Vətən nədir?
Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən qanla yoğurulan torpaqdır. Vətən mənəviyyat, namusdur, Vətən and yeri, qibləgahdır, Vətən anadır, isti qucaqdır. Vətən azadlıqdır, Vətən ulularımızın əmanəti, əcdadlarımızın uyuduğu müqəddəs mirasdır. Vətən, düşünmədən fəda edə bilmək duyğusunun təcəssümüdür. Vətən – bütöv Azərbaycandır! Azərbaycan dedikdə böyük bir düha, yenilməz bir ordu canlanır göz önündə! Azərbaycan dedikdə mərdlik, vətənpərvərlik, igidlik və səxavət mücəssəməsi olan xalq anılır. Azərbaycan dedikdə ucsuz-bucaqsız bərəkətli torpaqlarında yağıların göz dikdiyi sərvəti dillərə dastan olmuş böyük bir Vətən xatırlanır!
Bəs kimindir bu Vətən?
Yağıdan haqq-hesab soranların, döyüş meydanında ərtək savaşanlarındır, Allah dərgahına ərənlərin, şəhadətə yüksələnlərindir. Köksünü Vətənə sipər çəkənlərindir, təmənnasız ona xidmət edənlərindir, bir ovuc torpağı canından əziz tutanlarındır.
İnsan qəlbinin ənginliklərində daim bir sevgi nəğməsi oxunur. Bu nəğmə, Vətən nəğməsidir. Hələ beşikdə çırpınan balaca körpələrimizin ürkək qəlbləri ancaq bu nəğməni zümzümə edir. Bu nəğməni hərə bir cür oxuyur. Onu döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə oxuyanlar da olub, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə oxuyanlar da.
Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Vətən dəyişmir, bölünmür, satılmır, köhnəlmir, qocalmır. Vətəndən pay olmur. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. O, əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır!
Torpağı Vətən edən millətin onda yaşadığı tarixdir. Bizim tariximiz zəngindir, şərəflidir, qürurvericidir. Atalarımız sahib olduqlarından imtina edərək bu torpaqlar uğrunda canlarını verib şəhid olublar. Azərbaycanımız bizə atalarımızın əmanətidir. Atalarımızın bizə əmanət etdiyi cənnət Vətənimizi qorumaq üçün yağı düşmənə sinə gərməliyik, cəbhələrdə igidcəsinə döyüşməliyik. Min illərdir, üzərində yaşayıb-yaratdığımız bu torpaqların dəyəri yüksəkdir. Tarixi minlərlə qəhrəmanının biləkləri gücünə qurulmuş Azərbaycan övladının heç bir döyüşdən geri çəkilmək kimi bir qorxusu yoxdur. Çünki onun güclü dövləti, güclü ordusu, güclü iradəsi var. Heç bir Vətən mübarizə olmadan müstəqilliyini qoruya bilməz. Azərbaycanımızın hər qarışı bizim üçün dəyərlidir, dəyərdir. Vətənə olan sevgisi insanın ən ülvi, müqəddəs və ali duyğusudur. Tariximizin səhifələri Azərbaycanın qəhrəman övladlarının şücaətləri ilə doludur. Düşmənlə apardığı amansız mübarizə onları xalqın qəhrəmanlarına çevirib. Biz qəhrəmanlarımızı heç vaxt unutmuruq. Vətəni sevmək ən böyük mərdlikdir. Çünki üzərində yaşadığı torpaqlar və eyni millətə mənsub insanlar, birlik və bərabərlik içərisində yaşadıqları zaman o ölkədə dinclik və güvən mühiti təsis edilir. İnsan vətənpərvərlik duyğuları sayəsində lazım olduğu zaman Vətəni üçün ölməyə belə, hazırdır. Vətəni uğrunda canını ortaya qoyanlara şəhid deyilir. Şəhidlik isə dinimizdə ən böyük mövqelərdən biridir. Keçmişdən günümüzə yüz minlərlə igidlərimiz şəhidlik mərtəbəsinə yüksələrək, Vətənimiz uğrunda həyatlarını ortaya qoyaraq, ölkəmizin inkişafı naminə şəhid olublar. Şəhidlərimizin bu uca məqama çatan ruhu sayəsində bu gün biz rahat şəkildə yaşayırıq. Biz o qorxmaz, sarsılmaz, yenilməz insanların nəsliyik. Bu səbəbdən onlara layiq bir övlad kimi yaşamalı və onlar qədər biz də vətənpərvərlik duyğularını ürəyimizdə səmimi bir şəkildə hiss etdirməliyik. Bu vətən hamımızındır. Vətənimiz təhlükəyə düşdüyü vaxt biz də atalarımızın etdiyi kimi bir an belə, düşünmədən canımızı ortaya qoymağı bacarmalıyıq. Elə əsl vətənpərvərlik də budur. Mənfur düşmənlərin pusquda olduğu bu vaxtlarda hər birimiz ayıq olmalı, əlimizdə bayraq, dilimizdə dua Vətənimizin müdafiəsində qanımızı, canımızı əsirgəmədən dövlətimizin ətrafında sıx birləşməliyik.
- Gülcamal TAHİROVA