Fotoşəkildə bir yaşayış binası var... Sadə, adi bir yaşayış binası... Nə müasir meqapolislərin bəzəyinə çevrilmiş göydələnlər kimi soyuq və təmtəraqlı, nə də adi memarlıq elementlərindən uzaq olacaq qədər tipik. Qarşısında da sakinlərin istirahəti üçün qoyulmuş skamyalar, kiçik bölmələrə ayrılmış yaşıllıqlar və sıra ilə səliqəli düzülmüş velosipedlər... Əslində, burada qeyri-adi heç bir şey yoxdur. Ancaq ortada bir gözəllik var... Məxsus olduğu şəhərin kiçik bir mənzərəsini ortaya qoyan, insanlarının həyat tərzini, davranış mədəniyyətini, vətəndaşlıq məsuliyyətini, ən əsası sivil təfəkkürünü kiçik bir pəncərədən təqdim edən sadə bir gözəllik...
Hərdən mənə elə gəlir ki, burada yaşayan sakinlər çox xoşbəxtdirlər. Çünki yaşayış üçün minimum şərtlərin yüksək səviyyədə təmin olunduğu bu kiçik ərazidə hər şey ilk baxışdan diqqəti cəlb edir. Binanın ətrafı təmiz və gözəldir. Asfalt və daş döşəməli ərazidə, köhnə dillə desək, bir kibrit çöpü belə, tapa bilməzsən. Ona görə ki, buralar hər gün təmizlənir, süpürülür, gülkarlıqlar suvarılır. Əslində, burada yaşayanlar özləri də təmizliyə qarşı çox həssasdırlar. İllərdir, bu təmizliyin aurasında olanlar üçün yad davranışa yol vermək, məsələn, yerə adicə bir kağız parçası atmaq yad baxışlara tuş olmaq deməkdir ki, insafən də bunu heç kim etmir. Həm buna ehtiyac da qalmır, çünki ətrafda qoyulmuş tullantı qutuları məgər bu təmizliyin, gözəlliyin qorunmasına xidmət etmirmi! Digər tərəfdən, bu, həm də sosial bir məsuliyyətdir. Elə bu məsuliyyətdən irəli gəlir ki, burada yaşayan hər kəs – yaşlı da, cavan da, uşaq da ətrafda salınmış yaşıllıqlara, min bir əziyyətlə ərsəyə gətirilmiş gül-çiçəklərə toxunmur, əksinə, onlara baxaraq zövq almağa çalışır. Hər gün səhər oyananda bu gözəlliyə tamaşa etməyin özü belə, insanın ruhunu təzələyir, onu gün ərzində gümrah qalmağa sövq edir...
İstirahət insanın gündəlik həyatında mənəvi zərurət duyduğu təbii proseslərdən biridir. Buna görə də bir çox yaşayış binalarının qarşısında, alış-veriş mərkəzlərində, park və xiyabanlarda insanların istirahətinin nəzərə alınması həyata keçirilən arxitektura layihələrinin mühüm hissəsini təşkil edir. Bu vacib amil burada da unudulmayıb. Sıra ilə qoyulmuş skamyalar sakinlərin istirahəti üçündür. Adətən, sərin yay axşamlarında üç-bir, beş-bir bura toplaşan sakinlər heç uzağa getmədən burada günün yorğunluğunu çıxarmağa çalışırlar. Gündüzlər iş-güc başında olanlar üçün axşamlar həyat burada yenidən başlayır. Kimisi söhbətləşir, kimisi velosiped sürür, kimisi yürüşə çıxır, kimisi də balacasının əlindən tutub gəzdirir. Gündüzün gözəlliklərini axşamlar bir başqa formada, həm də daha rəngarəng təqdim edən bu “işıqlı dünya”da mobil telefonla şəkil çəkdirənlər, bir-biri ilə zarafatlaşıb deyib-gülənlər, gəzintiyə çıxanların arasından skeytbordlarla sağa-sola şütüyənlər də az olmur. Və kənardan bu mənzərəni izlədikcə düşünürsən ki, bu gözəlliyin mövcudluğu sabitlikdən, əmin-amanlıqdan qaynaqlanır... Sabitlik inkişafı, inkişaf isə sabitliyi qoruyur... “Yenicə sabaha açıb gözlərimi” qarşılayacaq doğma sakinlərini...
Fotoşəkildə bir yaşayış binası var... Sadə, adi bir yaşayış binası... Nə müasir meqapolislərin bəzəyinə çevrilmiş göydələnlər kimi soyuq və təmtəraqlı, nə də adi memarlıq elementlərindən uzaq olacaq qədər tipik. Qarşısında da sakinlərin istirahəti üçün qoyulmuş skamyalar, kiçik bölmələrə ayrılmış yaşıllıqlar və sıra ilə səliqəli düzülmüş velosipedlər... Bura Avropanın yüksək sabitlik və inkişaf nümunəsi sayılan Almaniya deyil... Heç “velosipedlər ölkəsi” olan Hollandiya da deyil... Bura Naxçıvandır... Daha doğrusu, onun kiçik bir guşəsidir... Bu guşə həm də 30 ildir, blokada vəziyyətinə salınmış Naxçıvanın Özüdür..!
- Səbuhi HƏSƏNOV