Naxçıvan şəhərindəki möhtəşəm Heydər Əliyev Sarayının budəfəki qonağı qardaş Türkiyə Cümhuriyyətinin xalq musiqisi sənətçisi Eda Karaytuğ və onu müşayiət edən musiqiçilər olub. Türkiyəli müğənni bu ölkədə Cümhuriyyətin elan olunmasının 90 illik yubileyi münasibətilə təşkil edilən konsert proqramı çərçivəsində Naxçıvan musiqisevərlərinə Türkiyə və Azərbaycana məxsus bəstəkar və xalq mahnılarından ibarət musiqi çələngi təqdim edib.
Müğənninin ifasında səslənən “Gözlərimdən üzün, qulaqlarımdan səsin”, “Qeyb oldum qeyb olan illər içində”, “Ayrılıq atəşdən bir oxdur”, “Dəydi saçlarıma bahar gülləri”, “Açıl, ey ömrümün varı”, “Bir az kül, bir az duman”, “Zamanla, bəlkə, keçər bu eşq də, hicran da”, “Küçələrə su səpmişəm”, “Uzun illərin o tayından” mahnılar dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən konsert proqramından sonra jurnalistlərə müsahibə verən Eda Karaytuğ bildirib ki, qədim oğuz-türk torpağına gəlməsindən böyük sevinc və qürur hissi keçirir. Əgər yenidən burada konsert proqramı ilə çıxış etmək təklifi olarsa, bu təkliflə məmnuniyyətlə razılaşacaq. O qeyd edib ki, Azərbaycan musiqisinin, xalq mahnılarının heyranıdır və onları türkiyəli tamaşaçılar qarşısında da tez-tez ifa edir.
Məlumat üçün bildirək ki, müğənni musiqi təhsilini 1985-1990- cı illərdə Adana Böyükşəhər Bələdiyyəsi Konservatoriyasında alıb. Dünyanın bir neçə ölkəsində konsert proqramları ilə çıxış edən müğənni hazırda İstanbul Dövlət Türk Musiqisi Araşdırma və Tətbiqetmə Cəmiyyətində fəaliyyət göstərir.
Səbuhi HÜSEYNOV