Rəssamlıq bir enerjidir... Nə qədər həyat var, rəssamlıq da olacaq
Rəssamlıq sənəti çox incə, maraqdoğuran, insan ruhunu oxşayan, görmədiyimiz bəzi məqamlarda olan gözəllikləri bizlərə aşılayan gözəl bir sənət növüdür. Rəssamların əsərlərində öz ürəklərini təsvir edə biləcəkləri bir ruh yaşayır. Həmsöhbətim sənətşünas rəssam, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının müəllimi Ləman Məmmədova da belə rəssamlarımızdandır.
Ləman xanım 1978-ci ildə Naxçıvan şəhərində anadan olub. 1985-1995-ci illərdə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr, 1999-2001-ci illərdə həmin universitetin magistratura pilləsində təhsil alıb. 2001-ci ildən bu günədək Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Rəssamlığa özünü dərk edəndən meyil edib. Rəngkarlıq, qrafika sahəsində fərdi sərgiləri təşkil olunub. Əsərləri bir çox ölkə səviyyəli və beynəlxalq sərgilərdə nümayiş olunub.
– Ləman xanım, deyirlər ki, bütün sənət adamları əsərlərinin arxa planında elə özüdür. Hisslərini, duyğularını, düşündüklərini çəkir, yazırlar. Bəs Ləman Məmmədova əsərlərində özünə nə qədər yer ayırır?
– Təbiəti çox sevirəm. Naxçıvan təbiətinə, bu diyarın gözəl yerlərinə vurğunluğum yaradıcılığımda da öz əksini tapır. Ən çox təbiət mənzərələri, abidələr və natürmortlar çəkirəm. Dediyiniz kimi, mənim də əsərlərimin arxa planında mən özüməm: təbiətə sevgim, məhəbbətimlə...
– Bəs rənglərin sehrinə düşdüyünüz anlar olubmu?
– Bəli, belə anlar çox olub. Əsərimə başımın qarışdığı o qədər anlar olub ki, hətta səhərin açılmasından, axşamın düşməsindən xəbərim olmayıb. Amma mən deyərdim ki, elə ən gözəl əsərlər də məhz həmin dövrdə yaranıb. Rəsm ruhumun qidası, ürəyimin nəğməsidir. O qədər bağlıyam ki, bu işə, sanki rəsm çəkdiyim zaman mənən, ruhən rahatlıq tapıram. Mən deyərdim ki, rəssam, ancaq öz hissləriylə, duyğuları ilə rəsm çəkir, sanki öz qəlbini ortaya qoyur.
– Sizin bütün əsərlərinizdə müsbət enerji, xoş ovqat var. Belə başa düşülür ki, ancaq əhvalınız yaxşı olanda rəsm çəkirsiniz?
– Mənə görə, yaradıcılıq könül işidir. Özümü heç vaxt rəsm çəkməyə məcbur etmirəm. Əhvalım yaxşı olmayanda rəsm çəkmədiyim üçün, yəqin bu da əsərlərimə sirayət edir.
– Ləman Məmmədovanın ən çox sevdiyi tablosu hansıdır?
– Bir qədər çətin sualdır. Hər bir yaradıcı şəxsin əsərləri onun övladlarıdır. Mən də bütün övladlarını eyni məhəbbətlə əzizləyən bir ana kimi əsərlərimə fərq qoya bilmirəm. Onların hər hansısa birini kiməsə hədiyyə verəndə, ya sərgi keçirilib bəyəniləndə bir tərəfdən əsərdən ayrıldığım üçün üzülür, digər tərəfdən isə qürur duyuram ki, mənim əsərlərim sevilir, sərgilənir, kimlərsə tərəfindən bəyənilir.
– Hər bir rəssamın bir idealı olur. Siz necə, idealınız olan əsəri çəkmisinizmi?
– Məncə, insan hansı yaşa gəlirsə-gəlsin öyrənməkdən yorulmamalıdır. Mən hələ də öyrənirəm. Düşünürəm ki, hələ idealım olan rəsmi çəkməyimə çox var.
– Məşhur bir rəssamın bu sözləri yadımda qalmışdı:“Tərəddüd və sərbəst zaman mənim işim üçün önəmlidir”. Siz necə düşünürsünüz?
– Yaradıcılığım üçün yeganə şərt mənəvi rahatlığımdır. Mənən rahat olduğum hər zaman işimə yarayır. Başqa heç nə yaradıcılığıma mane olmur. İnsanın daxili dünyası sakit olanda, əhvalı yerində olanda onun əsərləri də müsbət əhval-ruhiyyəyə köklənir.
– Sənətdə bütün təsvir olunanlar qəlbin zənginliyidir. Mən deyərdim ki, insanların xarici görünüşü ilə daxili aləminin zənginliyi tam bir vəhdət təşkil edir. Hər kəsin üzünə, ən əsası isə gözlərinə baxanda onun qəlbinin nələrə qadir olduğunu kəşf etmiş olursan. Gözəllik özlüyündə təbiətin gizli qanunlarının təzahürüdür. Bəs qəlbinin gözəlliyini tablolara köçürən Ləman Məmmədova üçün gözəllik nə deməkdir?
– Gözəllik axtarmaq üçün bütün dünyanı gəzsək də, bunu, birinci növbədə, özümüzdə daşımalıyıq, yoxsa onu tapa bilmərik. Mənim üçün gözəllik insanın daxili dünyası, görülən işlər, yaxşı əməllər, insanlara olan münasibətdir. Daxili dünyası zəngin olan insan istər-istəməz gözümüzdə ucalır.
– Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir. Bəs sizin qarşınıza hansı insanlar daha çox çıxıb?
– Etiraf edim ki, bu səviyyəyə çatmağım üçün məni hərtərəfli qiymətləndirən, başa düşən insanlara borcluyam. Xalq rəssamı, professor Hüseynqulu Əliyev isə mənim ustadım, müəllimimdir. O, hər zaman mənə deyir ki, sənin ən yaxşı tərəfin odur ki, səndə elmlə sənət vəhdətdə birləşib, çünki sənətşünas rəssamsan. Bax budur mənim yeganə qazancım – müəllimlərimdən xoş sözlər eşitmək, onların xeyir-duasını almaq.
– Ləman müəllim, həm də elmi fəaliyyətlə məşğulsunuz, incəsənətin sirlərini tələbələrə öyrədirsiniz. Müəllimlik sizin üçün nə deməkdir?
– Naxçıvan Dövlət Universitetində artıq 20 ildir ki, elmi-pedaqoji fəaliyyətlə məşğulam. Ancaq inanırsınız ki, tələbələrlə işləmək mənə o qədər zövq verir, ruhlandırır ki, dərslərdə zamanın belə, necə keçdiyinin fərqində olmuram. Gənc kollektivlə ünsiyyətdə olduqca, sanki ruhumun da hər zaman gənc qaldığının fərqinə varıram. Bu günə qədər hər bir dərs prosesini bezmədən, usanmadan tədris etmişəm. Biz də savadlı, ixtisasını dərindən bilən və əsl pedaqoq olan müəllimlərimizdən öyrəndiyimiz metodları bacardığımız qədər tələbələrə aşılayırıq. “Təsviri sənət nəzəriyyəsi”, “Miniatür sənəti”, “Heykəltəraşlıq və rəngkarlıqda insan gözəlliyinin təcəssümü”, “İncəsənət tarixi fənni üçün tədris metodik vəsait”, Almaniyada nəşr olunan “İntibah dövrünün rəssamları” kitablarımda da buna nail olmağa çalışmışam.
– Eyni zamanda xalqımızın yaşayış tərzini, tarixini, mədəniyyət və incəsənətini özündə əks etdirən xalçaçılığa dair “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin də müəllifisiniz...
– Azərbaycanı dünya incəsənət tarixində tanıdan sahələrin ən önəmlilərindən biri xalça sənətidir. Xalqın sənət süzgəcinin məhsulu olan xalçalar muzeylərin eksponatı, estetik zövqü, məişətin interyer bəzəyi, qiymətli sərvəti olub. Bu el sənətinin yaşadılması istiqamətində mütərəqqi addımlar atılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə verilən böyük önəmin ifadəsi olan bu dövlət sənədi, öz növbəsində, xalçaçılıq sənətinin dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar yaradır. Ali təhsil auditoriyası, həmçinin xalça sənəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab xalçaçılığa dair çoxillik tədqiqatların, dəyərli əsərlərin əsasında tərtib edilmişdir. Kitabda Azərbaycan dekorativ-tətbiqi sənət növləri, Azərbaycan xalçaçılığı tarixi ilə bağlı məlumat verilib. Xalçaların təsnifatı, Azərbaycan xalçaçılıq məktəbləri nümunələri olan Qarabağ, Quba, Təbriz, Naxçıvan, Bakı, Gəncə, Şirvan xalçaları özünəməxsus xüsusiyyətlərinə görə ayrılıb. Kitabda həm də xalçaçı-rəssam Lətif Kərimovun həyat və yaradıcılığından, xalçaçılıq sahəsində gördüyü misilsiz xidmətlərindən məlumat verilib.
– Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəssamlar Birliyinin “Yurdumun rəngləri” festival-müsabiqəsində sizin rəsminiz plakat nominasiyası üzrə fərqləndirici yeri tutub.
– Çəkdiyim rəsmdə sülh simvolu olan göyərçinlərdən “Naxçıvan – 95” sözünü yazmışam. Bununla muxtar respublikada sülh, əmin-amanlıq, firavanlıq olduğunu, insanların sakit, dinc şəraitdə xoşbəxt yaşadıqlarını əks etdirmişəm.
– 60-dan çox elmi əsərin, bir çox monoqrafiya, dərs vəsaiti və proqramların, elmi məqalələrin və tədris-metodik vəsaitlərin müəllifisiniz. Məqalələriniz Türkiyədə, Amerika Birləşmiş Ştatlarında, Rusiyada, İngiltərədə, Almaniyada dərc olunub. Beynəlxalq konfransların iştirakçısı kimi Fəxri fərman və diplomlarla, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Milli dəyərlərimizin təbliğat sahəsindəki səmərəli xidmətlərinə görə” diplomu ilə təltif olunmusunuz. Qarşıdakı hədəfləriniz nədən ibarətdir?
– Mən Naxçıvan Dövlət Universitetində işlədiyim üçün, həqiqətən, fəxr duyuram. Müəllimlik mənim üçün çox dəyərli və əvəzsiz bir peşədir. Burada müəllimlərimlə birgə, çiyin-çiyinə çalışmaq isə məni elmə, sənətə daha da ruhlandırır. Hazırda bir əsər üzərində işləyirəm. Elmi fəaliyyətim də davam edir, yeni tədqiqatlar aparıram.
– Ləman xanım, sizdən yaradıcılıq uğurları arzusu, gözlərimizin və qəlbimizin daha da gözəllikləri görməsi və duyması ümidi ilə rənglərin cazibəli harmoniyasında yenidən görüşənədək ayrılırıq...
Müsahibə üçün sağ olun.
Səadət ƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri