Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və sənətkarlıq məktəbləri müəllimlərinin iştirakı ilə Milli Musiqi Gününə həsr olunmuş onlayn konfrans keçirilib.
Tədbiri giriş sözü ilə nazirliyin aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin baş məsləhətçisi Leyla Əlimərdanova açaraq tədbirin mahiyyəti barədə məlumat verib. Qeyd olunub ki, 18 sentyabr musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəylinin doğum günüdür. 1995-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması qərara alınıb.
Üzeyir Hacıbəyli 1908-ci il yanvarın 18-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Görkəmli bəstəkarın “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.
Bəstəkarın fəaliyyəti haqqında geniş məlumat verən Naxçıvan Musiqi Kollecinin müəllimi Ruhiyyə Dünyamalıyeva sonda Azərbaycan bəstəkarlıq məktəbinin inkişaf tarixinə nəzər salıb.
Tədbir diskussiya şəklində davam etdirilib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti