22 Dekabr 2024, Bazar

Sənətimlə bağlı çalışdığım Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin ekspozisiyalarındakı rəsm əsərlərinin elmi təsvirləri ilə yaxından tanış olmaq, müəllifləri haqqında məlumatlar əldə etmək istərkən rəssam Rəfael Qədimovun əsərləri diqqətimi cəlb etdi. Möminə xatın türbə muzeyinin ekspozisiyasındakı “Möminə xatın” əsəri Azərbaycan qadınının zəkasını, qüdrətini, həyatımızdakı, cəmiyyətimizdəki və dövlətçilik tariximizdəki danılmaz mövqeyini özündə ehtiva etməklə ekspozisiyaya möhtəşəmlik və estetik gözəllik bəxş edir. Kətan üzərində yağlı boya ilə işlənən əsər elə ilk baxışdan hər bir tamaşaçını özünəməxsusluğu ilə cəlb edə biləcək potensiala malikdir. Milli geyimdə təsvir olunmuş Möminə xatının timsalında müəllif Azərbaycan qadınının gözəlliyini böyük ustalıqla təsvir edib. 

Yaradıcılığı ilə sənətsevərlərin qəlbini oxşayan, mənəvi aləminə sirayət etməyi bacaran, Xan sarayının və digər muzeylərin ekspozisiyalarının zənginləşməsində böyük rolu olan tarixi şəxsiyyətlərdən Atabəy Şəmsəddin Eldənizin, II Kalbalı xanın, Hüseyn xan Naxçıvanskinin, Cəmşid Naxçıvanskinin, Qönçəbəyimin portretlərini yağlı boya ilə kətan üzərinə köçürən rəssam Rəfael Qədimov Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Kiçik yaşlardan təsviri sənətə, rənglər aləminə maraq göstərməsi ailəsindən qaynaqlanıb. Orta məktəbdə oxuduğu illərdə atası Azərbaycanın tanınmış rəssamlarından hesab olunan Sabir Qədimovun bu sənətlə bağlı fikirlərindən ruhlanan Rəfael uşaqlığından yaşına uyğun eskizlər işləyər, rəsmlər çəkərmiş.

