25 Dekabr 2024, Çərşənbə

Hörmətli yoldaşlar! Vətənimizin bir parçası, bu qədim Naxçıvan torpağının dünənki mənəvi sərvətini mənimsəməyə haqqınız olduğu kimi, bu gününü də daha sürətlə inkişaf etdirməyə borclusunuz. Bu gün sabahın dünəninə çevriləndə sizdən hesabat istəyəcəklər: nə boyda kabinetlər tutmusan, neçə mərtəbəli nitqlər eləmisən, yumşaq maşınlarda neçə min kilometr yol getmisən. Bunların müqabilində gələcək nəslə yadigarın nədir? – Vədlər, məlumatlar?!
Yox, bu ad bizim şərəf kitabına düşməyəcək!
Möhkəm əqidəli, təmiz əxlaqlı, evlər tikən, bağlar salan, yollar çəkən adamlar yetişdirmisənsə, bu şərəf kitabında fəxri vətəndaş kimi həmişə yaşayacaqsan!
Geoloqlar Naxçıvanı “geoloji muzey” adlandırırlar. Burada hələ torpağın təbii, mineral sərvətləri boldur, həm də relyef geoloji cəhətdən rəngbərəngdir. Hər bir geoloji eranın möhürü bu torpaqda aydın seçilir. Araz boyunun ən kəskin istisindən iki saatın içində soyuq dağ iqliminə düşmək, hətta qar üstündə sürüşmək olar.

Gözünüz qabağında Badamlı suyu şırıltıyla dərəyə axır. Onun 20 faizindən ancaq istifadə olunur. Azərbaycanın bir çox şəhərləri, o cümlədən Bakı yay aylarında bu suya ehtiyac duyur.
Bəs Sirab suyu? Babaların “sehrli su” adlandırdığı bu nemət? Hər il neçə milyon manatlar dərələrə axıb gedir. Hələ nə qədər adamın cansağlığı, süfrəsinin dadını demirəm… Bəs bunları kim görməlidir? Torpağın bu nemətini xalqın, dövlətin malı kim edəcək? Yenəmi “yuxarıdan buyruq?!”
Plana görə, Sirabda tikilən su zavodu 1965-ci ildə istifadəyə verilməli idi. Hələ bu il də qurtarması şübhəlidir. Yenəmi kimsə gəlməlidir, təkan verməlidir?
İndi respublikanın bəzi rayonlarında tütün əkilir. Plan göstəriciləri də pis deyil. Ancaq bu işin gələcəyini düşünəndə bir qədər narahat olursan. Məsələn, Şahbuzu götürək. Burada əkinəcək yerləri, əsasən, mailidir. Bu da tez-tez suvarıldıqda torpağın aşınmasına, gələcəkdə isə humus qatının məhsuldarlığı itirməsinə səbəb ola bilər. Tütün isə həmişə ağzını açıb su istəyir. Su azdır. Üzümə çox az su lazımdır. Torpağı da aşınmağa qoymur, lap sıldırım yamacda da bar verir.
Əlbəttə, beşillik plan təsdiq olunub, tütün də əkilməlidir. Məsələ bundadır ki, Şahbuz rayonu üzümçülük profilini itirməkdədir. Halbuki həmin sahələrdə üzüm bağları salınsa, tütündən bir neçə dəfə artıq gəlir verə bilər. Həm də Şahbuzda tikilən Şərab Zavodunun istehsal gücündən tam istifadə olunar. Babalarımızın da ruhuna hörmət olar. Onların salıb getdiyi üzüm bağları quruyub yox olmaz.
Şahbuz rayonunda respublikamızın çox gözəl sanatoriyaları tikilə bilər. Şahbuzun yerli hökuməti bu məsələlərlə müntəzəm məşğul olur.
Təşəbbüskarlıq, qol çırmalayıb meydana girmək, pis adamların ağzından vurub, yaxşıların qolundan tutmaq, böyük işlərimizin əyər-əskiyini tapıb düzəltmək – bunlar sizdən asılıdır!
Naxçıvan gündən-günə dəyişir, gözəlləşir.
Arzu edək ki, Naxçıvanın bu təzə geyimində yamaqlar görünməsin.

Məmməd İBRAHİM
Naxçıvan, iyul-avqust 1967

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR