Bu günlərdə kitab rəfimdə, daha doğrusu, iş masamın üzərində Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist Hüseyn Əsgərovun qələmi ilə ərsəyə gəlmiş kitabların biri də artdı: “Həyat cəsurları sevir”. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görmüş kitabın ilk nüsxəsini müəllifin mənə təqdim etməsini sevinc hissi ilə qarşıladım.
Milli mətbuatımızın 145 illik yubileyinə gözəl hədiyyə olan bu kitabda gedən yazıların hamısını hələ əlyazma şəklində oxumuşdum. Ancaq tələsik... İndi o yazıları daha çox yorğun vaxtlarımda oxumağa çalışıram.
45 ilə yaxın bir müddətdə kütləvi informasiya vasitələrində çalışan, daha doğrusu, fədakarlıq göstərən Hüseyn Əsgərov bu illər ərzində böyük oxucu və tamaşaçı sevgisi qazanmış bir ziyalı, sözün qədrini bilən, sözə qiymət verməyi bacaran jurnalist-publisist kimi tanınıb. Onun yazıları mövzu və janrından asılı olmayaraq, öncə səmimiyyəti ilə diqqəti çəkir. Təbii ki, bu səmimiyyət müəllifin özündən gəlir, həm də oxucuya göstərilən səmimiyyətdir. Yeri gəlmişkən Hüseyn Əsgərov həm də bədii yaradıcılıqla məşğul olur, bir sıra dünya xalqlarının ədəbi nümunələrini dilimizə tərcümə edir. Tərcümələrdə diqqət çəkən başlıca nüanslardan biri, özünə də dəfələrlə dediyim kimi, həmin əsərləri düzgün, yerində improvizə etməsidir.
Müəllifin oxuculara təqdim etdiyi növbəti kitabında yazılar müxtəlif bölmələrdə özünə yer alıb. Bir məsələni də qeyd edək ki, muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışan Hüseyn müəllim son illərdə qədim Naxçıvanda səhiyyə sisteminin ilk dövrlərindən başlayaraq bu günə qədər keçdiyi inkişaf yolu ilə bağlı apardığı tədqiqatları özündə əks etdirən sanballı məqalələrin müəllifidir. O həmin tədqiqatlarda ən kiçik detallara belə, zaman aspektindən diqqət çəkir, səhiyyənin dünəni və bu gününü obyektivliklə müqayisə edir, gəldiyi qənaətləri ilə oxucuda dolğun təəssürat yaradır. Bu baxımdan kitabda özünə yer almış “Sınaq şüşəsində uşaq”, “Səhhətimi öz həkimlərimizə etibar edirəm... nə Rusiya, nə İran”, “Şəfqətlə müalicə, ömrün etibarı, yaşamaq ümidi”, “Sağalan xəstənin təbəssümü onun ən böyük mükafatıdır” və digər yazıları diqqət çəkir.
Müəllifin səhiyyə maarifinə dair metodik vəsaitlərlə bağlı resenziyaları da maraq doğurur. Bu da onu göstərir ki, Hüseyn Əsgərov muxtar respublika səhiyyəsində həyata keçirilən tədbirlər, səhiyyə işçilərinin öz təcrübələrini qələmə alaraq gənc həkimlərə və geniş oxucu kütləsinə təqdim etmələrinə həssas münasibətdədir.
Kitabı vərəqləyən oxucu müəllifin uzun illər çiyin-çiyinə çalışdığı həmkarlarına böyük ehtiram göstərdiyini görür. Hüseyn Əsgərov muxtar respublikada yaşayıb-yaradan, mətbuatda özlərini təsdiq edən üç jurnalist haqqındakı yazılarda həmin insanların fəaliyyətini, qələmə aldıqları mövzulara obyektiv münasibətlərini və fərqli üslub tərzlərini, onların gənclərə yaxından köməklik göstərmələrini publisist dillə oxucuya çatdırır, bu yazılarda da müəllif səmimiyyəti, özünəməxsus və fərdi yaradıcılıq üslubu diqqət çəkir. Yeni nəşrin “Rəylər, resenziyalar, mülahizələr” bölməsində dostumuzun kitabları, tərcümələri barədə müxtəlif müəlliflərin ölkə və muxtar respublika mətbuatında dərc olunmuş yazıları toplanılıb. Həmin yazılarda diqqətçəkən məqamlardan başlıcası müəlliflərin bu təcrübəli və istedadlı qələm sahibinin publisistik yaradıcılığına böyük ehtiramdır. “Bir damla mürəkkəb bir milyon insanı düşündürə bilər” adlı yazıda oxuyuruq: “Həssas oxucu duymamış deyil ki, bu bir damla mürəkkəbin arxasında İlahi söz dayanır. İçimizin duyğularını, düşüncələrini ifadə edən söz o mürəkkəblə yazılır. Bir qədər obrazlı desək, bir milyon insanı düşündürə bilən bir damcı mürəkkəb sözün şəklidir. Hüseyn Əsgərovun yaradıcılığından keçən başlıca xətt onun bu sözə çox həssaslıq və ehtiramla yanaşması, sözdən məlhəm kimi istifadə etməsidir. Bu da Hüseyn müəllimin qələmə aldığı istər sənədli, istər bədii yazılarının dəyərini artıran başlıca amildir”.
Adıçəkilən bölmədə Naxçıvanda yaşayıb-yaradan, ancaq ölkə səviyyəsində tanınan sənət adamları haqqında oçerklər yer alıb. Bu yazılarda müəllifin həyat hadisələrinə əsl vətəndaşlıq və ziyalılıq prizmasından baxdığı bir daha təsdiqlənib.
Bir qədər də Hüseyn müəllimin hekayələri barədə. Yazının əvvəlində də dediyim kimi onun, demək olar ki, çoxsaylı qələm nümunələrinin ilk oxucusu olmuşam; ona görə də hekayələri barədə geniş danışa bilərəm. Ancaq kiçik bir yazıda bu, mümkünsüzdür. Bunu nəzərə alaraq ən vacib məqamları oxucularımıza çatdırmaq istəyirəm: – Hüseyn Əsgərov səmimi olduğu qədər ciddi, ciddi olduğu qədər yumoristdir. Onun bəzi hekayələrini oxuyub başa çatanda düşünürəm ki, novella oxumuşam. Elə kitabına ad verdiyi “Həyat cəsurları sevir” hekayəsi kimi. 1987-ci ildə qələmə alınan və həcmcə çox da böyük olmayan bu hekayənin adı oxucularda hansı hissləri oyadır? Hekayə boyu, cərəyan edən hadisələrin sonu oxucu təbəssümü ilə başa çatsa da, onu həm də düşünməyə sövq edir. Eyni sözləri müəllifin nəsr və nəzmlə qələmə alınmış “Xalq mahnılarında səhiyyə motivləri” və “Xalq mahnılarında məhəbbət motivləri” haqqında da demək olar. Səhiyyə və məhəbbət motivləri ilə xalq mahnıları arasında aparılan paralellərin hamısı canlı həyat müşahidəsi kimi diqqəti cəlb edir. İstəmədən rastlaşdığımız neqativ halların bu səpkidə yumor materialına çevrilməsi, elə düşünürəm ki, yeni ədəbi priyom kimi təqdirolunasıdır.
Kitabın “Hekayələr” bölməsindəki digər yazıların bəziləri barədə də bu qənaətə gəlmək olar.
P.S. “Həyat cəsurları sevir” kitabı jurnalist Səməd Canbaxşiyevin “Ön sözü” ilə açılır. Hüseyn Əsgərovu yaxından tanıyanlar “Ön söz”dəki təbiiliyi təsdiq edərlər: “Dəyərli oxucu! Bu kitabı əlində tutmusansa, deməli, sən Hüseyn Əsgərovu tanıyırsan. Yəqin ki, o özü bu kitabı sənə yaxını, tanışı, dostu, qohumu kimi hədiyyə edib. Əvəzində sən də bu kitabı yaxşıca oxu!!! Əgər oxusan, sözə qiymət verən biri kimi deyəcəksən:
– Yaman yazıb ha...”
Və mən də istərdim ki, hörmətli oxucu özü bu kitabla təmasda olsun...
- Muxtar MƏMMƏDOV