XX əsr fransız filosofu Jan Pol Sartr deyir ki, istedad insana verilmiş borcdur. İnsanın sonrakı həyatı onun həmin borca layiq olub-olmadığını müəyyən edir. Zaman keçdikcə rəssamlığa həvəsi artan Rəfael Qədimov da tezliklə Uca Yaradan tərəfindən bəxş olunan bu borca layiq olduğunu sübut edir. Öz üzərində ciddi çalışan Rəfael 1984-cü ildə Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq Texnikumuna daxil olur, bu təhsil ocağını uğurla başa vurur. Naxçıvanın füsunkar təbiətini, zəhmətkeş insanlarını, coşqun çaylarını, vüqarlı dağlarını əsərlərində böyük ustalıqla tərənnüm edən Rəfael Qədimov 1990-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilir.
1990-cı ildən Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında butafor dekorçu rəssam kimi işləməyə başlayan Rəfael sonralar kukla rəssamı, quruluşçu rəssam kimi fəaliyyətini davam etdirir, “Meşə macəraları”, “Ələddinin sehrli çırağı”, “Arşın mal alan”, “Buratino”, “Çay dəstgahı” kimi tamaşalarda dəst-xəttini ortaya qoyan sənətkar hazırda həmin teatrda baş rəssam kimi fəaliyyət göstərir. Onunla söhbətim emalatxanasında baş tutur. Rəfael Qədimov söhbət zamanı bildirir ki, gözümü açandan atamın molbert qarşısında kətan üzərində işləməyinin, bir-birindən fərqli obrazları canlandırmağının şahidi olmuşam.
“İnsan dünyaya rəssam olaraq gəlir, yoxsa bu sənətə maraq nəticəsində yiyələnir?” sualı məni hədsiz düşündürdüyündən söhbətdə ona cavab axtarmağa çalışıram. O, sualımı xoş təbəssümlə qarşılayaraq belə cavab verir:
– Ümumiyyətlə, təsviri sənət geniş anlayışdır, qarşıya çıxan hər hansı bir mənzərəni kətan üzərinə köçürmək, real həyat həqiqətlərini bədii təsvirə gətirmək bu sənətlə məşğul olanlardan xüsusi qabiliyyət və bacarıq tələb edir. Bəstəkar bəstələdiyi musiqi ilə insanları düşündürüb, duyğulara necə qərq edirsə, rəssam da yaratdığı əsərdəki elementləri elə işləməli, naxışları vurmalıdır ki, rəsm tamaşaçını ilk baxışdan özünə cəlb edə bilsin. Həmçinin öyrənməkdən usanmamalı, bilgi və qabiliyyətini təkmilləşdirmək üçün mütəmadi olaraq öz üzərində çalışmalıdır.
“Hazırda gəncliyə, yaradıcı insanlara muxtar respublikamızda xüsusi diqqət və qayğı göstərilir, onların inkişafı üçün əlverişli şərait yaradılır, xüsusilə rəssamlarımızın əsərləri sərgilənir, yubileyləri və yaradıcılıq tədbirləri keçirilir, onlara mükafatlar verilir, fəxri adlara layiq görülürlər”, – deyən Rəfael Qədimov vurğulayır ki, bu gün dövlətimizin qabiliyyəti olan hər kəsə geniş imkanlar yaratması, sənət sahiblərini bütün sahələrdə dəstəkləməsi böyük ümidlərə yol açır. Ümid demişkən, bir əsərim yadıma düşdü: “Ümidimiz sənədir”. Hər bir yaradıcı insana əsərlərinin hamısı necə əzizdirsə, mənim üçün də elədir. Ancaq bu əsərimə xüsusi münasibət bəsləməyim təəccüblü deyil. Ötən əsrin 90-cı illərində biz orta nəsil çox əziyyətlərə qatlaşdıq. Çörək növbəsində durduğumuz, işıq üzünə həsrət qaldığımız qaranlıq gecələrdə, soyuqdan nəfəsimizlə əlimizi isitdiyimiz qış aylarında hamı kimi, mənim də ümidim xalqımızı nicat yoluna çıxaracaq dahi şəxsiyyətə – ümummilli liderimiz Heydər Əliyevə idi. Məhz əsəri belə adlandırmağım da bununla bağlıdır.
Rəfael müəllim hazırda məşğul olduğu teatr rəssamlığı barədə də fikirlərini bölüşərək deyir ki, kukla teatrında çalışanların işi, sözün həqiqi mənasında, çətindir. Çünki balacaları real dünyadan qoparıb nağıllar aləminə səyahətə aparmaq böyük məharət tələb edir. Elə teatr rəssamının da üzərinə böyük məsuliyyət düşür, çünki o tərtibat verdiyi əsərlərdə tamaşaların mahiyyətinə dərindən nüfuz etməyi, eskizlərdə personajların zahiri görkəmini, mənəvi aləmini üzə çıxarmağı bacarmalıdır.

Əsl rəssam əsərlərində Vətəninə, xalqına xas xüsusiyyətləri fırçanın gücü ilə nümayiş etdirərək həm də gələcək üçün mənəvi miras qoymağı bacarmalıdır. Bu gün Xan sarayında, Möminə xatın türbəsində, muxtar respublikamızın digər muzeylərində belə eksponatlar, dəyərli rəsm əsərləri yüzlərlədir. Təqdirəlayiq haldır ki, bu sırada Rəfael Qədimovun da özünəməxsusluğu ilə seçilən əsərləri yer alıb...

Cəlal RZAYEV
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma
Altında Muzey Kompleksinin tərtibatçı-rəssamı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR