25 Dekabr 2024, Çərşənbə

Mədəniyyət insanın yaratdığı, nəsildən nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olmaqla cəmiyyətin inkişafında mühüm rol oynayan bir sahədir.  
Bu gün müstəqil dövlətimiz özünün yeni inkişaf mərhələsindədir. Bu inkişaf mədəniyyət sahəsini də əhatə edir. Muxtar respublikamızda da mədəniyyətin inkişafına göstərilən qayğı, belə qayğı hesabına əldə edilən uğurlar göz qabağındadır və hər birimizi ürəkdən sevindirir.
Bu günlərdə Babək rayonunda bu sahədə görülən işlərlə tanışlıq zamanı bir daha yəqin etdik ki, qədim diyarımızda mədəniyyətin inkişafına qayğı dinamik xarakter alıb. Bölgədəki mədəniyyət müəssisələrinin normal fəaliyyət göstərməsini təmin etmək məqsədilə onların böyük əksəriyyəti üçün yeni binalar inşa olunub, onların maddi-texniki bazaları gücləndirilib.
“İnsan yaxşı işlədiyi kimi, yaxşı da yaşamalı, öz kökünə, tarixinə bələd olmalı, adət-ənənələrini qoruyub saxlamalı və onu daha da inkişaf etdirməli, bilik və dünyagörüşünü daim artırmalıdır. Bunun üçün də mədəniyyət sahəsinə qayğı prioritet istiqamətə çevrilməlidir”. Ulu öndərimiz Heydər Əliyevin bu fikrini xatırladan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayeva söhbətində bildirdi ki, görkəmli dövlət xadiminin milli-mənəvi dəyərlərimizin, ulu keçmişimizin öyrənilməsi ilə bağlı tarixi fəaliyyəti, nitq və çıxışları, göstəriş və tövsiyələri bizim üçün əməli fəaliyyət proqramıdır.

Şöbə müdirinin sözlərinə görə, şöbənin tabeliyində fəaliyyət göstərən 72 müəssisə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır, bölgə sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə töhfələrini verməyə səy göstərir. Rayon sakinləri Tarix-Diyarşünaslıq və Cəlil Məmmədquluzadənin Xatirə muzeylərinin və 16 mədəniyyət evinin, 36 kitabxana filialının, 12 klubun, xalq teatrının xidmətindən istifadə edir. Babəkli uşaqların musiqi sahəsində olan istedad və bacarıqlarının üzə çıxarılaraq düzgün istiqamətləndirilməsi üçün rayon mərkəzi Babək qəsəbəsində, Nehrəm, Zeynəddin, Cəhri və Şıxmahmud kəndlərində olmaqla, 5 uşaq musiqi məktəbi fəaliyyət göstərir.
2013-cü ilin muxtar respublikada “Heydər Əliyev ili” elan olunması mədəniyyət işçilərinin məsuliyyət hissini bir qədər də artırıb, müxtəlif tədbirlərin keçirilməsində onların fəallığı təmin olunub. Bu sırada ulu öndərin 90 illik yubileyi münasibətilə keçirilən tədbirləri xüsusi qeyd etmək lazımdır. Rayonun kitabxana, klub və mədəniyyət evlərində “Heydər Əliyev və milli dəyərlərimiz”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyev və Azərbaycançılıq”, “Müstəqil Azərbaycanın memarı” və başqa mövzularda tədbirlər keçirilib, sərgilər təşkil edilib.
İlin əvvəlindən rayon və kənd mədəniyyət evlərində, klub müəssisələrində, kitabxanalarda tarixi günlər, bayramlar və yubileylər münasibətilə silsilə tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılıb. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm rol oynayan görkəmli sənətkarlara diqqətin ifadəsi kimi təşkil olunan tədbirlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır. Xalq şairi Məmməd Arazın, İslam Səfərlinin, Mikayıl Müşfiqin, Ənvər Məmmədxanlının yubileyləri və xatirə günləri ilə əlaqədar müxtəlifistiqamətli tədbirlər keçirilib. Bayram günlərində rayon Mədəniyyət Evinin “Zabul” instrumental və “Şəms” muğam ansamblları, bədii özfəaliyyət kollektivi rayon ərazisindəki hərbi hissələrdə konsert proqramları ilə çıxış ediblər.
Bu gün babəkli mütaliə həvəskarları rayon kitabxanalarındakı 350 min 500 kitabdan istifadə etmək imkanı qazanıblar. Kitabxana-oxucu əlaqələrinin gücləndirilməsində yeni kitabların təbliğinin və müzakirəsinin mühüm əhəmiyyət daşıdığını unutmayan kitabxana əməkdaşları belə mədəniyyət müəssisələrinə gətirilən yeni kitabların sərgilərini təşkil edir, gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşdırılmasında bədii təsir gücünə malik olan əsərlərin müzakirəsini diqqət mərkəzində saxlayırlar.
Rayon Mədəniyyət Evi Babək qəsəbəsinin ən gözəl və yaraşıqlı binalarından biridir. Babəklilərə böyük qayğının ifadəsi kimi müasir tələblər səviyyəsində inşa olunmuş Mədəniyyət Evinin binası lazım olan avadanlıqlarla təmin edilib, burada bir sıra dərnəklər yaradılıb. 2009-cu ildə fəaliyyətə başlayan Babək Rayon Xalq Teatrı bu dövrdə bir neçə əsər hazırlayaraq tamaşaçılara təqdim edib: B.Vahabzadənin “Yollara iz düşür”, M.Əlizadənin “Şeyx Rəhmətulla”, C.Cabbarlının “Solğun çiçəklər”, S.Axundovun “Məhəbbət nişanəsi”, H.Cavidin “Ana” əsərləri. Teatrda hazırda Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərinin stolüstü məşqləri aparılır. Yeri gəlmişkən onu da qeyd edək ki, xalq teatrının nəzdində uşaqlardan ibarət “Tumurcuq” dram dərnəyi yaradılıb. Məqsəd isə bugünkü məktəblilərdə böyük səhnəyə maraq oyatmaq və xalq teatrına kadr yetişdirməkdən ibarətdir.
Ümummilli liderimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və zənginləşdirilməsi, tariximizin öyrənilməsi sahəsində tarixi xidmətlər göstərib. Həmin əvəzsiz xidmətlərdən biri də milli dəyərlərimizi təbliğ edən, tariximizin yaşadıldığı mədəniyyət müəssisələrinin yaradılması, onların fəaliyyətinin təmin edilməsidir. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin böyük bir qismi ötən əsrin 70-ci illərində yaradılıb. O illərdə yaradılan Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi gənc­lərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi işində əvəzsiz rol oynayıb. Gənclər, orta məktəb şagirdləri və müəllimlər tez-tez Tarix-Diyarşünaslıq Muzeyinin qonağı olurlar. Bu mədəniyyət müəssisəsi rayonda aparılan arxeoloji tədqiqatlar zamanı ərazidən tapılan maddi-mədəniyyət nümunələri hesabına daha da zənginləşdirilib. Buraya tez-tez məktəblilərin ekskursiyaları təşkil olunur, muzeydə açıq dərslər keçilir. Ötən ilin sonlarında muzey binasında yenidənqurma işlərinə başlanılıb. Son tamamlama tədbirləri həyata keçirilən Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası bu gün-sabah qapılarını babəklilərin üzünə açacaq. Bu muzey babəklilərin və rayon mərkəzinə gələn qonaqların ən çox üz tutduqları ünvan funksiyasını yenidən yerinə yetirməyə başlayacaq.
Rayonun ərazisində 5 dünya, 41 ölkə, 83 yerli əhəmiyyətli abidələr var.  Bu tarixi yadigarların qorunması, gələcək nəsillərə ötürülməsi, tədqiqi və təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məktəblilərin belə ünvanlara ekskursiyaları təşkil olunur, maarifləndirici söhbətlər aparılır. Onlarda maddi-mədəni irsə məhəbbət hissləri formalaşdırılır.
Babəklilər həmişə dövlətçiliyə dərin ehtiram və sədaqətləri ilə tanınmışlar. Bu gün də onlar bölgənin iqtisadi və mədəni potensialının ölkəmizin tərəqqisi naminə istifadə edilməsində əzmkarlıq nümayiş etdirirlər. Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi bu prosesdə fəal iştirak etməklə milli-mədəni dəyərlərimizi öyrənmək, təbliğ etmək və zənginləşdirmək işinə öz töhfəsini verir.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR