22 Dekabr 2024, Bazar

30 ilədək yol gözləyən yurd yerlərimizdən biri idi Suqovuşan. Bədnam ermənilər tərəfindən adı dəyişdirilib Madagiz qoyulan Suqovuşan. Bol günəşli, oksigenli, sulu, yaşıl düzlü-çəmənli, bərəkətli torpaqlı, coğrafi üstünlüklərə malik  Suqovuşan. Bu yurdun yurddaşları da səpələnmişdilər Azərbaycanın ayrı-ayrı bölgələrinə. Cənnətməkan ata-baba ocaqlarına həsrət qalmışdılar. Torpaqlarının ətrini əsən küləklərdən alırdılar. Bu küləklər gətirirdimi o ətri?.. Xeyr, gətirmirdi. 30 ilədək zaman fasiləsindən sonra biz o küləklərə doğru getməli olduq. Getdik və bu yurd yerimiz yazmağa başladığımız şanlı “Qarabağ” dastanının “Suqovuşan” adlı boyu oldu. İndi o boydan danışaq bir az...


Madagiz tarixi adına qovuşdu, Suqovuşan oldu

Oktyabrın 3-də ordumuzun Suqovuşanla bağlı qələbə xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevdən aldıq: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” Dövlətimizin başçısı dərhal Madagizin tarixi adını bərpa etdi. Madagiz “Suqovuşan” adlandırıldı. Ali Baş Komandan 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik etdi.

Onlarla Vətən oğullarının həyatlarını itirdikləri Suqovuşanda bu gün Azərbaycan bayrağı dalğalanır. Suqovuşanın işğaldan azad olunması bir elin yurd haqqına qovuşmasıdırsa, həm də canlarını Vətən torpaqları uğrunda qurban verən Azərbaycan övladlarının düşməndən alınan qisasıdır.

Suqovuşan qovuşdurdu

Xalqımız üçün su aydınlıq anlamındadır. Qovuşmaq isə həsrətlərin vüsal anıdır. Suqovuşanın azad edilməsindən bir qədər sonra yenə ölkə rəhbərinin daha 7 kəndimizin işğaldan azad olunması ilə bağlı paylaşımı sentyabrın 27-dən başlayaraq genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artillerya qurğularından intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinə Milli Ordumuz tərəfindən layiqli cavab oldu. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı və Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərindən, Murovdağın və Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyin ardınca Suqovuşan bizi oktyabrın 3-də Talış yaşayış məntəqəsinə, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinə, oktyabrın 4-də isə Cəbrayıl şəhərinə və rayonun bir neçə kəndinə qovuşdurdu.

Azərbaycan tarixinin bir parçası – Suqovuşan

90-cı illərdə ermənilərin Azərbaycana qarşı başlatdıqları işğalçılıq siyasətinin qurbanlarından biri də Suqovuşan olub. 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunsa da, 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən bu kəndi işğal edib. Aprel döyüşləri zamanı Qarabağda formalaşdırılan beşinci müdafiə rayonu hərbi hissəsi Qarabağ döyüşlərində bir çox təxribatçı əməliyyatlarda iştirak edib və azad edilənədək işğalçı Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. 10-cu dağatıcı diviziyanın tərkibinə daxil idi. Ehtimal edilir ki, hərbi hissə Ağdərəyə yaxın ərazilərdən Madagiz yaşayış məntəqəsi hüdudlarınadək döyüş növbətçiliyinə cəlb edilirdi. Bura Aprel döyüşlərində Azərbaycan Ordusunun əsas hədəflərindən biri olub. Bundan başqa, erməni ordusunun 6-cı müdafiə rayonu kimi qeyd etdiyi hərbi hissə də Suqovuşanda yerləşirdi.
Kənd ərazisindəki qədim abidələr onun zəngin tarixindən xəbər verir. Burada Suqovuşan Su Anbarı və su elektrik stansiyası var. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıq­artırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər.

Yeri gəlmişkən...Qara kürü istehsalı

Yazı ilə bağlı araşdırma apararkən Svetlana Xaçaturyanın “Madagizi ziyarət etmək və balıqçılıq təsərrüfatının taleyi ilə maraqlanmamaq işgüzar səfərinizin missiyasını yerinə yetirməmək deməkdir” adlı məqaləsi ilə də rastlaşdım. Məqalədə qeyd olunur: “Artsax qara kürü ixrac edən bir ölkəyə çevriləcək. İldə 15-20 ton qara kürü, 1200-1500 ton balıq istehsal ediləcəkdir... Ancaq Aprel müharibəsi başladı, bunun fonunda ehtiraslar tədricən azaldı: xarici investorların vəsaitlərinin küləyə atıldığını, proqramın uğursuz olduğunu və kürü istehsal olunmayacağını artıq bir pıçıltı ilə danışırdılar. Biz bu yaxınlarda Madagiz balıqçılıq təsərrüfatının direktoru vəzifəsini icra edən Arena Ulubabyanla görüşdük. O özünü təqdim edəndə dedi: əvvəlcə gəlin balıqları görək. İnzibati binanın yanında yerləşən balıqçılıq ümumi bir dam altında çoxsaylı hovuz kompleksidir. Onun sözlərinə görə, ümumilikdə, 306 hovuz var və hamısında balıq yaşayır. Ulubabyan bunların “Sibir nərəkəsi” və “Rus nərəsi” növləri olduğunu söylədi. Bunlar qara kürü üçün ən yaxşı balıq növləridir. ...Balığın Madagizə necə gətirildiyini və onların “səyahət” marşrutunun belə olduğunu izah etdi: mayalanmış yumurtalar əvvəlcə Almaniyadan və Rusiyadan Ermənistana – suları balıq yetişdirmək üçün yararlı olan Ararat bölgəsinə, oradan da Artsax və xüsusi olaraq Madagizə gətirilir. Zavodun Artsaxın başqa bir qəsəbəsində deyil, nə üçün Madagizdə qurulduğunu soruşduqda, A.Ulubabyan cavab verdi ki, balıq yetişdirmək və qara kürü istehsalı üçün ən uyğun şərtlər məhz Madagizdədir. Kürünün keyfiyyətinə, əsasən, iki amil təsir edir: oksigenlə zəngin təmiz su və Tərtər çayının ən böyük qolunun suyuna tam uyğun gələn müvafiq temperatur. İl ərzində sabit temperaturu 6-8 dərəcə olan təmiz, oksigenlə zəngin sular keyfiyyətli kürü əldə etmək üçün faydalıdır…Madagiz balıqçılıq təsərrüfatının direktoru vəzifəsini icra edən şəxs də əsas investorların xaricdən gələn iş adamları olduğunu söylədi. Bu yaxınlarda, Artsax məhsullarının dadına baxan, keyfiyyəti və ləzzətindən məmnun qalan qara kürü satışında dünyaca məşhur mütəxəssislər gəldi, nəticədə, kürünün ixracı ilə bağlı razılaşmalar əldə edildi. Ulubabyanın sözlərinə görə, məhsulların ilk partiyası 2018-ci ilin sonunda istehsal olunacaq və müəssisə 2022-2023-cü illərdə tam gücü ilə fəaliyyətə başlayacaq və dünya bazarlarında “Artsaxda istehsal olunur” etiketli qara kürü və balıq görünəcək”.

Və suya düşən xəyallar...

Xalqımızın belə bir gözəl deyimi var: “Qonşuya ümid edən şamsız qalar”. Hələ o da ola başqasının torpağında “qonşuluqdakına” ümid etmək. Bəs qonşunun torpağında qara kürü biznesi quran “qonşularımız”, görəsən, bu Azərbaycan deyimini heç düşünməmişdilərmi? Təəssüf ki, düşünməyiblər. 2022-2023-cü ilə dünya bazarına çıxarmaq istədikləri qara kürünün istehsalına zəngin təbiəti ilə tam cavab verən “Madagiz” adlandırdıqları ərazimizdə düz iki il əvvəl – 2020-ci ilin 3 oktyabrında Azərbaycan bayrağı yenidən dalğalandı və ərazi tarixi adına qovuşdu – Suqovuşana. Ağılsız ermənilərin xam xəyalları isə elə Suqovuşanın çox bəyənib, təqdir etdikləri sularına qovuşdu. Onlara üz tutub demək istəyirəm ki, əmin olsunlar, onlar bu qara kürüdən yeyə biləcəklər. Bu məhsulu planlaşdırdıqları illərdə – 2022-2023-cü illərdə “Qarabağda istehsal olunur” etiketi ilə dünya bazarından əldə edə biləcəklər.
Bəli, qonşuya ümid edib, xarici ölkələrə yalvarıb-yaxarıb investor tapıb onun torpağına yatırım yatıranda son aqibəti əvvəldən düşünməmək çox ağılsızlıqdır. Eynilə dilənçiliklə əldə etdikləri milyonlarla manat dəyərində olan silahları döyüş meydanında qoyub qaçdıqları kimi...

Suqovuşan Qarabağın açarıdır

Azərbaycanın “Brest ”qalası hesab edilən Suqovuşanın işğaldan azad olunması ilə Murov, Kəlbəcər, Tərtər yolu tamamilə kəsilir və Ağdamın azadlığına yol açılır. Murovdağ silsiləsinin cənub yamacı ilə Sərsəng gölünə yol buradan keçir. Bu gün öz taleyini Prezidentinə, Ali Baş Komandana əmanət edən Azərbaycan xalqı əmindir ki, arxasında olduğu dövlət rəhbərinin düşünülmüş və ardıcıl şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində, Milli Ordumuzun qəhrəman əsgər və zabitlərinin səyi ilə yaxın zamanda torpaqlarımız son qarışınadək işğaldan azad ediləcək. Azərbaycan bayrağı bütün əzəli torpaqlarımızda dalğalanacaqdır. Suqovuşan 30 illik həsrətliləri Qarabağa qovuşduracaqdır. Saf, təmiz suları ilə torpaqlarımızdan erməni çirkabını yuyub aparacaqdır.
Bu gün Azərbaycan “Qarabağ” dastanını yazır. Bu qəhrəmanlıq dastanının fonunda onun bir boyu olan “Suqovuşan” gələcək nəsillərə ərməğan edə biləcəyimiz ən dəyərli vətənpərvərlik hissi, qürur yerimizdir. Hələ “Qarabağ” dastanına irəlidə neçə-neçə belə qəhrəmanlıq boyları da yazılacaqdır...

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR