Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim Oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Dünyada yayılan pandemiyanın qarşısının alınması məqsədilə müvəqqəti olaraq dayandırılan muzey ziyarətləri yenidən bərpa edilib.
Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Heydər Əliyev Muzeyində olublar. Muzeyin direktoru Ramil Orucəliyev mədəniyyət müəssisəsi barədə ətraflı məlumat verərək bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.
Vurğulanıb ki, 420 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hazırda 4391 eksponat vardır ki, onun da 2997-si kitabxana və ekspozisiyada nümayiş olunur. Dəyərli eksponatlar onu seyr edən hər kəsin qəlbində dərin iz qoyur, yüksək təəssürat yaradır. Dahi şəxsiyyətin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənc nəsil üçün əsl həyat məktəbidir. Xalqımızın müqəddəs ziyarətgahına çevrilmiş muzey ulu öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ edərək gəncləri dahi öndər Heydər Əliyev kimi xalqa, Vətənə və dövlətə sədaqətli olmağa çağırır. Burada nümayiş etdirilən eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Ötən illər ərzində muzeydə ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı aidiyyəti təşkilatlarla birgə elmi konfranslar keçirilib, məktəblilərin və tələbələrin ekskursiyaları təşkil olunub, onlar üçün lektoriyaların və açıq dərslərin keçilməsi diqqətdə saxlanılıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kollektivləri Dövlət Bayrağı Muzeyini, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini, Daxili İşlər Nazirliyinin kollektivi Ədəbiyyat Muzeyini, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Hərbi Prokurorluğun və Naxçıvan Şəhər Prokurorluğunun kollektivləri “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksini və Gülüstan türbəsini, Ədliyyə Nazirliyi və Penitensiar Xidməti Aparatının əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini, Fövqəladə Hallar Nazirliyi və struktur qurumların kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Dövlət Gömrük Komitəsinin əməkdaşları Cəmşid Naxçıvanski Muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər.
Maliyyə Nazirliyinin əməkdaşları Xatirə Muzeyində, İqtisadiyyat Nazirliyinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyində, Kənd Təsərrüfatı Nazirliyinin, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin kollektivləri Naxçıvan Dövlət Rəsm Qalereyasında, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və struktur qurumları, “Naxçıvanpoçt” publik hüquqi şəxsin əməkdaşları Qarabağlar Türbə Kompleksində, Səhiyyə Nazirliyinin kollektivi Duz Muzeyində, Təhsil Nazirliyinin əməkdaşları Milli Dəyərlər Muzeyində, Mədəniyyət Nazirliyinin kollektivi Yusif Küseyr oğlu türbəsində, Gənclər və İdman Nazirliyinin əməkdaşları Nəbatat bağında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Naxçıvan Biznes Mərkəzində olublar.
Qeyd edək ki, sentyabrın 19-da muxtar respublikanın şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da muzeyləri ziyarət ediblər.
- Nail ƏSGƏROV