Sentyabrın 25-də görkəmli dramaturq Cəfər Cabbarlının “Aydın” dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 138-ci teatr mövsümünü açıb.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 138-ci mövsümünə başlayan Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb, bəşəri və milli məsələləri səhnəyə gətirməklə daim tamaşaçı sevgisi qazanıb.
Vurğulanıb ki, Naxçıvan teatrı milli dramaturgiyamızın klassik nümunələrinə geniş meydan verməklə, milli şüurun formalaşmasına, Azərbaycançılıq ideyasının yayılmasına qayğı ilə yanaşıb, ölkədə milli mənafeyə xidmət işinə dəyərli töhfələr verib. Bütün bu uğurlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu prinsipial, sağlam mənəviyyatlı siyasi kursun bəhrələridir.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində daim ardıcıl tədbirlər həyata keçirilir, teatr sənətinə bağlı insanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Diqqətə çatdırılıb ki, ötən teatr mövsümündə “Ehsan xan Kəngərli”, “Ölülər və dəlilər”, “Teleskop” və “Burla Xatun” kimi maraqlı, eyni zamanda ideya-bədii cəhətdən müxtəlifliyi ilə seçilən əsərlər səhnələşdirilib. Həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aprel ayından etibarən mövcud vəziyyətlə əlaqədar olaraq “Burla Xatun”, “Ehsan xan Kəngərli” və “Teleskop” tamaşalarını, “Aydın” pyesi əsasında hazırlanmış eyniadlı tamaşadan bir hissəni onlayn formada təqdim edib, “Ağıldan bəla” əsəri əsasında hazırlanmış tamaşanın isə onlayn premyerasını keçirib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini və teatrsevərləri 138-ci teatr mövsümünün açılışı münasibətilə təbrik edib, teatr kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra “Aydın” tamaşası göstərilib. Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı gənc rejissor Həcərxanım Məmmədova, rejissoru və səhnə tərtibatçısı Səyyad Məmmədovdur.
Tamaşada professional aktyor heyəti təmsil olunur.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti