02 May 2024, Cümə axşamı

Ulu öndər Heydər Əliyеv: “Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o, Azərbaycançılığın, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir”.


Məlumdur ki, hər bir xalqın mənəviyyatı, mədəniyyəti, varlığı onun ədəbiyyatında ifadə olunur. Ədəbiyyatın böyük təsir gücü həmişə dəyərləndirilmişdir. Zamanın, cəmiyyətin hadisələrini əks etdirmək baxımından bədii ədəbiyyat həmişə qiymətli qaynaqlardan biri hesab olunmuşdur. Bu anlamda, müstəqillik dövründə Azərbaycan ədəbiyyatı əvəzsiz milli-mənəvi sərvətimiz olaraq bədiiliyin gücünü yetərincə ifadə edə bilən əsərlərlə zənginləşmişdir. Ədəbiyyatşünas alimlərimizin də qeyd etdiyi kimi Azərbaycan ədəbiyyatı milli tarixi köklərə malik olub bəşər ədəbiyyatının tərkib hissəsidir.
Azərbaycan ədəbiyyatının ayrılmaz qolu olan Naxçıvan ədəbi mühiti də xalqımızın tarixi dəyərini əks etdirmək baxımından maraqlı bir inkişaf yolu keçmiş, müstəqillik dövründə mövzu-ideya istiqamətində yaddaqalan yeniliklər qazanmışdır. Həmin dövrdə analitik düşüncələrin məhsulu olan əsərlərin bolluğu, mövzulara yeni baxış prizmasından yanaşmaq, azad Vətən probleminin estetik idealın əsasında dayanması məsələləri diqqəti çəkir. Xüsusilə də yeni şərait və zamanın tələbi ilə poetik əsərlərdə canlanma, ictimai-siyasi hadisələrin rolunu düzgün müşahidə etmək bacarığı azad şair psixologiyasının formalaşdığını göstərir. Ümumiyyətlə, kommunist ideologiyası, sovet senzurası kimi keçilməz hesab edilən sədləri aşa bilən bədii ədəbiyyatımız da yaşanan sarsıntılarla yanaşı, böyük tarixi uğurların təsvir və tərənnümünə geniş yer verilmişdir. Sözügedən zamanda sovet dövründə haqqında danışılmayan, ümumiyyətlə, qələmə alınmasına ehtiyat edilən bir sıra mövzulara marağın çoxalması diqqəti cəlb edən məsələlərdəndir. Bu mənada, İslam dini dəyərlərinə, müqəddəs ziyarətgahlara münasibəti ifadə edən əsərlərin üzə çıxması müstəqillik dövrünün töhfələrindəndir. Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndəsi olan Muxtar Qasımzadənin “Əshabi-Kəhf”, “Kırnada “Allah evi”, “İmamzadə” kimi şeirləri müstəqillik dövrünün imkan verdiyi və tələb etdiyi aktual mövzularda qələmə alınmışdır:

Əl açdı göylərə yeddi kimsənə,
Bir olan Allaha inam gətirdi.
Tanrı könül verdi öz bəndəsinə,
Yeddi kimsənəyə salam yetirdi.

“Əshabi-Kəhf” şeirində tarixi hadisələrin nəzmə çəkilməsindən başqa, şairin gerçəklikləri xatırlatması məqamları da vardır:

Ziyarət edirik “Əshabi-Kəhf”i,
İlk inanc yerimiz, qədərimizdi.
“İncil” də, “Tövrat” da, “Quran” da deyir,
Tanrı ocaqları haqq yerimizdi.

Bədii ədəbiyyatın əhəmiyyətli cəhətlərindən biri budur ki, həyatda baş verən hadisələri obrazlı şəkildə təqdim etməkdən başqa, onları maraqlı bir mənzərə kimi göz önünə gətirir və bu prosesdə nəyin gərəkli olduğunu anladır. Müstəqillik dövründə Naxçıvanda yaranan bədii ədəbiyyat nümunələrinin leytmotivində xalqımızın maddi-mənəvi mədəniyyət örnəkləri olan tarixi abidələri xüsusi yer alır. Bu mənada, Muxtar Qasımzadənin yaradıcılığı səciyyəvidir. Şairin əsərlərinin əksəriyyəti torpağımızın sinəsində qədim tarixin izi olan abidələrə həsr olunub. Yəqin buna görədir ki, professor Sədaqət Həsənova araşdırmalarının birində Muxtar Qasımzadəni “Naxçıvanın abidələr şairi” adlandırmışdır: “Vətənə sevgidən, onun keçmişindən, bu günündən, gələcəyindən, insanlarından və digər mövzularda yazanlar çoxdur. Muxtar Qasımzadənin fərqli cəhətlərindən biri onun daha çox Vətənin tarixi abidələrini ədəbi-bədii mövzulara çevirməsidir. Bu xüsusiyyət onun “Naxçıvanın abidələr şairi” kimi dəyərləndirilməsinə haqq verir”. Şairin “Gəmiqaya”, “Fərhad evi”, “Oğlan qala, qız qala”, “Duz saray”, “Çalxanqala”, “Əlincə”, “Köhnə qala haqqında ballada”, “Xaraba Gilan”, “Gülüstan”, “Xanəgah”, “Zorxana”, “Bəkir oğlu Əcəmi”, “Qarabağlar türbəsi”, “Babək qalası”, “Xan evi-xalq evi” kimi şeirləri tarixi-memarlıq abidələrimizə xüsusi maraq oyadır və onlar haqqındakı həqiqətləri yaddaşlara gətirir. Tarix elmləri doktoru, akademik İsmayıl Hacıyev Muxtar Qasımzadənin həmin əsərləri haqqında deyir: “İlk baxışda hiss edirsən ki, hər şeir, sanki bir poetik bələdçidir. Şeiri oxuduqdan sonra sözügedən qala, yaxud türbə haqqında səndə böyük təsəvvür və məhəbbət yaranır. Haradan söhbət gedirsə, oranı görmək həvəsi oyanır qəlbində. Misralar boyunbağı kimi qatarlanan Naxçıvan abidələrinə körpü salır elə bil”. Akademik hər bir şeirin özünəməxsus vəzifəsinin olduğunu da qeyd edir. Doğrudan da, şairin hər bir şeirində fərqli məziyyətlər vardır:

Nuhçıxandan gəlirəm,
Bura Nuhun öz eli.
Köhnə qala – məzarı,
Gəmiqaya – heykəli!

Bir çox əsərlərin meydana çıxmasında müstəqillik dövründə yaranan ictimai-siyasi, ədəbi-mədəni mühitin özünəməxsus rolu vardır. Maraqlıdır ki, həmin dövrdə tanınmış simalardan başqa, gənc şairlər də dövrün tələbindən irəli gələn mövzulara tez-tez müraciət edirlər. Filologiya üzrə elmlər doktoru Təyyar Salamoğlunun da qeyd etdiyi kimi, “Adətən, şeirə gələn şair, ilk qələm təcrübələrində sevgi motivinə, qadın-kişi münasibətlərinin ülvi məqamlarının tərənnümünə daha çox üstünlük verir”. Lakin həmin şairlərin əsərlərində Vətən, bayraq, torpaq sevgisi daha güclüdür.
Müstəqillik illərində Naxçıvan ədəbi mühiti gənc yazarlarla zənginləşmişdir. Onların içərisində qadınların da özünəməxsus yeri vardır. Kamilə Dönməz, Sədaqət Nemət, Təranə Arifqızı, Zeynəb Qasımova, Gülnarə Yusifqızı, Zeynəb Naxçıvanlı, Səbinə Əlincəli, Səadət İsmayıllı, Şəlalə Fərzəliyeva, Məftunə Hüseynbəyli, Güllü Mehdiqızı, Əzizə Həsənova, Gülzadə İbrahimli, Tacirə Dünya, Gülşən Azəri, Aytəkin Dərya kimi qələm sahiblərinin yaradıcılığı mövzu rəngarəngliyi ilə diqqəti çəkir. Həmin mövzular içərisində torpaq, yurd sevgisi, mübarizə notları, üçrəngli bayrağımızın tərənnümü, tarixi hadisələrdən irəli gələn narahatlıq daha qabarıqdır.
20 Yanvar faciəsi, Xocalı soyqırımı ədəbiyyatımıza yeni mövzular gətirdi. 1995-ci ildə müstəqilliyimizin qanuni əsasının – yeni Konstitusiyanın qəbul edilməsi, Azərbaycanın əvvəlki dövrlərlə müqayisədə beynəlxalq aləmdə daha çox şöhrətlənməsi, milli müstəqilliyimizin dünya dövlətləri tərəfindən tanınması bədii əsərlərin əsas mövzularına çevrilmişdir. Maraqlıdır ki, Xocalı faciəsi mövzusunda yazılan əsərlərdə daha çox hadisələrin təsviri və təəssüf hisslərinin tərənnümü çoxdur. Barmaqla sayılacaq qədər az əsərlərdə mübarizə çalarları da vardır ki, onlardan biri də Naxçıvan ədəbi mühitinin nümayəndəsi Kamilə Dönməzə məxsusdur:

Ağlamaq yaraşmır türk övladına,
Bu, ləkə gətirər türkün adına.
Yenidən çatmaqçün öz muradına
Xocalı səsləyir, Laçın səsləyir.

Müstəqillik dövründə Naxçıvanda yaranan ədəbi örnəklərdə maraqlı və diqqətçəkən məqamlardan biri də torpaqlarımızın işğalından irəli gələn qəzəb, nifrət hissi ilə yanaşı, qisas və mübarizəyə çağırış notlarının güclü olmasıdır. Sədaqət Nemətin bir sıra şeirləri bu baxımdan səciyyəvidir:

Köksünə daş atdıq unutqanlığın,
O gün unudulan olmayacaqdır.
Eşitsin yer üzü, eşitsin Tanrı,
Qisas qiyamətə qalmayacaqdır.

Sözügedən tarixi dövrdə Naxçıvanda qələmə alınan bədii nümunələr içərisində bayatı formalı əsərlər də diqqəti cəlb edir. Məlumdur ki, folklor örnəkləri dünya ədəbiyyatının ən gözəl inciləri hesab olunur. Yüksək sənətkarlıq səviyyəsinə malik olan, məxsus olduğu xalqın dil və təfəkkür mədəniyyətinin göstəricisi olan ağız ədəbiyyatı zəngin məzmunu və böyük təsir gücü ilə seçilir. Təsadüfi deyildir ki, folklor yazılı ədəbiyyatın “ilk mayak”ı hesab olunur. Dünya xalqlarını heyran edən böyük əsərlər folklordan qaynaqlandığı üçün geniş şöhrət tapmışdır. Naxçıvan ədəbi nümunələri bir daha təsdiq edir ki, folklor yazılı ədəbiyyata material verən əsas mənbələrdən biridir. Bundan başqa, yazılı ədəbiyyat bir sıra əsərlərin formasını da folklordan alır. Bu baxımdan Təranə Arifqızının aşağıdakı misraları maraqlıdır:

Öz əlifbam, öz dilim,
Öz bayrağım, öz gerbim,
Vətənimdir, Vətənim,
Mənim müstəqilliyim!

Naxçıvan ədəbi örnəkləri arasında gəraylı şəklində yazılan əsərlərlə də qarşılaşmaq olar. Bu mənada, Zeynəb Qasımovanın yaradıcılığı səciyyəvidir:

Günəş yenə doğacaqdır,
Qaranlığı boğacaqdır.
Üstünə nur yağacaqdır,
Ağlama, Vətən, ağlama!

Araşdırmadan aydın olur ki, müstəqillik dövründə Naxçıvanda ictimai-siyasi mövzular üstünlük təşkil etmişdir. Dövrün şairləri tarixi-siyasi hadisələrə diqqətlə yanaşmış, əsərlərində xalqın arzu, istəyi ilə yanaşı, öz hisslərini də ifadə etmişlər. Zeynəb Naxçıvanlının poeziyasında da ictimai-siyasi mövzuların bolluğuna rast gəlirik:

Soluma baxdım, yaralı,
Sağıma baxdım, yaralı,
Gül-çiçəkli dərələrə,
Sağıma baxdım, yaralı.
Əsir, yesir Qarabağım,
Kəlbəcərim, Laçınım,
Sarlar gəzir Şuşamda,
Hanı tərlan, Laçınım?!
Qubadlım, Cəbrayılım,
Ağdamım, Zəngilanım,
Nə vaxtadək, Xocalım,
Dərdə alışım, yanım?!

Müstəqillik dövrü Naxçıvan ədəbi mühiti bədii əsərlər bolluğu ilə fərqlənir. Burada lirik, epik və dramatik növlərin hamısına aid nümunələr yaradılsa da, lirik əsərlər mövzu aktuallığı və poetik ruhu ilə yanaşı, kəmiyyət etibarilə diqqəti cəlb edir. Araşdırma göstərir ki, müstəqillik dövründə Naxçıvanda ədəbiyyat öz axarında inkişaf etməklə kifayətlənməyib, mövzu-ideya baxımından daha da zənginləşərək davamlı inkişafı istiqamətində irəliləmişdir.

Nurlana ƏLİYEVA
filologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR