Sirli-sehrli dünyanın ecazkar gözəlliklərini səsi, ahəngi ilə dilə gətirən telli, simli, sözlü tar! Tellərindən qopan nəfəsində Vətən eşqi, yurd sevgisi, torpaq həsrəti, oba nisgili, millətinin ağrı-acıları daha çox duyulur. Milli-mənəvi dəyərləri, adət-ənənələri miras saxlayan, illərin yadigarını yaşadan, ata-babalarımızın əmanətini gələcək nəsillərə çatdırmaqla daxili dünyamızı zənginləşdirirsən. Hər mizrabında ürək döyüntüləri, dərin hisslər var. O hisslər ki hər toxunuşunda ruhumuz qidalanır... Tar milli musiqi alətlərinin ən qədimi, segahın əsiri, kamançanın sirdaşı, bir də duyğuları ən yanıqlı şəkildə dilə gətirəndir. Musiqi alətlərinin şahı hesab edilən tarın adı ilk dəfə XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində çəkilib.
İlk yaradılan tar beş simdən ibarət olub. Musiqi nəzəriyyəçilərinin sözlərinə görə, onun səsi zəif, texniki imkanları məhdud imiş. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli tarzəni Sadıqcan tarı təkmilləşdirərək onu virtuoz musiqi alətləri səviyyəsinə yüksəldib. Nəticədə, ümumi konstruksiya dəyişib və simlərin sayı 11-ə çatıb.
Ayrı-ayrı vaxtlarda Qurban Pirimov, Hacı Məmmədov, Əhsən Dadaşov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Kamil Əhmədov kimi dəyərli sənətkarlar tarın təkmilləşdirilməsində və gələcək nəsillərə ötürülməsində misilsiz xidmətlər göstəriblər. Milli-mənəvi dəyərimiz kimi qədim musiqi alətinə olan dərin sevgi muxtar respublikada da ona marağın artmasında, gənclərin uğurlu tar ifaçısı kimi yetişməsində əhəmiyyətli rol oynayıb. Onlardan biri – Sərxan Abdullayev gənc olmasına baxmayaraq, qəlblərə yol tapan, yaddaşlara həkk olunan ifaçılardandır. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tar ixtisası üzrə müəllimi, Naxçıvan Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin tar ifaçısı, eyni zamanda bu ilin may ayında Prezident mükafatçısı olan Sərxan Abdullayevi redaksiyamıza dəvət edib onunla geniş söhbət etmək imkanı qazandıq.
– Sərxan Abdullayev kimdir və tar ixtisasına yiyələnmək üçün hansı mərhələlərdən keçib...
– 1987-ci ildə Naxçıvan Muxtar Respublikası Qaraçuq kəndində doğulub, kənd tam orta məktəbində orta təhsil almışam. Musiqiyə olan marağım ailədən gəlir. Bizim evdən musiqi sədaları heç əskik olmazdı. Tarın səsi ilə yatıb, onun səsi ilə oyanırdıq. Atam, qardaşım tarda ifa edər, uşaqlıqdan onları maraq və zövqlə dinləyərdim. Hələ balaca ikən məhəllə uşaqlarına evimizdə solo konsert də söz vermişdim. Bir gün atamın yoxluğundan ürəklənib, ayağımın altına stul qoyub xalçadan asdığı tarı ehmalca götürdüm, gücüm çatmasa da, mənə nə qədər doğma olduğunu hiss etdim. Yapışmağı bacarmasam da, iki əlimlə möhkəmcə dınqıldatmağa başladım. Elə bu zaman tarın farş səsini eşidən qardaşım əsəbi şəkildə içəri daxil olub onu əlimdən aldı. Möhkəm acıqlandı. Tarın əlimdən alınması mənə pis təsir etmişdi. Musiqiyə olan həvəsimi görən valideynlərim məni musiqi məktəbinə qoymaq qərarına gəldilər. Mən tar sinfinə getmək istəsəm də, atam razı olmadı. Ailədə artıq iki nəfər tar ifaçısı vardı. Evdə məsləhətləşib nağara ixtisasında təhsil almağıma qərar verdilər. Azyaşlı olduğum üçün məni musiqi məktəbinə, hələlik qəbul etmədilər. Həvəsimə görə atam məni Qaraçuq Kənd Uşaq Musiqi Məktəbində nağara müəllimi işləyən Füzuli Zeynalovun yanına apardı. Uşaqlar hər gün bağçaya tələsəndə, mən də müəllimimin yanına tələsirdim. Amma bu sahədə olan həvəssizliyim açıq-aşkar görünürdü. Bir il müəllim yanında, dörd ilə yaxın isə musiqi məktəbində nağaranın sirlərini öyrənsəm də, özümü bu musiqi alətində yaxşı ifaçı kimi görə bilmədim. Gözüm tarda qalmışdı. Hər tar ifası eşidəndə həsrətli, maraq dolu baxışlarım evdəkiləri narahat etməyə başladı. Bu səbəbdən valideynlərim nağara dərsimi yarımçıq saxlayıb məni 9 yaşımda Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinə tar ixtisası üzrə təhsil almağa apardılar. Həmin gün necə sevinmişdim, indiyə qədər yadımdadır. Ardınca 2002-ci il Naxçıvan Musiqi Kollecinə qəbul olub, 2006-cı ildə oranı bitirdim. 2008-2012-ci illərdə isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində təhsil aldım. Düşünürəm ki, bu sənətə gəlməyim Allah tərəfindən yazılmış bir yazıdır.
– İlk ixtisas müəlliminiz və ifa etdiyiniz tarın tarixçəsi maraqlıdır...
– İxtisas müəllimim Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev tara olan marağımı görüb mənimlə xüsusi məşğul oldu. Təbii ki, ilk müəllimdən çox şey asılıdır. Onunla dərsdən sonra da məşğələlərə qalırdım. Hədsiz həvəsim müəllimin çox xoşuna gəlirdi, həmişə deyərdi: – Bu uşağın yaxşı potensialı var. Gələcəkdə uğurlu tarzən kimi yetişəcəyinə əminəm.
İfa etdiyim tarın tarixçəsinə gəldikdə isə deyə bilərəm ki, muxtar respublikanın tanınmış tar ifaçısı Oktay Məmmədlinin tarıdır. O tar mənə o qədər əziz, o qədər doğma idi ki, 2001-ci ildə, 12 yaşımda həmin tarla səhnədə ifamı görən tarzənin üzündəki xoş təbəssüm məni çox sevindirmişdi. Konsertdən sonra alnımdan öpüb məni təbrik etdi və dedi: – Bu tar sənə halal olsun, ay oğul. Açığı sən uşaq olduğun üçün onun səndə olmasına bir az tərəddüd edirdim. Əmanətimi əsl tarzənə vəsiyyət etmək istəyirdim. Sənin ifan məndə bir xoşbəxtlik yaratdı. Sən gələcəyin tanınmış tar ifaçısı olacaqsan. Zaman gələcək, mənim bu sözlərimi xatırlayacaqsan. Bax onda sən böyük səhnələrdə elə bu tarla öz məharətini göstərəcəksən. Onun bu sözləri hər konsert öncəsi mənə ruh yüksəkliyi verir.
– İştirakçısı olduğunuz konsertlərin təəssüratları da bizim üçün maraqlıdır...
– İlk solo konsertim 3-cü sinifdə oxuyarkən təşkil olundu, yüksək qiymətləndirildi. Bir il sonra Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovun sinif konserti keçirildi. Həmin konsertdə irihəcmli əsərlər ifa etməyim tamaşaçı marağına səbəb oldu. 2004-cü ildə isə Bakı şəhərində təşkil edilmiş IX Respublika müsabiqəsində diploma layiq görüldüm. Bundan başqa, muxtar respublikamızda təşkil edilmiş bütün ənənəvi tədbirlərdə, tarixi günlərdə, bayramlarda, konsert proqramlarında hər zaman iştirak edirəm. Ümumilikdə, 7 solo konsertim olub. Əsasən, Azərbaycanın tanınmış bəstəkarlarının ifasına, xalq mahnılarına, unudulmaqda olan əsərlərə müraciət edirəm. Pandemiya ilə əlaqədar konsert proqramlarımız onlayn təşkil edilir. 24 aprel tarixdə “Biz birlikdə güclüyük!” layihəsinin rəhbəri kimi bir neçə ifaçı ilə birgə konsert proqramı təşkil etdik və çox yaxşı qarşılandı. Həmçinin Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllimi kimi 26 aprel tarixdə onlayn konsert proqramı ilə çıxış etdim.
– Tar qədrini tarzən bilər. Tarı tanıdan isə onu ifa edənin yaradıcılığındakı repertuar zənginliyidir. Bəs Sərxanın ifasında hansı əsərlər üstünlük təşkil edir?
– Bu sənətə gələndə məsuliyyətimi dərk edirdim. Balaca əllərimdə Azərbaycanın milli mədəniyyətinin nadir incilərindən sayılan qədim musiqi alətinin hökmünü, mənəviyyatını, qüdrətini daşıdığımın fərqində idim. Çünki Azərbaycan muğamları tar kimi ecazkar musiqi aləti sayəsində sənət qələbəsi qazanıb, əbədi zirvə fəth edib. Tar yaradıcılığının zirvəsi məhz muğamlardır. Elə buna görə də onları dərindən mənimsəməyə çalışıram. İfa etdiyim əsərlər də daha çox xalq mahnıları və elə muğamlarımızdır. Əsas da Qarabağ şikəstəsini vurğulamaq istəyirəm. Tarda ifamı dinləmək istəyənlərin “Havalansın tarın səsi, Qarabağın şikəstəsi” deməkləri kifayətdir ki, mizrabım bu ecazkar xalq musiqisini ifa etsin.
Çalışıram ki, yaddan çıxan ifalara üstünlük verim, onları yaşadım. Bildiyimiz kimi, mənfur ermənilər hər zaman bizim milli musiqimizə və musiqi alətlərimizə göz dikib öz adlarına çıxıblar. Neçə-neçə xalq mahnılarımız, musiqi alətlərimiz bu qəbildəndir. Az öncə də vurğuladığım kimi, muğamlarımızı tarsız təsəvvür etmək olmaz. Çünki tar muğamlarımızın şah damarı hesab olunur. Bu da onlara tutarlı cavabdır ki, tar Azərbaycanın milli musiqi alətidir. Bir vaxtlar sovet ideologiyasının qadağa qoyduğu tar 2012-ci ildə “Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti”nin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi, bununla da Azərbaycan mədəniyyətinin əsas hissəsi kimi dünya ölkələri tərəfindən qəbul olundu.
– Bu gün mədəniyyət sahəsində çalışanlardan biri kimi siz də dövlət qayğısı ilə əhatə olunanlar sırasındasınız... Yaradılan şərait yaradıcılıq uğurlarınıza necə təsir edir?
– Ölkəmizin hər yerində olduğu kimi, doğma diyarımızda da bütün sahələrə göstərilən diqqət və qayğı mədəniyyəti də əhatə edib. Hər il mədəniyyət işçilərinə təltiflər, mükafatlar, fəxri adlar təqdim olunması da bu qayğının bariz nümunəsidir. Bir sənətkarın dövlət qayğısından ruh yüksəkliyi hiss edərək xalqa xidmət etməsi üçün bundan gözəl dəyər ola bilməz. Mən də bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Prezident mükafatına layiq görüldüm. Həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeniyetmə və gənclər arasında təşkil etdiyi “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx müsabiqəsində II yerlə mükafatlandırıldım. Sevindirici haldır ki, bu gün muxtar respublikada sənətə və sənətkara yüksək qiymət verilir, yaradıcı gənclər istedadları üzrə istiqamətləndirilir. Biz də yaradılan şəraitdən lazımınca bəhrələnib milli mədəniyyətimizi, musiqimizi yaşatmağa və təbliğ etməyə çalışacağıq.
– Müsahibə üçün sağ olun!
Türkan HÜSEYNLİ