22 Dekabr 2024, Bazar

Ta əzəldən payız bəşər övladının əziz tutduğu fəsil olub. Elimizdə toy-mağarlar ən çox bu fəsildə qurulub, qış tədarükləri edilib, məhsul bayramları  keçirilib. “Cücəni payızda sayarlar” zərb-məsəli təsadüfən deyilməyib ki? Çünki payız məhsulun yığım dövrüdür. Nemətləri ilə canımıza güc-qüvvət verir. Adı “Qurani-Kərim”də  keçən cənnət meyvələrinin də çoxu bu fəsildə yetişir. Bu meyvələrin xoş ətri payıza behişt rayihəsi qatır sanki...

Payız həm də fəsil aralığıdır. Nə istidən şikayətlənirik, nə də soyuqdan. Mülayimliyi ilə ruhumuzu sığallayan payız, sanki bizi yavaş-yavaş qışın sərt sazağına hazırlayır.

Şərq xalqlarının həyatında təbiətdə baş verən hadisələrin özünəməxsus rolu olub. Bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Eləcə də Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 21-dən 22-nə keçən gecə payız fəsli başlayır. Dədə-babalarımız da tarixən payızın başlanğıcını elə bu gündən hesablayıblar. Bəs keçmiş dövrlərdə bu fəsillə bağlı qeyd olunan adət və mərasimlər hansılardır? O vaxtın payızı ilə bu vaxtın payızını nə iləsə müqayisə etmək olarmı? Payız fəslinə aid keçirilən mərasimlər əvvəlki dövrlərdən nəyi ilə fərqlənir? və sair sualları AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov cavablandırır.
– Asəf müəllim, payız fəsli haqqında düşüncələriniz...
– Payız fəsli gözəllik fəslidir, rənglərin fəslidir. Bu fəsil, sanki insana düşünməyi, düşüncələrə dalmağı öyrədir, bəlkə də, məcbur edir. Romantik duyğulu insanlar payızı həm də sevgi fəsli kimi qəbul edirlər. Payızın fəsillər içərisində yeri bambaşqadır. Çünki bu fəsil bolluq, ruzi-bərəkət fəslidir.
– Bu fəslin özünəməxsusluğu haqqında nə deyə bilərsiniz?
– Xalqımız tarixən fəsilləri, qışı çillə, yazı Novruz, yayı susəpən bayramları ilə qarşılayaraq müxtəlif mərasimlər təşkil ediblər. Müasir dövrümüzdə payızın gəlişi təmtəraqlı qeyd olunmasa da, xalqımız keçmiş çağlarda bu fəslin gəlişini mərasimlə qeyd edib. Məsələn, Kərkük türkləri yay mövsümünün sona yetib havaların sərinləşdiyini göstərmək üçün 14 sentyabr gecəsi bütün həyətlərdə tonqallar yandırar, bununla da, damda yatmaq vaxtının keçdiyini göstərərdilər.
Bundan əlavə, daha əski çağlarda qədim hunlar arasında bayramın olması barədə Çin qaynaqlarında qeydlər var: “Sunnular (hunlar) hər ilin səkkizinci ayında yer ruhuna payız qurbanları verdikləri zaman ibadət yerinə gələrdilər”. Altay türklərində də payız mövsümündə təbiətin saralmağa başladığı və məhsulun yığılıb qurtardığı vaxt “Altay Ködürgeni” adlı mərasim keçirirlər. Bu zaman at, oxatma, qurşaqtutma yarışları təşkil olunur. Türk xalqları arasında müxtəlif cür adlandırılan bu bayramın günümüzdəki adı Məhsul bayramıdır. Xalq bu bayramı Novruz kimi böyük əhval-ruhiyyə ilə qarşılayıb hər zaman.
Bu fəsildə hər təsərrüfat sahəsinə uyğun olaraq müəyyən mərasimlər, ayinlər keçirərdilər qədimdən insanlar.
Bağçılıqda ən mühüm dövrlərdən biridir payız fəsli. Xalq təqviminə görə, ilin bu dövrü xəzəl mövsümü, xəzan (saralıb-solma) ayı adlanır. Həmçinin el arasında bu dövrə həm də qızıl payız da (ağacların yarpaqları qızardığı üçün) deyilir. Payız meyvələri bu dövrdə ərsəyə gəlir.
Xalq təqviminə əsasən payız iki yerə – “qoçqarışan” və “naxırqoyan” aylarına bölünür. Payızın əvvəli “qoçqarışan” adlanır. Araşdırmalardan məlum olur ki, yaxın keçmişə qədər “qoçqarışan”a qısaca “qoç” ayı deyərdilər. Bir qayda olaraq “qoçqarışan” mərasimi, əsasən, yaylaqda keçirilərdi. “Qoçqarışan” təntənəli şəkildə qeyd edilərdi. Həmin gün bəzi qoçları qırmızı rəngə boyayıb buynuzlarına alma, şirni bağlayar, xonça tutardılar.
Xalq təqvimində payızın son ayı (payızın qəps ayı-noyabr), “naxırqoyan”, “naxırtökən” adı ilə adlandırılıb. Bunu dağlıq bölgələrdə payızın 40 günü keçəndən sonra edərdilər.
– Bildiyimiz kimi, payızda xalqımız qış fəsli üçün hazırlıq görür. Müasir dövrümüzdəki qışa hazırlıqla, qədim dövr arasında nə kimi fərqlilik mövcuddur?
– Əhali tarixən baharın ilk aylarından başlayaraq payızın axırlarına qədər gündəlik tələbatdan artıq qalan məhsulları müxtəlif üsul və vasitələrlə qışda istifadə etmək üçün hazırlayıb. Bunlardan ət, süd məhsullarını: qovurmanı, pendiri (payız pendiri), yağı, xüsusilə qeyd edə bilərik. Tədqiqatçılar yazır ki, qovurma “Azər” ayında hazırlanar və bilavasitə “Azər bayramı” (30 noyabr) ilə əlaqələndirilərdi.
Əriştə, yarma, şorabalar da məhz ilin bu dövründə, yəni payız fəslində hazırlanır. Payızın “qəps” ayında insanlar 7-8 pud unun çörəyini (lavaş) yapıb qış üçün tədarük görərdilər. El arasında bu, “qış çörəyi” adlanardı. Bundan əlavə, payızda müxtəlif kompotlar da hazırlanardı və günümüzdə də bu qış tədarükü görülməkdədir. Yanasıların (odun, kərmə) toplanması, hazırlanması, mal-qara üçün yem ehtiyatının görülməsi və sair məsələlər də artıq payızın son ayında başa çatmalı idi.
...Bu sadaladıqlarımızdan sonra qədim dövrlə indiki dövrü fərqləndirsək, indi insanlar bu işləri daha rahat həyata keçirir. Ehtiyat ərzaq tədarükü daha asan başa gəlməkdədir. Günümüzdə insanlar artıq yanasıların yığılması ilə məşğul olmur. Çünki hər bir ailə mavi yanacaqla, binalar istilik sistemləri ilə təmin olunub. Artıq şəhər yerində yaşayan insanlar sularının qışda donmaması üçün nə edəcəklərini düşünmürlər. Çünki bu işlər dövlət tərəfindən yüksək səviyyədə təmin olunub. İnsanların qayğısına qalınır, ehtiyacları ödənilir.
Rəngarəng təbiət mənzərələri, yağışı, bəzən soyuq, bəzən isti havası, yerə nur kimi ələnən xəzəlləri ilə insanları xoş duyğulara, rəssamları, şairləri ilhama gətirən payızın hər birinizə bolluq, xoş müjdə, xalqımıza böyük qələbə sevinci bəxş etməsi diləyi ilə...

- Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR