Dünyada ən möhtəşəm tikililər arasında qalalar, qəsrlər mühüm yer tutur. Çünki bu istehkam qurğuları, sadəcə, tikili deyil, həm də təmsil etdiyi xalqın mübarizə, əzm tarixini və mühəndis-texniki düşüncə tərzini özündə yaşadır. Buna görə də dünyada turistlərin ən çox ziyarət etdiyi yerlər sırasında qədimdən qalan qəsrlər, qalalar üstünlük təşkil edir.
Beşminillik şəhər mədəniyyəti olan qədim Naxçıvan ilk insan yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm abidələri ilə öyünür. Böyük İpək Yolunun üzərində yerləşən qədim Naxçıvan, həmçinin əlverişli şəraiti, strateji coğrafi mövqeyi ilə tarixboyu başqa dövlətlərin diqqətini cəlb edib, diyarımız yadelli hücumlarına məruz qalıb. Azərbaycan tarixinə şanlı qəhrəmanlıq salnamələri yazan xalqımız doğma torpaqlarımızı düşmən hücumundan qoruyub, yaşayış məntəqələrini işğal və dağıntılardan qorumaq üçün müdafiə-istehkam qurğuları – qalalar tikib. Nəticədə, bu qədim diyarda yadelli işğalçılardan qorunmaq üçün Oğlanqala, Qazançı qalası, Çalxanqala, Əlincəqala, Naxçıvanqala kimi möhtəşəm müdafiə istehkamları – qala-şəhərlər meydana gəlib. Bu qalalar möhtəşəmliyi və əzəməti ilə hər daşında, qayasında ulu babalarımızın qəhrəmanlıq, mübarizlik əzmini yaşadır.
Əlincəçay vadisi muxtar respublikanın qədim tarixə malik olan ərazilərindən biridir. Burada hər addımda qədim yaşayış yerlərinə rast gəlirsən. Əlincə, Xanəgah kimi kəndlərimiz tarixin ən qədim dövrlərinə şahidlik edən yaşayış məntəqələridir. Əlincəçay vadisinin qədim yaşayış yerlərindən biri olduğunu sübuta yetirən amillərdən biri də burada qədim qala şəhərlərinin izlərinə rast gəlinməsidir. Naxçıvanın ən qədim müdafiə istehkamlarından biri olan Qazançı qalası da bu ərazidə yerləşən abidələrdən biridir. Əlincəçayın hər iki sahilində qərarlaşan qalanı tarixçilər Kas türkləri ilə bağlayırlar. Aşkar edilmiş arxeoloji materialların təhlili əsasında qeyd olunur ki, Qazançı qalası eradan əvvəl III-I minilliklər ərzində fəaliyyət göstərib. Qalanın ətrafında, həmçinin qədim nekropol yerləşir. 12 hektar ərazini əhatə edən qala bəzi yerlərdə iki və üç cərgə divarla möhkəmləndirilib. 1999-cu ildə burada aparılan araşdırmalar zamanı onun mərkəzi hissəsində Narınqalanın olduğu müəyyən edilib. Yonulmuş iri qaya parçalarından inşa olunmuş divarlardan bəzən bir, bəzən isə iki sıra daş hörgülər dövrümüzədək gəlib çatıb. Narınqalanın bu mühüm istehkam qurğusunun mərkəzi və ən hündür hissəsində yerləşməsi həm qalanı, həm də qalaya yaxınlaşan yolları nəzarətdə saxlamağa imkan verib.
Tarixin dərin qatlarına şahidlik edən Əlincəqala möhtəşəmliyi, əzəməti ilə Naxçıvanın məğrurluq simvoluna çevrilib. Əlincəqala xalqımızın yaddaşında yadelli işğalçılara qarşı müqavimət mərkəzi kimi qalıb. Qalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Hətta qədim mənbələrdə qalanın 2 mindən çox yaşı olduğu göstərilir.
Azərbaycan Atabəyləri hökmranlığı dövründə Əlincəqala mühüm hərbi istehkam olaraq hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilib. Əlincəqala XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin idarəçiliyinə keçib. Zamanının məğlubedilməz hökmdarı Əmir Teymur bu qala uğrunda uzun müddət mübarizə aparıb. Onun qoşunları Əlincə qalasına dəfələrlə hücumlar etsə də, 14 il ərzində qalanı fəth edə bilməyib. İndi qürur doğuran yekdil fikir budur ki, Əlincəqala bir Teymura qarşı mübarizəsinə, bir də dövrümüzdə əsaslı bərpasına görə tarixdə həmişə yaşayacaq.
Əlincəqalanın hündürlüyü 2 min metrdir. Sıldırım qayalıqlarla əhatə olunması qalanı çıxılması çətin olan bir istehkam qurğusuna çevirib. Ulu tariximizə işıq tutan bu qalanın bir mühüm əhəmiyyəti də ondan ibarətdir ki, qala əcdadlarımıza xas olan tikinti mədəniyyətini də qoruyub saxlayıb. Dörd dövrəsi dağlarla, qayalarla, daşlarla zirehlənən, alınmaz istehkama çevrilən bu qala ər savaşlarında igid oğullarımızı yadellilərin fitnə-fəsadından qoruyub. Bu mərdlik qalasının hər daşına, divarına xalqımızın mübarizliyi, qəhrəmanlığı, düşmənə qarşı qəzəb və nifrəti hopub. Adı ulu dastanımız “Kitabi-Dədə Qorqud”da dəfələrlə çəkilən Əlincə qalasının dünya mədəniyyət tarixində xüsusi yeri və əhəmiyyəti vardır. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib.
Tarixi keçmişimizə göstərilən hörmət və ehtiramın nəticəsidir ki, Naxçıvan ərazisində mövcud olan bütün tarixi abidələr qorunur və mühafizə altına alınır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamı ilə qalaya yeni həyat bəxş olunub. Bərpa işləri zamanı qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa edilib. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. 2016-cı il iyunun 17-də yenidənqurmadan sonra istifadəyə verilən qalaya gediş-gəliş xeyli asanlaşdırılıb. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Bu gün qalanın ən uca zirvəsində üçrəngli bayrağımız dalğalanır.
Əlincəqala bərpa olunduqdan sonra burada tapılan nadir tarixi-mədəni nümunələri qoruyub saxlamaq və nümayiş etdirmək məqsədilə ərazidə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi də yaradılıb. Muzeydə Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir.
Bütün bu tədbirlərdən sonra Əlincəqalanın turizm imkanları da xeyli yüksəlib. Muxtar respublikamıza səfər edən turistlərin böyük əksəriyyəti Əlincəqala tarixi abidəsinə maraq göstərirlər. Buna görə də qalanın daha geniş, dünya auditoriyası səviyyəsində təbliği məqsədilə “Əlincəqala” kitabı və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin internet saytı hazırlanaraq istifadəyə verilib. Sayt vasitəsilə internet istifadəçilərinə Əlincəqala haqqında geniş, dolğun məlumat təqdim edilir. Bütün bunlar dünya ictimaiyyətində xalqımızın orta əsrlər dövrünə aid məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır və Naxçıvana turist axınının sürətlənməsinə öz təsirini göstərir.
Bir zamanlar Əmir Teymur kimi dünya fatehlərinə uzun illər boyu sinə gərən qala bu gün də dünyanın dörd bir yanından gələn turistlərin diqqətini çəkir. Bir neçə il bundan öncə qalanın əzəmətli zirvəsi ancaq qartallar məskəni idisə, bu gün böyükdən-kiçiyə hər kəs rahatlıqla qısa bir vaxtda Əlincə zirvəsinə qalxa bilir. Bərpadan əvvəl sıldırım qayaların əhatəsində qalaya qalxmaq xeyli çətin idi. Hətta ərazi o qədər əlverişsiz idi ki, bərpa zamanı, ümumiyyətlə, texnikanın gücündən istifadə mümkün olmayıb. Tikinti materiallarının daşınmasında atlardan, qala divarlarının və digər tikililərin bərpasında isə ancaq insan əməyindən istifadə edilib, qala divarları kərpic-kərpic ucaldılıb, məğrurluq tariximiz pillə-pillə bərpa olunub. Artıq naxçıvanlılar və Əlincə sorağı ilə diyarımıza təşrif buyuran qonaqlar Əlincəqalaya rahatlıqla səfər edir, əzəmətli zirvədən ətrafın gözəl mənzərələrini seyr edir, fotolar çəkib paylaşırlar. Təsadüfi deyil ki, diyarımızdan xoş təəssüratlarla ayrılan xarici ölkə nümayəndələri mətbuat səhifələrində, internet portallarında, sosial şəbəkələrdə daha çox Əlincəqalanı paylaşır, təəssüratlarını heyranlıqla təqdim edirlər. Əlincəqala səfərindən böyük zövq alan turistlər yekdilliklə Əlincəqalanı “Qafqazın Maçu-Piçusu” adlandırırlar.
Şərur rayonu ərazisindəki Arpaçay vadisi də bərəkətli torpaqları və əlverişli şəraiti ilə yurdumuza düşmən gözü ilə baxanların işğallarına məruz qalıb. Buna görə də bu ərazidə də özünəməxsus istehkam qalaları tikilib, qalanın Qarasu qalası, birinci və ikinci Qız qalaları, Oğlanqala möhtəşəm hərbi istehkamların dövrümüzə qədər gəlib çatan nümunələridir. Strateji cəhətdən olduqca əlverişli mövqedə salınan bu qalalar yadelli hücumlarının qarşısının alınmasında mühüm əhəmiyyətə malik olub. Oğlanqalada və Qızqalada yaşayan əcdadlarımız Erkən Dəmir dövründə vahid dövlət halında birləşərək xarici işğalçılara qarşı mübarizə aparıblar. Aparılan tədqiqat işləri sübut edib ki, bu qalaların ətrafındakı 487 hektarlıq ərazi möhtəşəm müdafiə divarları ilə əhatə olunub. Aşkar edilən təsərrüfat küpünün parçaları üzərindəki mixi işarələr Oğlanqalada yazı sisteminin mövcudluğunu təsdiqləyir. Həmçinin qalanın yaxınlığında yerləşən Sədərək, Xələc, Qalaçıq yaşayış yerlərinin əhalisi Erkən Dəmir dövründə güclü tayfa ittifaqı yaradaraq tarixi ərazimizin və mədəniyyətimizin qorunmasını təmin edib.
Naxçıvanın mübarizlik və qəhrəmanlıq tarixinin şanlı bir səhifəsi də Cəhriçayın sağ sahilində, Çalxan dağının üzərində aşkarlanıb. Buradakı Çalxanqala da öz möhtəşəmliyini saxlayan abidələrdəndir. Özünəməxsus quruluşu ilə diqqəti cəlb edən qala əlverişli mövqedə yerləşir. Tikinti texnikasına görə Oğlanqala və Qazançı qalası ilə oxşardır. Buradan Cəhriçay və Naxçıvançay vadisini nəzarətdə saxlamaq mümkündür. Qalanın yerləşdiyi Çalxan dağı hər tərəfdən sıldırım qayalarla əhatə olunduğundan əsas giriş yolu cənub tərəfdəndir. Qaladan Cəhriçaya enmək üçün yeraltı yol salınıb. Şübhəsiz ki, yeraltı yollar həm də gizli çaparların göndərilməsi və düşmənə qəfil zərbələr vurmaq üçün də mühüm əhəmiyyətə malik idi. Qalanın şimalında mövcud olan qavaldaşdan isə yadelli yürüşlərinin əvvəlcədən xəbərdar edilməsi üçün istifadə olunub.
Xalqımızın mübarizlik tarixinin möhtəşəm nümunələrindən biri də Naxçıvan şəhərindəki Naxçıvanqaladır. Bu gün “festivallar məkanı” kimi dünyada məşhurlaşan Naxçıvanqala təkcə müdafiə məqsədi daşımayıb, eyni zamanda bu tarixi ərazidə formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. Tarixin müxtəlif dönəmlərində Naxçıvana gələn səyyahların verdikləri məlumata görə, Naxçıvanqala ХVII əsrin оrtаlаrınаdək müdаfiə istеhkаmı kimi mövcud оlub. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında verilən Naxçıvanqalanın sxematik təsvirinə əsasən qala iki hissədən – kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir. Kiçik qala və ya Narınqalanın cənub-qərbində 300 nəfərin qoruna biləcəyi yeraltı sığınacaq – mağara da var. Güman edilir ki, mağaradan qalanın şərqinə tərəf gedən gizli yol qaladan, təxminən, 2 kilometr aralı məsafədə axan Naxçıvançaya çıxır.
Qalanın müasir dövrədək saxlanmış divarları orta əsrlərə aiddir. Divarlar daş qarışıq möhrədən inşa edilib, yarımdairəvi bürclərlə möhkəmləndirilib. Yaşayış binalarının üst hissəsindən döyüşçülərin hərəkət etməsi üçün meydan kimi istifadə olunub. Səfəvi-Оsmаnlı mühаribələri zаmаnı güclü dаğıntıyа məruz qаlmış qаlаnın əvvəlki möhtəşəmliyini bərpа еtmək mümkün оlmayıb. Qаlа müdаfiə əhəmiyyətini itirdikdən sоnrа burаdа mülki əhаlinin həyаtı müəyyən müddət dаvаm еdib. Şəhərin böyük qala hissəsində küp qəbirlərin tapılması burada antik dövrdə də həyatın olduğunu göstərir. 1983-1991-ci illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunub. Arxeoloji tədqiqatlardan məlumdur ki, belə daş gürzlərdən Tunc dövründə eramızdan əvvəl III-II minilliklərdə duz mədənlərində istifadə olunub.
Tarixi abidələrimizə böyük qayğının daha bir nümunəsi də Naxçıvanqaladır. Tükənməz yurd sevgisi əsrlər boyunca bərpası mümkünsüz sayılan qalaya yeni həyat bəxş edib. Naxçıvanqalanın bərpasına 2010-cu ildə başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 2013-cü il 5 iyun tarixdə Sərəncam imzalayıb. 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olub. Muzeydə eramızdan əvvəl V-III minilliklərə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir. Bu gün Naxçıvanqala qədim tarixi-mədəni abidələrimiz sırasında olmaqla yanaşı, həm də beynəlxalq tədbirlərin, konsert və festivalların keçirildiyi bir ünvan kimi məşhurdur. Bu günlərdə “Arıçılıq məhsulları – bal festivalı”na ev sahibliyi edən Naxçıvanqalanı hər il minlərlə turist ziyarət edir.
Əlincəqala, Naxçıvanqala və onlarla digər tarixi abidələrimizin bərpası və qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlər tariximizə, mədəniyyətimizə, milli kimliyimizə sahibliyin silinməz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Artıq muxtar respublikada 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb ki, onlardan da 80-i qalalardır. Dünyanın ən qədim insan məskənlərindən biri olan Naxçıvanda 2016-cı il iyulun 8-10-da “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın keçirilməsi də tarixi keçmişimizə bir baxış idi. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Qalalar isə yalnız sığınacaq məqsədi daşımayıb. Qalalar bu ərazidə yaşayan əcdadlarımızın həyat tərzini, dövlətçilik ənənələrini və memarlıq sənətini özündə yaşadan mədəniyyət nümunələridir.
Tarixin şahidi və iştirakçısı olan qalalarımız məğrurluq, yenilməzlik simvoludur. Möhtəşəm Naxçıvan qalaları milli dövlətçiliyimizin, mübarizlik, birlik, həmrəylik kimi silinməz ənənələrimizin daş yaddaşıdır. Bu qalaların əzəməti və möhtəşəm tarixi gənclərə torpaq təəssübü və Vətənə dərin sədaqət hissi aşılayır. Buna görə də digər tarixi abidələrimiz kimi qalalarımıza da böyük hörmət, ehtiram və qayğı ilə yanaşılır. Bu diqqət, qayğı isə yüksək qiymətə layiqdir. Bu qiymətin ən mühüm ifadəsi isə bərpa zamanı Əlincəqalanın girişindəki salınmış daş kitabə üzərində həkk olunub: “Tarixi yaşadanları tarix də yaşadacaqdır”.
- Gülcamal TAHİROVA