M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasına ictimai baxış olmuşdur. İlk dəfə olaraq Naxçıvan Dövlət Kukla Teatrında marionetka kuklalardan istifadə edilməklə hazırlanan bu tamaşa “Arşın mal alan” operettasının səhnəyə qoyulmasının 100 illiyi ərəfəsində səhnələşdirildiyi üçün maraq doğurur.
Tamaşada Azərbaycan xalq teatrının ünsürlərindən, formalarından da istifadə edilmişdir. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rəfael Qədimovdur.
Tamaşadakı mahnılar milli musiqi alətlərimiz – tar, kamança və qavalla ifa olunmuşdur. Bir saat 25 dəqiqədən ibarət tamaşanı böyük bəstəkarın əsərləri daha baxımlı etmişdir.
Tamaşada rolları aktyorlar İbad Nəbiyev (Əsgər), Ləman Vəliyeva (Gülçöhrə), İlqar Babayev (Süleyman), Süleyman Süleymanov (Soltan bəy), İlham Babayev (Vəli), Xalq artisti Yasəmən Ramazanova (Telli) və başqaları səsləndirmişlər.
İctimai baxışdan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Xalq artistləri Kamran Quliyev, Yasəmən Ramazanova, rəssam Əli Səfərli, şair Zaur Vedili, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev çıxış edərək tamaşa haqqında fikir və rəylərini bildirmişlər.
Əli RZAYEV