Dünən Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının “Muğam studiyası”nın onlayn konserti olub. Konsert proqramında xalq mahnıları, təsniflər və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib.
Qeyd edək ki, filarmoniyada “Muğam studiyası” uzun illərdir ki, fəaliyyət göstərir. Studiyanın tərkibində tanınmış xanəndələrlə yanaşı gənc muğam ifaçıları da bu sənəti yaşadır və təbliğ edirlər.
Onlayn konsertdə İlqar Hüseynovun rəhbərlik etdiyi “Muğam studiyası”nın solistlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudov “Çahargah təsnifləri”, Ruhiyyə Hüseynova Əlibaba Məmmədovun “Gözlərin” mahnısını, “Yana-yana kül oldum”xalq mahnısını, müğənnilərdən Məhərrəm Quliyev “Dilkəş”, Bəhruz Quliyev “Bayatı-şiraz” təsniflərini, Nərmin Hüseynova Qulu Əsgərovun “İlk eşqim” mahnısınıifa ediblər.
Zülfiqar Mahmudovun Nərmin Hüseynova ilə birlikdə ifa etdiyi“Qarabağ şikəstəsi” ritmik muğamı ilə başa çatan onlayn konsert 1 saata yaxın davam edib. Bu onlayn konsert proqramı da Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet resurslarında canlı olaraq yayımlanıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onlayn formada təqdim edilən mədəni tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı, həm də insanların asudə vaxtlarının səmərəli təşkilinə əməli töhfədir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti