Şair-dramaturq Adil Qafar oğlu Babayev 1925-ci il yanvar ayının 27-də Naxçıvan şəhərində dünyaya gəlmişdir. Atası Qafar Babayev Naxçıvan Fövqəladə Komissiyasının sədri, Daxili İşlər komissarı vəzifəsində işləməsinə baxmayaraq, 1925-ci ildə SSRİ Xalq Komissarları Sovetinin sədri A.Rıkovun Naxçıvan səfərindən sonra güllələnmişdir. Adil Babayev uşaqlıq illərindən atasına 1956-cı ildə verilən bəraətə qədər “Xalq düşməninin oğlu” damğasını qorxa-qorxa gəzdirməyə məhkum olmuşdu. Bəlkə də, məhz bu nisgilli həyat onun ömrünün tez başa çatmasına, 52 yaşında dünyasını dəyişməsinə səbəb olmuşdur. O, 1977-ci il avqust ayının 19-da dünyasını dəyişmişdir.
Ata nəvazişi görməyən şair “Üç miras qalıbdır atamdan mənə: bir adım, bir dilim, bir də ürəyim”, – deyirdi. Adil Babayev şeirlərinin birində atasızlığın onun həyatına təsirini belə qələmə almışdır:
Mən atamı görməmişəm at belində,
Ata-baba ocağında, dost elində.
Simasını yaratmışam xatirələr qaynağından,
Neçəsinin heyrətindən, neçəsinin sorağından.
Anam nağıl deyən zaman gözlərimə atam gəlib,
Şeir yazıb, söz qoşmuşam, sözlərimə atam gəlib.
Şairin dostu və müasiri Xalq şairi Bəxtiyar Vahabzadə Adil Babayevin həyatını belə təsvir etmişdir: “Adilin atası repressiya qurbanlarından biri idi. Buna görə də Adil çox yerdə sıxıntı keçirir, çox yerdə sözünü açıq deyə bilmirdi…”
Xalq şairi Səməd Vurğunun Adil Babayevin 1945-ci ildə qələmə aldığı “Çinar” şeirinə böyük qiymət verməsi və ona bundan sonra daha çox yazmağı məsləhət görməsi Adil müəllimin yaradıcılığında yeni dövrün başlanğıcı olur.
Şairin oğlu, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Etibar Babayev öz xatirələrində yazır: “Atam Səməd Vurğunun bu qayğısından və onun “Çinar” şeirinə verdiyi böyük qiymətdən o qədər ruhlanmışdı ki, mən atamın 1956-cı ildə deyil, məhz 1945-ci ildə Səməd Vurğun mənə verdiyi yüksək qiymətlərdən sonra bəraət almasını hiss etdim”, – deyirdi.
O, 52 illik qısa ömrünün 38 ilini yaradıcılığa sərf edib, gələcək nəsillər üçün əsl sənət nümunələri yaradıb. Adil Babayev 4 teatr tamaşasının, 14 poema, 15 hekayə, 2 povest, 10 pyes, 250-dən çox sonetin və yüzlərlə publisistik məqalə və resenziyanın müəllifidir.
Şair rus və gürcü dillərini mükəmməl bildiyindən R.Taqor, D.Kuqildinov, A.Nekrasov, A.Turgenev, A.Sereteli, N.Dunbadze, Q.Abaşidze və sair yazarlardan çoxlu tərcümələr etmişdir.
Müəllif “Ümid sərvləri”, “Mənim abidəm”, “Təzədən doğulur şair ölən gün”, “Pyeslər”, “Ata sorağında”, “Anamın bayramı”, “Fəsillər dəyişəndə”, “Yaşamağı bacarmıram” kitabları çap olunub. Onun onlarla şeirinə respublikanın tanınmış bəstəkarları mahnılar bəstələmişlər. “Ayrılıq olmasaydı” musiqi albomu Türkiyənin “Raks” şirkətində istehsal edilmişdir.
Adil Babayevin yaradıcılığı ilə tanış olan hər bir oxucu onun Vətəninə, torpağına bağlı bir vətənpərvər insan, saf duyğuların tərənnümçüsü, yaşamaqdan doymayan, həyata bağlı bir şair olduğunu yaxşı bilir.
Şairin həyatındakı nisgil “Xalq düşməninin oğlu” damğası və haqsızlıqlarla tez-tez üzləşməsi kimi hallar hər hansı bir insanda olsaydı, bu qədər yazıb-yaratmaq, həyata bağlılıq həvəsi olmazdı. O, “Yaşamağı bacarmıram” şeirində öz narahat ürəyinin səsini belə tərənnüm edir:
…Qəh-qəh çəkib gülsün mənə,
neçə yaltaq, neçə harın.
Yaşamağı bacarmıram qoltuğunda
harınların.
Adil Babayev Azərbaycan ədəbiyyatında “sonet ustası” kimi tanınan bir şair olmuşdur. Onun həyatının sonuna bir gün qalmış taqətsiz barmaqları ilə yazdığı “Nağıllar heç zaman kədərli olmur” sonuncu soneti olmuşdur. Həmin sonetdə oxuyuruq:
Mən ömür istəmirəm riya, xəyanət üçün,
Yurduma gərək olan söz üçün, sənət üçün.
Ömürdən doymamışam,
Həyatdan doymamışam.
Adil Babayevin xatirəsinin əbədiləşdirilməsi üçün Bakı və Gəncə şəhərlərində onun adı küçələrə verilib. Doğma yurdu Naxçıvanda isə dünyasını dəyişəndən bir il sonra Naxçıvan MSSR Nazirlər Sovetinin 1978-ci il 18 avqust tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasına şairin adı verilib. Hazırda kitabxana şair-dramaturq Adil Babayevin adını daşıyır.
Kitabxananın girişində qoyulmuş “Adil Babayev” başlıqlı daimi sərgi-stenddə şairin həyat və fəaliyyətini əks etdirən fotolar, kitablar və haqqında yazılan digər çap məhsulları yer alır.
Adil Babayevin doğum və anım günlərinin daha geniş təşkili məqsədilə hər il kitabxanada “Adil Babayev həftəsi” təşkil edilir, şairin poema, şeir, oçerk və digər yazılarının oxucular arasında oxu və müzakirələri keçirilir, ümumtəhsil məktəblərində şagirdlərin ifasında poema və şeirlərinin qiraət müsabiqələri təşkil olunur. Bundan başqa, Adil Babayevin kitablarından ibarət məktəb, park və əhalinin sıx yaşadığı məhəllələrdə səyyar kitab sərgiləri keçirir, kitabxana oxucularının və digər ziyalılarımızın şair və yazıçıların iştirakı ilə dəyirmi masalar təşkil olunaraq yaradıcılığının təbliğinə çalışırıq.
Biz kitabxana kollektivi olaraq bundan sonra da Adil Babayevin həyat və yaradıcılığı ilə hər bir məktəbli, gənc oxucunun tanış olması, onun əsərlərini mütaliə etməsi üçün böyük həvəslə təbliğat işləri aparmağa çalışacağıq.
Kəmaləddin AXUNDOV
Adil Babayev adına Naxçıvan Muxtar Respublika
Uşaq Kitabxanasının direktoru