Muxtar respublikamızda göstərilən dövlət qayğısı sayəsində təhsilin, iqtisadiyyatın, kənd təsərrüfatının bütün sahələrində elmi yanaşmaya, mütərəqqi metodların tətbiqinə üstünlük verilir ki, bu da özünü günbəgün artan inkişafda, tərəqqidə göstərir.
Yaradılan şəraitin nəticəsidir ki, keçmişdən günümüzədək nəsildən-nəslə ötürülərək gəlib çatan, ulu babalarımızın əsas məşğuliyyət sahələrindən sayılan arıçılıq da müasir dövrün elmi, texniki yeniliklərindən kənarda qalmayıb. Belə ki, Naxçıvanda arıçılığın inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarına, verilən tapşırıqlara uyğun olaraq ötən müddət ərzində bu sahənin problemləri və inkişaf perspektivlərinə həsr olunan beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilib, istiqamətverici nəşrlər hazırlanıb, özünü doğrultmuş fəaliyyət planının mənimsənilməsinə, arıçılar arasında təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradılıb. Arıçıların rastlaşdıqları problemləri ümumiləşdirərək onların həllinə nail olmaq məqsədilə yaradılan Arıçılar İctimai Birliyinin son illərdəki səmərəli fəaliyyəti, yerlərdə təsərrüfatçılarla görüşlərin təşkili, keçirilən ənənəvi festivallar sayəsində bu qədim və çox əhəmiyyətli təsərrüfat forması özünün yüksək inkişaf mərhələsinə qədəm qoyub. Eyni zamanda xəstəliklərin müalicəsi üçün hər il arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinə pulsuz dərman preparatlarının verilməsi, istehsal etdikləri məhsulları satmaq üçün hər həftənin şənbə-bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan yarmarkalarda əlverişli şərait yaradılması bu sahənin kütləviləşməsinə stimul verən mühüm amillərdir.
Ömrünün 20 ildən çoxunu arıçılığa həsr edən, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov dövlətimizin göstərdiyi qayğıdan səmərəli faydalanaraq bu sahədə elmi yeniliklərə imza atmaq əzmi ilə çalışır. 20-dən çox arı ailəsi bəsləyən təsərrüfatçı-alim hazırda yerli saf fərdlərin alınması, eləcə də dünyanın bir sıra ölkələrinin, o cümlədən Türkiyə, Almaniya və Ukraynanın “Boz Qafqaz”, “Karniyol”, “Belfast” adlı məhsuldar arı cinslərini muxtar respublika şəraitinə uyğunlaşdırmaq üçün seleksiya işləri aparır. Deyir ki, istənilən sahədə uğur əldə etmək üçün, ilk növbədə, şəraitin əlverişli olması vacib şərtdir. Məsələyə bu prizmadan yanaşsaq, görərik ki, Naxçıvanın təbii-coğrafi vəziyyəti və iqlimi balverən bitkilərin müxtəlif dövrlərdə çiçəkləməsinə səbəb olur. Bu məqamda bir faktı da qeyd etmək yerinə düşər ki, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun araşdırmalarının nəticələrinə görə, muxtar respublikada 177 fəsiləyə daxil olan 3022-yə qədər ali bitki növü vardır ki, onların da 400-dən çoxu balvermə xüsusiyyətinə malikdir. Beləliklə, mövcud təbii şəraitin fonunda arıçılığın inkişafı üçün münbit yem bazası formalaşır ki, bu da diyarımızda 100 mindən artıq arı ailəsi saxlamağa və bunlardan bol məhsul əldə etməyə imkan verir. Arıçılığın yem bazasının zənginləşməsinə təsir edən amillər sırasında kütləvi hal alan yaşıllaşdırma tədbirləri, yeni salınan parklar, gülkarlıqlarla bəzənən küçələr və yol kənarları, eləcə də tarlaqoruyucu meşə zolaqlarının, əsasən, nektarlı və tozcuqlu bitkilərdən (söyüd, ağ akasiya, iydə, armud, alça, gavalı, müxtəlif yemişan növləri və sair) ibarət olması mühüm rol oynayır. Məhsuldarlığın artırılmasında əsas amillərdən biri də arı ailələrinin planlı surətdə lazımi yerlərə köçürülməsidir. Bu baxımdan köç zamanı da muxtar respublikanın gözəl təbiəti arıların məhsuldar fəaliyyətinə geniş imkanlar açır, digər tərəfdən dövlətimiz də arıçılara bu işlərdə lazımi dəstək göstərir, subsidiyalar verilir, məhsulların satışı üçün yarmarkalar, festivallar təşkil olunur ki, bu amillər də son illərdə qədim təsərrüfat formasına marağı xeyli artırıb.
Elsevər müəllim qeyd edir ki, arıçılığın qədim şöhrətinin bərpası və gələcək inkişafını təmin etmək üçün mövcud imkanlardan səmərəli istifadə edib, ata-babalarımızın zəngin təcrübəsinə üz tutmaqla, müasir dövrün elmi yeniliklərindən də bəhrələnib bu sahədə uğura imza atmaq əsas hədəfimizdir. Məhz bu məqsədlə Naxçıvan Dövlət Universitetində 2000-ci ildən başlayaraq arıçılıq sahəsi üzrə bir sıra elmi-tədqiqat işləri aparılır. Araşdırmaların əsas istiqamətləri arıyetişdirmə, arı xəstəlikləri, arıların bioloji davranış xüsusiyyətləri və arıçılıq məhsullarına həsr olunub. Ölkə və muxtar respublika şəraitində arıçılıq məhsulları, bal, vərəmum və çiçək tozu üzrə elmi tədqiqatların müəyyən bir hissəsini Türkiyənin Kayseri Erciyes və Trabzon Qaradəniz Teknik universitetlərinin elm adamları ilə birlikdə tədqiq etmişik. Bununla bağlı bir sıra beynəlxalq jurnallarda, elmi nəşrlərdə məqalələr də geniş yer alıb. Həmçinin elmi-tədqiqatların nəticəsi olaraq ötən illərdə “Azərbaycan təbii balının keyfiyyət göstəriciləri və dövlət standartları”, “Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri”, “Bal arısının xəstəlikləri və zərərvericiləri”, “Azərbaycanda bal arısının (Apis mellifera L.) bioekoloji xüsusiyyətləri, arı vərəmumunun toplanması və fiziki-biokimyəvi xassələri” “Naxçıvan Muxtar Respublikasında arı ailələrindən keyfiyyətli vərəmumun istehsalının yeni texnoloji üsulu” kitabları işıq üzü görüb. Cari ildə isə “Vərəmum – min bir dərdin dərmanı” elmi vəsait nəşrə hazırlanır.
Söhbət zamanı onu da öyrənirəm ki, arıçılıq sahəsində aparılan elmi-tədqiqat, seleksiya işlərinə tələbələr də cəlb olunur. Bu məqsədlə universitetin Baytarlıq təbabəti kafedrasında arıçılıq problemləri laboratoriyası yaradılıb, 2017-ci ildə buraya Türkiyənin “Civan” arıçılıq şirkətindən çiçək tozu yığmaq üçün tələləri olan xüsusi pətəklər, balsüzən, muməridən maşınlar, arı südü istehsalı şəbəkəsi, müxtəlif çərçivə tipləri və digər avadanlıqlar alınıb gətirilib. Universitetdə aparılan polenoloji analizlər əsasında müəyyənləşdirilib ki, bütün ballar multifloral olub, fərqli bitki qaynaqlarından əldə edilir və hər hansı bitki qrupunun üstünlüyü bu ballarda yoxdur. Eyni zamanda bitki mənbələrinə görə aparılan tədqiqatlar nəticəsində Azərbaycan ballarının əsas mənbəyini paxlalılar fəsiləsinə aid bitkilərin təşkil etdiyi müəyyənləşdirilib. Bal nümunələrinin antioksidant fəallığına görə isə yerli şəraitdə istehsal olunan balların yüksək dəyərə malik olduğu təsbit edilib. Həmçinin aparılan biokimyəvi analizlərdə Ordubad və Culfa ballarının çox yüksək prolin göstəricisinə malik olduğu ortaya çıxıb. Bu sahənin tədqiqatçılarına məlumdur ki, balların ən güclü antioksidant xüsusiyyəti onların tərkibindəki fenol birləşmələri ilə əlaqədardır. Bu baxımdan tədqiq olunan bal nümunələri içərisində Culfa balının tərkibində 10, Şahbuz və Şərur balları da isə 9 növ fenol birləşməsi aşkarlanıb, p-hidroksibenzoy turşusunun Ordubad və Şərur ballarının əsas fenollu birləşməsi olduğu müəyyən edilib. Prolin miqdarına əsasən Ordubad və Culfa, balın əsas antimikrob xüsusiyyətini təmin edən kafein turşusuna görə isə Culfa və Şahbuz ballarının üstün olduğu ortaya çıxıb. Tədqiq olunan bütün nümunələr içərisində fruktozanın miqdarının qlükozadan artıq olması və saxarozanın bəzi ballarda çox az rast gəlinməsi yerli şəraitdə istehsal edilən balların dəyərinin yüksəkliyi haqqında fikir yürütməyə imkan verir.
