AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə hazırladığı “Naxçıvan ədəbi mühiti” monoqrafiyası üzərində işlər davam etdirilir. Naxçıvan Bölməsində sözügedən nəşrin hazırlıq vəziyyəti ilə bağlı iclas keçirilib.
Tədbirdə layihənin ideya rəhbəri, AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Naxçıvan ədəbi mühitini əhatə edən irihəcmli, fundamental bir əsərin çap olunmasının aktuallığını qeyd edib. Bildirib ki, Naxçıvan ədəbi mühitini bütün mərhələləri və xüsusiyyətləri üzrə təfərrüatlı və əhatəli çap etmək Azərbaycan elmi, xüsusilə Naxçıvanşünaslıq qarşısında vacib bir məsələ kimi dayanırdı. Bu məqsədlə belə bir əsərin hazırlanması üçün əhəmiyyətli bir qərara gəlinib və nəşrin hazırlığı üzərində artıq bir neçə müddətdir ki, işlər davam etdirilir. Monoqrafiyanın ərsəyə gəlməsi və işıq üzü görməsi üçün Azərbaycan alimləri, o cümlədən Naxçıvandan olan elm adamları fəallıqla çalışırlar. Vəsait Naxçıvan ədəbi mühiti ilə bağlı ən müxtəlif məsələləri – Naxçıvanda qədim mədəniyyətin izləri, ədəbi mühitin inkişaf mərhələləri, qədim və orta əsrlərdə Naxçıvanda ictimai fikir və ədəbi mühit, yeni və müasir dövrdə, müstəqillik illərində Naxçıvanda ədəbi mühit, ayrı-ayrı görkəmli şəxsiyyətlər və onların həyat və yaradıcılıq yolu və sair kimi məsələləri əhatə edəcəkdir.
İclasda monoqrafiyanın ayrı-ayrı bölmələri və mövzuların hazırlıq vəziyyəti ilə bağlı məlumat verilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov mövzu ilə əlaqədar çıxış edərək öz fikirlərini bildiriblər.
Sonda qarşıda duran vəzifələr istiqamətində işlərin həyata keçirilməsinin sürətləndirilməsi tövsiyə edilib.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti