Hər səhər Qapıcıq zirvəsi üstündən doğan Günəş gülümsəyir bu diyara. Qışda, yazda, yayda və payızda Haçadağ min rəng alır bu Günəşin şüaları altında. Arazın sularının axması ilə ruhumuzu oxşayan bir musiqi yayılar ətrafa, bir də Ağrıdağdan axan külək bir akkord tutar bu musiqiyə. Gecələr də Günəş Ağrı dağının arxasında gizlənər burda. Payız isə Batabatdan gələr Naxçıvana.
Geyib yenə xəzan donun, payız gəlir. Rəssam, çək bu mənzərəni, gözəl-göyçək bir qız gəlir. Bax yenə də gur damlalar gözəl bir rəqs ifa edir, Gəmiqaya üzərində həkk olunan səhnəciklər yallı gedir...
Bir başqadır bu yerlərin payızı... Zəngəzurdan duyulanda ilk şimal küləyinin nəfəsi Günəşin gülüşləri ilıqlaşar. Öz qızıl donunu Batabat meşələrindən geyinməyə başlayar Naxçıvan, bir qızıl tac qoyar Xalxal və Payız meşələrinin başına payız. Arazın nəğmələri də bir az daha həzinləşər. Şərur düzü yayın istisindən yorulmuşdur. Onu qucaqlayar Tanrının Yer üzünə bərəkəti sayılan yağışlar, gələn ilin barını-bərəkətini gətirmək üçün insanlar torpaqları naxışlar.
Bir başqadır bu yerlərin payızı... Sədərəyin gül-çiçəyi yavaş-yavaş başını aşağı dikər. Ağrıdan əsən yellər başına sığal çəkər bu yurdun. Dalğalanar üçrəngli bayrağım qürurla: soyuqda da, yağışda da, qarda da burdayam deyə.
Bir başqadır bu yerlərin payızı... Xançoban dağlardan sürüləri endirər Arpaçay sahilinə. Arpaçay üzərində qurulan yeni stansiyaların işığı işıqlandırar payız gecələrini, tarixi qədimlərdən qədim Şərurun küçələrini. Yolun kənarındakı narbənd ağacı yenə də başını dik tutar. Güc toplamağa başlar, gələn yayın istisində insanları qorumaq üçün yeni donunun ölçüsünü deyər ana təbiətə.
Bir başqadır bu yerlərin payızı... Qıvraq, şən təbiətli, uzunömürlü insanların Vətəni Kəngərlidə bir ayrı rəng alar payız. Böyükdüzü Kəngərli süvarilərinin atları kimi çaparaq keçər küləklər. Yetincə Duz dağlarına bir az təəccüblə gəzib dolaşar buraları. Qarşısında maneələr vardır. Əvvəllər olmayan ağaclar bir meşəlik yaratmaqdadır. Çöllərdən, düzlərdən aldığı tozunu, torpağını təslim edər burada məcburi.
Bir başqadır bu yerlərin payızı... Yenə də Nəqşi-Azərbaycana, Nəqşi-cahana, dünyanın bəzəyinə çevrilmiş Naxçıvana fəsillərin nazlı qızı obrazında gələr payız. Öncə Əcəmi seyrəngahına gedər öpmək üçün böyük ana Möminə xatının əlini. Qızıl ipəklərlə ilmələnmiş don verər 40 incəbelli qıza – Möminə xatın ətrafındakı ağaclara. Tanrıdan yenə daşqın olacaqmı soruşaraq müdrik baxışlarla Araza boylanan Nuhun məqbərəsini də ziyarət edər payız. Yenə də tarixi əzəmətini bərpa edən şəhərə baxar. Sonra isə Babəkə doğru yola çıxar.
Bir başqadır bu yerlərin payızı... Nehrəmdən məscid minarələrindən qalxan azan səsini dinləyib, yol alar Əshabi-Kəhfə. Cənnət bağında öz nəğməsini oxuyub qalxar Əlincəyə. Boylanıb oradan Culfaya doğru dalar düşüncəyə. Min illərin sınağından üzüağ çıxan Culfa. Yağı hücum çəkəndə Əlincə vüqarı ilə son istinadgah kimi bütün Naxçıvana dayaq çıxan Culfa. İndi dirçəlmişdir qəddi-qamətin. Heç zaman olmayıb belə zinətin, – deyib, yol alar Ordubada...
Bir başqadır bu yerlərin payızı... Bir qonaq kimi gələr bir axşamüstü Ordubada fəsillərin nazlı qızı. Ordubad limonunun ətrinə boyanmış evlərin birinin yanında ayaq saxlayar, qışa azuqələri varmı insanların görəsən? – deyib pəncərələrdən evlərə baxar, süfrələri yoxlayar. Yenə də süfrəsində bol naz-nemət, şirin-şəkər var insanların. Gülümsəyər payız. Qalxar Göygölə... Oturar gölün özünə aid sahilində və qışı “yola çıxmağının zamanıdır” deyə haraylayar bu sahildən o sahilə.
Elnur KƏLBİZADƏ