmək hər bir muzeyin qarşısında duran vəzifələrdəndir.
Daha sonra Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev çıxış edərək yeniyetmə və gənclərin vətənpərvərlik hisslərinin formalaşmasında Heydər Əliyev Muzeyinin əhəmiyyətindən danışıb.
Tədbirin davamında Xatirə Muzeyinin direktoru Aytən Qasımovanın çıxışı dinlənilib. Çıxışda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində Xatirə Muzeyində aparılan işlərdən bəhs edilib, bu istiqamətdə ekskursiyaların təşkili, mühazirə və açıq dərslərin keçirilməsinin davam etdiriləcəyi bildirilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb və muzeyin ekspozisiyasına baxış olub
Naxçıvan MuxtarRespublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti