Sentyabrın 17-dә Naxçıvan şәhәrindәki Cәlil Mәmmәdquluzadә adına Naxçıvan Dövlәt Musiqili Dram Teatrında Naxçıvan Dövlәt Filarmoniyasının vә Cәlil Mәmmәdquluzadә adına Naxçıvan Dövlәt Musiqili Dram Teatrının yaradıcı kollektivlәrinin ifasında Milli Musiqi Gününә hәsr olunmuş әdәbi bәdii kompozisiya onlayn formada izlәyicilәrә tәqdim edilib.
Kompozisiyanın rejissoru Azәrbaycan Respublikasının Xalq artisti Kamran Quliyevdir.
Onlayn tәdbir Naxçıvan Dövlәt Filarmoniyasının Kamera Orkestrinin ifasında Üzeyir Hacıbәylinin “Leyli vә Mәcnun” operasının “Müqәddimә” hissәsinin ifası ilә başlayıb. Orkestrin bәdii rәhbәri, Azәrbaycan Respublikasının Xalq artisti Çingiz Axundov, baletmeyster Azәrbaycan Respublikasının Әmәkdar mәdәniyyәt işçisi Tamerlan Bağırov, xormeyster İlhamә Şirәliyevadır.
Naxçıvan Dövlәt Filarmoniyasının solistlәrindәn Azәrbaycan Respublikasının Әmәkdar artisti Mübariz Әsgәrov “Koroğlu” operasından “Aşıq mahnısı”nı, Naxçıvan Muxtar Respublikasının Әmәkdar artisti Zülfiqar Mahmudov vә müğәnni Nәrmin Hüseynova “Leyli vә Mәcnun” operasından “Mahur hindi”ni vә Leyli ilә Mәcnunun duetini, Naxçıvan Muxtar Respublikasının Әmәkdar artisti Ruhiyyә Hüseynova vә müğәnni İlkin Abdullayev “Arşın mal alan” operettasından Әsgәrlә Gülçöhrәnin duetini ifa ediblәr.
Tәdbirdә xor kollektivinin ifasında “Leyli vә Mәcnun” operasından “Şәbi-hicran”, “Koroğlu” operasından “Çәnlibel xoru”, “Arşın mal alan” operettasından “Qızların xoru” musiqisevәrlәrә tәqdim olunub. Orkestrin ifasında tәqdim edilәn “Arşın mal alan” operettasından “Uvertüra”, “Koroğlu” operasından “Antrakt”, “Döyüş sәhnәsi”nin vә görkәmli bәstәkar Üzeyir Hacıbәylinin digәr musiqi әsәrlәrinin professional ifası maraqla qarşılanıb. Filarmoniyanın rәqs kollektivinin ifa etdiyi “Koroğlu” operasından rәqs dә izlәyicilәrә xoş ovqat bәxş edib.
Naxçıvan Dövlәt Filarmoniyasının solistlәrindәn Azәrbaycan Respublikasının Әmәkdar artistlәri Mübariz Әsgәrov vә Gülyanaq Fәrzәliyevanın birlikdә ifa etdiklәri “Koroğlu” operasından final sәhnәsi ilә başa çatan onlayn tәdbir bir saata yaxın davam edib.
* * *
Sentyabrın 18-də Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının arxasındakı yaşıllıq parkında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Milli Musiqi Gününə həsr olunmuş bayram konserti olub.
Bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədov, baletmeysteri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov, dirijoru Elvin Əliyarov olan kollektivin repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa və rus bəstəkarlarının musiqi əsərlərinə də geniş yer verilir.
Orkestr konsertə Eldar Mansurovun “Odlar yurdu” mahnısı ilə başlayıb. Naxçıvan Dövlət Filarmoniyasının solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov, Tural, Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Elçin Nağıyev, Ruhiyyə Hüseynova, Azər Cəfərli, müğənnilərdən Samir İsmayılov, Rahim Əsgərzadə, Nağı Nağızadə, İlkin Abdullayev bəstəkarlardan Emin Sabitoğlunun, Fikrət Əmirovun, Elza İbrahimovanın, Müslüm Maqomayevin, Oqtay Kazıminin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin və bir sıra dünya bəstəkarlarının mahnılarını ifa ediblər. Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resuslarında da canlı olaraq yayımlanan bayram konsertində tamaşaçı və izləyicilərə müxtəlif rəqs nömrələri də nömrəsi təqdim olunub.
Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivinin “Atəşgah” rəqsi ilə başa çatan konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
* * *
Naxçıvan Dövlət Universiteti Konservatoriyasında Milli Musiqi Gününə həsr olunmuş onlayn konsert keçirilib. Universitetin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan konsertdə giriş sözü ilə Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Rumiyyə Məmmədova çıxış edib. Qeyd edilib ki, 18 sentyabr – Milli Musiqi Günü Azərbaycanın dünya şöhrətli bəstəkarı, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədardır.
Konsertdə dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyasından parçalar, “Sənsiz”, “Cəngi” əsərləri səsləndirilib. Konserti fakültənin “Buta” instrumental ansamblı, fortepianoda isə Ülvi Əhmədov və Səxavət Rəhimov müşayiət ediblər. Xalq mahnısı “Sarı gəlin” və Azərbaycanın digər görkəmli bəstəkarlarının əsərləri konsertə xoş ovqat bəxş edib.
Səadat ƏLİYEVA