22 Dekabr 2024, Bazar

Avstraliyanın “Aurora” telekanalında Azərbaycan mədəniyyətinə və mətbəxinə həsr olunan xüsusi veriliş yayımlanıb.

Telekanalın baş prodüseri Elina Reddinin təqdim etdiyi verilişdə Melburn şəhərində yaşayan həmyerlimiz Xuraman Armstronqun Azərbaycan mədəniyyətinin Avstraliyada tanıdılması istiqamətində gördüyü işlərdən danışılıb, mətbəximizin onun tərəfindən hazırlanan ləziz nümunələri tamaşaçılara təqdim edilib.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərindən parçaların, “Qarabağ şikəstəsi” və “Sarı gəlin” xalq mahnılarının səsləndiyi yüksək peşəkarlıqla hazırlanmış verilişdə Azərbaycan mədəniyyətinin özünəməxsusu xüsusiyyətlərindən bəhs olunub, ölkəmizə səfər edən çoxsaylı əcnəbi qonaqların milli mətbəximizə heyran qaldığı xüsusi vurğulanıb.

Avstraliyalı tamaşaçılara Xəzər dənizi sahilində yerləşən Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, müasir və qədim tikililəri barədə də ətraflı məlumat verilib. Bütün dünyada həm də “Odlar yurdu” adı ilə tanınan Azərbaycanın müstəqilliyi bərpa etməsindən sonra qazandığı uğurlardan bəhs olunub.

Azərbaycanda evə gələn qonağa ilkin olaraq çay təklif edildiyini qeyd edən Xuraman xanım tamaşaçılara ölkəmizdə çay süfrəsinin təşkili, yüksək keyfiyyəti ilə seçilən Azərbaycan çayı, armudu stəkan və həmin süfrəni bəzəyən şirniyyatlar barədə də ətraflı məlumat verib. Çay süfrəsi arxasında davam edən söhbətdə qədim adət-ənənələrimizdən, atəşpərəstlik dini, “Novruz” bayramı, “Qarabağ kətəsi”, Xuraman xanımın təsisçisi olduğu şirkət tərəfindən Avstraliyada istehsal edilən “Şuşanın sədaları” və “İpək yolu” kimi şokolad məhsulları barədə danışılıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları, Xurman xanımın babası Ələkbər Abdullayevin bir vaxtlar çalışdığı Şuşa şəhəri və Kəlbəcər rayonu barədə də tamaşaçılara ətraflı məlumat verilib.

Xuraman xanımın evində aparılan çəkilişlər zamanı ölkəmizin gözəl süfrə mədəniyyəti ilə seçildiyi, milli yeməklərin hazırlanması zamanı xüsusən təbii vasitələrə üstünlük verildiyi qeyd edilib.

Sonra verilişin prodüseri Elina Reddi ilə birlikdə milli mətbəximizin dovğa, yarpaq dolması, plov kimi nümunələrinin hazırlanması nümayiş olunub, bunun üçün lazım inqrediyentlər barədə ətraflı məlumat verilib. Azərbaycan plovunun toylarımızda xüsusi təmtəraqla təqdim olunduğunu əks etdirən video göstərilib.

Verilişdə iştirak edən Xuraman xanımın həyat yoldaşı Qrim Armstronq da Azərbaycanın qədim və zəngin mədəniyyətinə heyran olduğunu və bu ölkəni ürəkdən sevdiyini bildirib.

“Aurora” telekanalı tərəfindən yayımlana veriliş telekanalın “YouTube” və “Instagram” sosial şəbəkələrindəki səhifələrində də yerləşdirilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR