25 Dekabr 2024, Çərşənbə

Milli dəyərlərimiz yaşadılır və ya kimdir Sərxan Bünyadzadə?
Professional musiqi mədəniyyətimizin mühüm qolunu Azərbaycan muğamı təşkil edir. Təsadüfi deyildir ki, bu milli musiqinin bəşəri əhəmiyyətini nəzərə alan YUNESKO 2003-cü ildə onu Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin şah əsərlərindən biri elan edib. Azərbaycanda bu irsin qorunması, təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondu böyük layihələrə imza atıb. Belə ki, beynəlxalq və ölkə miqyaslı muğam müsabiqələrinin keçirilməsi son illər ənənə şəklini alıb. 2002-ci ildən keçirilməyə başlanılan muğam televiziya müsabiqələri isə muğama maraq göstərən gənclərin istedad və bacarıqlarının üzə çıxarılmasında, bu qiymətli irsin yaşadılmasında mühüm rol oynayır. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən “Muğam Müsabiqəsi-2013” Televiziya Müsabiqəsinə noyabrın 6-da yekun vurulub. Qeyd edək ki, cari ilin avqustun 6-da Beynəlxalq Muğam Mərkəzində “Muğam Müsabiqəsi-2013” Tele­viziya Müsabiqəsinin startı verilmişdi.

Ümumilikdə, 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə vəsiqə almış, onlardan isə 21-i Bakı səhnəsində çıxış etmək hüququ qazanmışdı.
Bu gün naxçıvanlı muğamsevərlər sevinc içərisindədirlər. Çünki final mərhələsində naxçıvanlı gənc muğam ifaçısı Sərxan Bünyadzadə müsabiqənin qalibi olub.
Kimdir Sərxan Bünyadzadə? O, Babək qəsəbəsində anadan olub. İlk musiqi təhsilini Nehrəm Kənd Uşaq Musiqi Məktəbində alıb. Muğam müəllimi Hünər Əliyev olub. İstedadlı muğam ustası Hünər müəllim elə o illərdə Sərxanın istedad və bacarığını hiss edib. Öz köməyini ondan əsirgəməyib. Bununla kifayətlənməyən Sərxan başqa muğam bilicilərindən də öyrənməyə çalışıb.
İlk uğurlar, müəllim sevinci
Sərxan musiqi məktəbində oxuduğu illərdə bu təhsil ocağının, rayon Mədəniyyət və Turizm Şöbəsinin keçirdiyi tədbirlərdə məlahətli səsi ilə çıxışlar edib. Rayon və muxtar respublika səviyyəli yarışlara qatılıb. Bu yarışlarda da uğurlar qazanıb. Həmin yarışlarda ancaq birinci və ya ikinci yerlərə sahib olub. İlk ən böyük uğuru Naxçıvan Muxtar Respublikası uşaq musiqi məktəblərinin muğama maraq göstərən şagirdləri arasında qalib çıxaraq Astarada keçirilən beşinci Uşaq Muğam Müsabiqəsinə vəsiqə alması, bu yarışda ikinci yerə layiq görülməsidir.
Nehrəm Kənd Uşaq Musiqi Məktəbini bitirdikdən sonra təhsilini Naxçıvan Musiqi Kollecində davam etdirib. Azərbaycan Respublikasının əməkdar artisti Qurban Qasım­ovun sinfində xanəndəlik sənətinin sirlərini əxz etməyə, xalqımızın bu qiymətli milli sərvətinin yaşadılması üçün muğamı dərindən öyrənməyə davam edib.
Qurban Qasımovun dediklərindən: – Sevincimi sözlə izah etməyə çətinlik çəkirəm. Mən belə olacağını bilirdim. Çünki Sərxan yüksək musiqi duyumuna malik gəncdir, istedadlıdır. Öz üzərində ciddi çalışmaqdan yorulmur. Muğam ifa edənlər üçün vacib cəhətlərdən biri səlis diksiyaya, sözləri təmiz tələffüz etməyə malik olmaqdır. Bu keyfiyyətlər onda var. 2009-cu ildə İran İslam Respublikasının Rəşt şəhərində keçirilən beynəlxalq festivalda Sərxan 15 dövlət arasında Azərbaycan Respublikasını təmsil edirdi. O, həmin festivaldan xüsusi hədiyyə və diplomla Naxçıvana qayıdanda bir daha əmin oldum ki, bu istedadlı gəncin parlaq gələcəyi var. Onun müəllimi kimi bu gün fəxr edirəm.
Kollecin muğam müəllimi Əbülfəz Məmmədov, konsertmeyster Əşrəf Abdullayev və başqaları Sərxanın növbəti uğurunu təbii sayırlar. Bunu gələcəkdə qazanacağı qələbələrin ilkinlərindən hesab edirlər.
Münsiflər heyəti bu səsi çoxdan axtarırdı
Axşamkı müsabiqədən aldığım təəssüratları yaşaya-yaşaya müsabiqənin münsiflər heyətinin üzvləri ilə əlaqə saxladım. İlk olaraq, münsiflər heyətinin rəhbəri Nadir Axundovla sevincimi bölüşdüm. Telefonda hiss etdim ki, onun da ürəyi doludur:
– Sərxan çox gözəl oxudu. Elə də olmalıydı. Mübaliğə hesab etməyin, onun damarlarında musiqi axır. Düzünü deyim ki, 10 ildən çoxdur, belə səs axtarırdıq və Naxçıvanda tapdıq. Bunu da təbii hesab edirəm. Hüsnü Qubadov, Abdulla əmi (Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü Abdulla Babayevi nəzərdə tutur), Nuriyyə Hüseynova və başqaları bu torpağın mayasından qidalanıblar. Ancaq çoxdan idi ki, bu sırada heç kimi görmürdük. Nəhayət, həmin postu Sərxan tutdu. Onun Naxçıvandakı pərəstişkarlarını ürəkdən təbrik edirəm. Biz müsabiqənin bir turunu Naxçıvanda keçirəndə bu qədim diyarda nə qədər muğam fanatı olduğunu gördüm. Bir məsələni də nəzərinizə çatdırım. Sərxan Bünyadzadə münsiflər heyətinin yekdil fikriylə müsabiqənin qalibi adını qazandı. Bu, hər müsabiqə iştirakçısına nəsib olmur. Əminəm ki, Sərxan Bünyadzadə həm Heydər Əliyev Fondunun, həm də münsiflər heyətinin qayğısını bundan sonra da görəcək.
 Sərxanın böyük gələcəyi var
Bu qənaət isə görkəmli muğam ustası, Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimova məxsusdur. Məlumat üçün bildirim ki, müsabiqənin Naxçıvanda keçirilən turunda onunla görüşüb müsahibə götürərkən də Mənsum müəllim Sərxan haqqında yüksək fikirlər söyləmişdi. Sərxanın müsabiqədəki qələbəsi onu bu gənc muğam ifaçısı haqqında daha ətraflı danışmağa ruhlandırmışdı:
– Sərxanı uşaq vaxtlarından tanıyıram. 2002-ci ildən bəri müsabiqəyə namizədlər seçərkən onun qabiliyyətini görmüşəm. Nəhayət, onunla birgə işləməli olduq. Nəticəsi göz qabağındadır. Sərxan yüksək səhnə mədəniyyətinə malik, daim öyrənmək həvəsilə çalışan istedadlı gəncdir. O, möhtəşəm bir yolun başlanğıcına uğurla qədəm qoydu. Bu uğurların getdikcə artacağına böyük inamım var. Çünki çalışqandır. Gücünü istiqamətləndirməyi bacarır, səsinin qədrini bilir. Bütün bunlar Sərxanın böyük gələcəyindən soraq verir. Sevinirəm ki, Azərbaycan muğam sənətinə və səhnəsinə yeni səs gəlir. Bu münasibətlə bütün muğamsevərləri, Sərxanın müəllimlərini və  pərəstişkarlarını ürəkdən təbrik edirəm.
Özü ilə telefon söhbəti
Zarafatla Sərxana: sənə Naxçıvandan Naxçıvan boyda salamlar, – dedim. Ürəkdən güldü. Qazandığı qələbə münasibətilə təbrik etdim. Belə böyük uğur qazanmasında kimə minnətdar olduğunu soruşdum.
– Ən əsası dövlətimizə borcluyam, – deyərək əlavə etdi: – Muxtar respublikamızda gənc istedadların düzgün istiqamətləndirilməsi üçün müxtəlif sahələrdə görülən işlər öz bəhrələrini verir. Diyarımızda musiqi, şahmat, idmanla məşğul olan yeniyetmələr üçün hərtərəfli şərait yaradılması məqsədilə yeni binalar inşa olunur. Onların maddi-texniki bazası gücləndirilir. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis olunması, onlara xüsusi aylıq təqaüd  müəyyən edilməsi və digər  bu kimi tədbirlər naxçıvanlı gənclərin müxtəlif sahələrdə istedadlarını nümayiş etdirmələrinə və qələbələr qazanmalarına stimul olub. Mən də onlardan biriyəm. Bunun üçün Nehrəm Kənd Uşaq Musiqi Məktəbinin bütün kollektivinə, Məzahir müəllimə, Hünər müəllimə, Naxçıvan Musiqi Kollecinin kollektivinə, Qurban müəllimə, Əbülfəz müəllimə, Əşrəf müəllimə minnətdarlığımı bildirməyi özümə borc sayıram. Sevinirəm ki, onların zəhməti hədər getmədi.
Sərxandan gələcək planlarını soruşdum. Bildirdi ki, Azərbaycan Milli Konservatoriyasına daxil olmaq istəyir. Bunun üçün Azərbaycan Respublikasının əməkdar artisti Gülyaz Məmmədova onunla məşğul olur. Ona da minnətdarlığını bildirən Sərxanın bu arzusuna da çatacağına inanırıq.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR