22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında onlayn ekskursiya keçirilib.
Ekskursiyanın əvvəlində bələdçi Tomris Cəlilova muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası haqqında məlumat verib. Bildirib ki, qalereyanın fondunda hazırda 150-dən çox rəssamın 500-ə yaxın rəsm əsəri mühafizə olunur, ekspozisiya zalında 100-ə yaxın rəsm əsəri nümayiş etdirilməkdədir.
Qalereyanın ekspozisiyası haqqında geniş məlumat verən bələdçi qeyd edib ki, ekspozisiyanın 1-ci guşəsini ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri və büstlər təşkil edir. Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, Rəfael Qədimov, İlham Mirzəyev və digər tanınmış rəssamların əsərləri qalereyanın dəyərli eksponatlarındandır.

Guşədə nümayiş olunan ulu ­öndərin heykəltəraş, rəssam Elman Cəfərov tərəfindən hazırlanmış, həmçinin “Gəmiqaya” Holdinq tərəfindən qalereyaya hədiyyə olunmuş büstləri, mis üzərində ofort üslubu ilə işlənmiş portreti tamaşaçıların diqqətini cəlb edir.
Ekspozisiyanın 2-ci guşəsi mənzərə və kompozisiya janrında çəkilmiş əsərlərə həsr olunmuşdur. Burada Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Sabir Qədimovun, Naxçıvanda yaşayıb-yaratmış görkəmli fırça ustaları Nəriman Əliyevin, Babək Abuzərlinin, Əyyub Səfərovun, realist rəssam Nadir Axundovun, rus rəssamı R.F.Qolovanovun kompozisiya, mənzərə və portret janrlarında yaratdığı dəyərli əsərlər nümayiş olunmaqdadır.
Bələdçi bildirib ki, növbəti guşədə Azərbaycanın xalq rəssamlarının əsərləri sərgilənir. Burada sərgilənən Azərbaycan Respublikasının Xalq rəssamları – Əyyub Hüseynovun və professor Hüseyn Əliyev, Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi və Azərbaycan Respublikasının Xalq rəssamı Mikayıl Abdullayev, professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, dövlət mükafatı laureatı Maral Rəhmanzadənin rəsm əsərləri haqqında izləyicilərə məlumat ­verilib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq sərəncamı ilə 2012-ci ildən başlayaraq “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivalları keçirilir. Muxtar respublikada 2012, 2014, 2016 və 2018-ci illərdə təşkil olunan beynəlxalq rəsm festivallarında dünyanın müxtəlif ölkələrindən gəlmiş istedadlı fırça ustaları iştirak edib. Qalereyanın növbəti guşəsi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən hədiyyə olunmuş, festivallarda çəkilən rəsm əsərlərinə həsr edilmişdir.
Nəzərə çatdırılıb ki, sonuncu guşədə naxçıvanlı rəssamların müxtəlif janrlarda çəkilmiş dəyərli rəsm əsərləri nümayiş olunmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR