Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan Televiziyasının dəstəyi ilə keçirilən IV Muğam Televiziya Müsabiqəsinin növbəti mərhələsinin ikinci günü də Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilib.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Muğam Müsabiqəsi-2013” Televiziya Müsabiqəsinin təşkilat rəhbəri Nadir Axundovun, Azərbaycan Respublikasının xalq artistləri Arif Babayevin, Ağaxan Abdullayevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun münsiflər heyətində yer aldığı “Muğam Müsabiqəsi-2013” Televiziya Müsabiqəsinin növbəti mərhələsinin ikinci günündə tanınmış muğam ustası Hacıbaba Hüseynovun əziz xatirəsi yad edilib, televiziya vasitəsilə onun ifasında “Mahur təsnifi” səsləndirilib. Xalq artisti Ağaxan Abdullayev tanınmış xanəndənin sənət yolundan, onunla bağlı xatirələrindən danışıb.
Sonra söz müsabiqə iştirakçılarına verilib. “Muğam” İnstrumental Ansamblının müşayiətilə ilk muğamın ifaçısı gənc xanəndələrdən Babək Quliyev olub. Sonra Ramin Bayramov, Gülnar Qüdrətli və həmyerlimiz Sərxan Bünyadzadə çıxış ediblər. Gənc müsabiqə iştirakçılarının ifaları muğamsevərlər tərəfindən alqışlarla qarşılanıb. Müsabiqə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı ilə yanaşı, Naxçıvan Dövlət Televiziyası ilə də canlı yayımlanıb.
Qeyd edək ki, müsabiqə iştirakçıları olan gənclər müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələrdə yaşıdlarından seçilən istedad sahibləridir. Müsabiqənin final mərhələsi noyabrın 6-da Bakı şəhərində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Xəbərlər şöbəsi