Kimi onu Allahın töhfəsi kimi qiymətləndirir, kimi insan qəlbini fəth edən qeyri-adi güc hesab edir, kimi də onun bir möcüzə olduğunu, insan əhval-ruhiyyəsinə, ümumiyyətlə, daxili aləminə böyük təsir göstərdiyini etiraf edir. Bəli, həyatımızın ayrılmaz hissəsi, sevincli, qürurlu, kədərli anlarımızın yoldaşıdır musiqi...
Musiqi dinləyərkən, sanki ucsuz-bucaqsız bir aləmdə hiss edirik özümüzü. Klassik musiqi qəlbimizə, şən, ritmik musiqi əhvalımıza, caz, rok, pop musiqiləri isə ruhumuza təsir edir. Yaxşı və yaxud pis musiqi yoxdur, hər insanın fərqli musiqi zövqü vardır. Bədii zövqü tərbiyə edən, insanın mənəviyyatını ucaldan, onun daxili aləmini zənginləşdirən musiqi nümunələrimiz kifayət qədər çoxdur. Musiqi psixoloji gücə malik qüvvə kimi təbabətdə bəzi xəstəliklərin müalicəsinə də kömək edir. Musiqi həm də xalqları birləşdirən, onların qarşılıqlı anlaşmasını təmin edən universal vasitədir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, hər bir xalqın özünəməxsus musiqi mədəniyyəti vardır. Mahnı, musiqi qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin insan mənəviyyatının kamilləşməsində oynadığı rolu heç bir vasitə əvəz edə bilməz.
Doğma Vətənimiz Azərbaycanın çoxəsrlik inkişaf tarixinə malik zəngin musiqi sənəti, mədəniyyəti vardır. Qobustan və Gəmiqaya rəsmlərində, “Kitabi-Dədə Qorqud”da, Nizaminin, Füzulinin əsərlərində, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Mir Möhsün Nəvvab kimi tanınmış alimlərin risalələrində qədim və orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsini aydın görürük. Bu gün Azərbaycan muğamı dünya musiqişünaslarının, sənətsevərlərinin diqqətini cəlb edir və təsadüfi deyildir ki, UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin şah əsəri elan olunub.
Azərbaycanın ayrılmaz hissəsi olan muxtar respublikamızda da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, musiqi ənənələrimiz yaşadılır, təbliğ edilir. Diyarımızda əlamətdar və bayram günlərində, eləcə də insanların asudə vaxtlarının səmərəli təşkili üçün mütəmadi olaraq konsert proqramları həyata keçirilir. Mövcud pandemiya dövründə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onlayn konsert proqramları təşkil edildi. Buna misal olaraq Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi üzvlərinin, Naxçıvan Dövlət Filarmoniyasının “Muğam studiyası”nın, Mahnı və Rəqs Ansamblının, Xalq Çalğı Alətləri Orkestrinin, “Muğam üçlüyü”nün, “Simli kvartet”in onlayn konsertlərini, filarmoniyanın solisti, gənc vokalist İlkin Abdullayevin solo konsertini, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin 28 May – Respublika Gününə həsr olunmuş onlayn konsert proqramını, bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinə həsr olunmuş Naxçıvan Dövlət Filarmoniyası solistlərinin onlayn solo konsertlərini, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə təşkil olunmuş onlayn konsertini və digərlərini göstərmək olar. Onlayn konsert proqramlarının Naxçıvan Dövlət Televiziyası, nazirliyin “Youtube” kanalı və sosial şəbəkə hesablarından canlı olaraq yayımlanması isə təkcə Naxçıvanda deyil, ölkəmizin digər yerlərində də maraqla izlənilib. Burada səsləndirilən xalq mahnıları, təsniflər və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələr həm milli musiqimizin təbliğinə, həm də insanların asudə vaxtlarının səmərəli təşkilinə əməli töhfədir.
Güntac ŞAHMƏMMƏDLİ