O bizim uşaqlıq xatirələrimizdəki həmin zəhmətkeş idi. Bir məhəllədə yaşadığımızdan demək olar ki, hər gün qarşılaşardıq. Xüsusilə də axşamüstü bir də görərdik ki, çiynində bağban alətləri olan Əbdül dayı oğlanları ilə birlikdə gəlir. Ömrünü torpağa bağladığı üçün bildirirdi ki, boş vaxtı yoxdur. Ona görə də, iki kəlmə salam-sağolla kifayətlənirdik. Lakin indi jurnalist-müsahib timsalında Əbdül dayı ilə görüşüb torpaqla təmasda keçmiş illərinin zəhmətindən danışmaq qərarına gəlmişik.
Bildiyiniz kimi, Ordubadın bağçılıq, meyvəçilik tarixi çox qədim zamanlara söykənir. Meyvələri, meyvə bağları ilə məşhur olan bu qədim torpaqda həmin ənənə bu gün də davam etdirilir. Əbdül dayı da Ordubadda bağçılıq sahəsini inkişaf etdirən insanlardandır. Təsərrüfatında müxtəlif növdə ağaclar yetişdirir, halal zəhmətinin bəhrəsini də götürür.
Yerlipərəstlik edib xoş ovqatla verdiyim sualla söhbətə başlayıram: “Əbdül dayı, sizcə, Ordubad meyvələrinin dadının digərlərindən fərqli, daha dadlı olmasının səbəbi nədir?” Qeyri-ixtiyari qaçan dodaqlara baxıb düşündüm ki, deyəsən, sual seçimim uğurlu alındı. Söz müsahibimizindir:
– Deyirlər ki, çətin zəhmətin şirin də bəhrəsi olur. Ordubad bölgəsinin torpağı olduqca mürəkkəb quruluşa malikdir. Bu torpaqlardan bol məhsul toplamaq üçün ona gözün kimi baxmalı, üzərində daha çox əziyyət çəkməlisən. Elə buna görə də o qədər zəhmətlə əldə olunan məhsul digərlərindən daha ləzzətli olur. Təbii ki, torpaqdan dördəlli yapışan, ağaclarının nazıyla oynayan bağban qənaətlərində haqlı idi. Bununla yanaşı, torpağın tərkibindən tutmuş regionun iqlimi, bağbanın ağaclara necə qulluq etməsi kimi digər səbəblər də var.
Ordubadın müdafiəsini “öz öhdəliyinə” götürmüş bir dağ var qarşımızda – Dostu dağı. Əbdül dayı bu dağın rayonu əlinin içi kimi izləyən tərəfində oğlanları ilə birlikdə bir bağ salıb. Deyir ki, bağı saldığı vaxtdan bu günə kimi sınaq üçün bir çox ağaclar əkib, lakin 20 ilə yaxın təcrübə nəticəsində buranın badam, püstə, əncir və üzüm üçün əvəzsiz yer olduğu qənaətinə gəlib. Bəli, su məsələsində çətinlik çəkdiyi üçün digər ağacların əkinində bura əlverişli yer hesab olunmayıb. Deyilənə görə, elə vaxtilə də bu torpaqlarda ucsuz-bucaqsız üzüm bağları varmış. Sonradan ötən əsrin 90-cı illərinin təlatümləri bu üzümlüyə də təsirsiz ötüşməyib və nəticədə, iqtisadi cəhətdən əhəmiyyətli olan bağ düzəngaha çevrilib. Əbdül dayı isə “bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar” deyimindən yola çıxaraq həmin düzəngahda bağ salmaq üçün bütün çətinlikləri dəf etməyin yollarını axtarmağa başlayıb. Bu yüksəklikdə bir göl tikib və müxtəlif yollarla suvarma işi aparıb. Belə deyək ki, çox çətinliklə. Elə bu çətinliyi görüb “niyə məhz bu işi seçmisiniz?” – deyə soruşuruq:
– Ötən əsrin 90-cı illəri idi. Ölkəmizin müəyyən mənada çətinlik çəkdiyi dövrdəydik. Hərə bir yolla evinə çörək qazanırdı. Bir çox adam isə alqı-satqı işlərinə qoşulmuşdu. Mən də düşündüm ki, torpaq zəhməti heç vaxt itirmir. Həm də əlimdə olan imkanları nəzərə alıb, “xeyirlisi” deyib, bu istiqamətə yönəldim. Bu sahə ilə bağlı çoxlu kitablar oxudum, hər yolla maariflənməyə çalışdım, çox şey də öyrəndim. Lakin istənilən peşədə təcrübə önəmlidir, bu sahədə isə xüsusilə. Zamanla təcrübələr nəticəsində çox şey öyrəndim, necə deyərlər, müəyyən mənada bu işin adamı oldum. Öyrəndim ki, əncir, üzüm kimi ağaclar mütləq yazda əkilməlidir, ağaclar arasında ən azı 5 metr məsafə olmalıdır və sair. Düzdür, təsərrüfata başladığım ilk illərdə gəlirimi bu işi genişləndirməyə xərclədiyim üçün, demək olar ki, ancaq evi birtəhər dolandıracaq qədər qazanırdım. Lakin sonralar gəlirim yaxşı oldu.
Müsahibimiz, özünün də dediyi kimi, zamanla qazandığı təcrübələr sayəsində artıq bu işin peşəkarına çevrilib, demək olar ki, bəzi kiçik məsələlər istisna olmaqla, təsərrüfatındakı əksər problemi özü həll edir. Elə söhbətinə də calaqetməni canlı şəkildə göstərərək davam edir:
– Calaqsız çox az meyvə ağacı əkilir ki, onlardan biri də heyvadır. Digər ağaclar üçün isə o, mütləqdir. Payız və yaz aylarında isə budama işləri aparırıq. Meyvəverən budaqlar tez quruduğu üçün yeni budaqların inkişafını təmin etmək məqsədilə bu proses ən azı 2 ildən bir təkrar olunmalıdır. Lazımi qulluğu göstərsək də, bəzən ziyanverici həşəratlar məhsula çox zərər yetirir. Hətta dərmanla belə, məhv edə bilmədiyimiz ziyanvericilər var.
Onu da qeyd edim ki, ordubadlı bağbanın tək şikayəti ziyanvericilərdən deyildi. O deyir ki, məni məhsulun zay olması ilə yanaşı, incidən, gələcək üçün düşündürən bu işi öyrənmək istəyən gənclərimizin az olmasıdır. Əgər sənin mirasını qoyub gedəcəyin, onu xeyirli yerlərə xərcləyəcək və sənin qədər qoruyacaq biri yoxdursa, insan niyə bu qədər əkib-biçdiyini, qurub-yaratdığını düşünür öz-özünə. Bağ işi də belədir. Düzü, olur ki, kimlər isə calaqetməni və sairəni öyrənmək istəyir, lakin onlar da peşəkar deyil, həvəskar kimi maraq göstərirlər. Dünyanı tutub qalan deyilik, bizi də əvəz edən kimlərsə olmalıdır. Təcrübəli bağban əli ilə sırayla əkilmiş iynəyarpaqlıları göstərib söhbətinə davam edir:
– Artıq yaşlanıram, bəzən də təsərrüfata, bu qədər yol gedib-gəlməyə gücüm çatmır, amma bu ağacları görürsənmi, Tural öz əlləri ilə əkib bunları. Bəlkə də, bu bağın hər qarışında onun xatirələri, əkdiyi əmanətləri olmasa, mən bura gedib-gəlməyə, bu ağaclara qulluq etməyə bu qədər güc tapa bilməzdim özümdə...
Bəli, Əbdül dayı zəhmətkeş bağban olmaqla yanaşı, həm də şəhid atasıdır. 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Qarabağda düşmənin törətdiyi irimiqyaslı təxribatın qarşısını alarkən şəhid olan, torpaq üçün sinəsini sipər edən Azərbaycan Ordusunun zabiti Tural Haşımlının atası. Şəhidlik də təsadüfən olmur. Bunun üçün torpağı sevmək, onun dəyərini bilmək gərəkdir. Demək ki, Əbdül dayı hər gün iki oğlunun əlindən tutub aparmaqla torpağı sevdirməyə çalışırmış gələcək varislərinə. Gözünü açıb torpağa bulaşmış bir cüt qabarlı əl görən, Vətənin torpağa əmanət etdiyi, özünün də torpaqda əmanəti olan Tural Haşımlını böyütdüyü üçün mən də böyük hörmətlə əllərini sıxıb sağollaşdım Əbdül dayı ilə. Vətənə sevgin torpaq qədər böyük, məhsulun da bir o qədər bol olsun, bağban!
Fatma BABAYEVA