Universitetdə yaradılan şəraitlə tanışlıq zamanı o da məlum oldu ki, ali təhsil ocağının Tibb, Baytarlıq təbabəti və Biologiya ixtisaslarında təhsil alan tələbələr buradakı ayrı-ayrı laboratoriyalarda praktik dərslər keçir, eyni zamanda ixtisaslı mütəxəssislər elmi-tədqiqat işləri aparırlar. Həmçinin universitetin Tibb fakültəsinin laboratoriyalarında arıçılıq məhsullarının keyfiyyət göstəriciləri, xassə və xüsusiyyətlərinin araşdırılması ilə yanaşı, müalicə və profilaktika məqsədilə istehsalı da həyata keçirilir. İlk olaraq vərəmumun bir neçə adda: 70 faizli etil spirtində 10, 15 və 20 faizli ekstraktları, zeytun yağında 10 faizli ekstraktı hazırlanıb, eyni zamanda çiçək tozcuğunun (polen) tədarükü, qurudulması və qablaşdırılması həyata keçirilib. Bununla yanaşı, hazırda laboratoriyalarda vərəmumun bir sıra xəstəliklərdə istifadəsi tövsiyə olunan sulu, yağlı, ballı qarışıqları, mazları, məlhəmləri, şamları, mum güvəsi cövhəri və digər bu kimi məhsulların hazırlanması üçün işlər davam etdirilir.
Növbəti “Arıçılıq məhsulları – bal festivalı”nın keçiriləcəyi xəbəri bu sahənin mütəxəssisi kimi Elsevər müəllimin də hədsiz sevincinə səbəb olub, o elmi-tədqiqat işləri nəticəsində əldə olunan arıçılıq məhsullarını festivala çıxarmağa hazırlaşır. Deyir ki, hər il ənənəvi olaraq keçirilən festivalda iştirak edən Ali Məclis Sədrinin arıçılıqla bağlı işıq üzü görən elmi nəşrlərlə, ədəbiyyatlarla yaxından maraqlanması, elmi-tədqiqat işlərinin vacibliyini vurğulayaraq verdiyi tapşırıq və tövsiyələrdən işimizə göstərilən böyük qayğı, dəyər kimi stimul alırıq. Naxçıvan Muxtar Respublikasının zəngin flora və faunasının tədqiqi, müxtəlif bioloji ehtiyatların səmərəli istifadəsi nəticəsində müalicəvi-profilaktik preparatların hazırlanması, əldə olunan nəticələrin tanıdılması istiqamətində fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini bildirən Elsevər müəllimə bu işlərdə yeni nailiyyətlər arzulayır, “Arıçılıq məhsulları – bal festivalı”nda görüşmək ümidi ilə sağollaşıram.
Böyük Çin filosofu Konfutsi deyirdi ki, heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmayıb. Bütün sahələrdə uğur qazanmanın yolu məhz çəkilən zəhmətdən, fədakar əməkdən və bir də ən vacibi elmi yanaşmadan, mütərəqqi yeniliklərdən lazımınca istifadədən keçir. Əgər bu prinsipləri əldə rəhbər tutub işə başladınsa, nailiyyət özü tez bir zamanda səni tapacaq. Elə ömrünü arıçılıq sahəsində aparılan mühüm elmi-tədqiqat işlərinə həsr edən Elsevər Əsədov kimi.
- Nail ƏSGƏROV