Onlayn konsert proqramları çərçivəsində Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi üzvlərinin onlayn konserti baş tutub.
2009-cu ildə yaradılan Aşıqlar Birliyi Naxçıvanda yaşayan aşıqları bir araya gətirib. Həmin tarixdən etibarən Naxçıvan aşıq sənəti yeni inkişaf mərhələsinə qədəm qoyub, Naxçıvan aşıqlarının yaradıcılıq imkanları daha da genişlənib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş onlayn konsert proqramında qədim el havalarından “Şirvan” gözəlləməsi, aşıq havalarından “Ruhani”, “Baş dübeyti”, “Zülfüqar dübeyti”, “Naxçıvani” və ustad aşıq yaradıcılığından “Naxçıvan gülü”, “Fəxri” və “Müxəmməs” kimi saz havaları səsləndirilib. Onlayn konsertdə birliyin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovun, üzvlərdən Aydın Cəfərovun, Nurçin Məmiyevanın, həmçinin Gülzar Əhmədlinin, Leyla Kərimovanın, Güntac Ayazlının və Lamiyə Tahirovanın qrup şəklində ifaları izləyicilər tərəfindən maraqla qarşılanıb. Saz-söz ustalarımızı balabanda Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əli İsmayılov, nağarada Samiq Kazımov, qoşa nağarada isə Nəsir Həsənov müşayiət ediblər.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti