Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.
Dünən Hüseyn Cavid Poeziya Günü münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şairin məqbərəsini ziyarət ediblər. Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində davam etdirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq ölməz söz ustadının həyat və yaradıcılığından, Cavid irsinə göstərilən dövlət qayğısından danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarın, AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun, Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalovun, Hüseyn Cavidin ev-muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Bəhruz Axundovun, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Sərdar Fərəcovun çıxışları olub.
Tədbirdə şairlərdən Vaqif Məmmədov, Xanəli Kərimli, Elbəyi Maqsudov və Əbülfəz Ülvi ölməz söz ustadına həsr olunmuş şeirlərini söyləyiblər. Hüseyn Cavidin şeirləri Azərbaycan Respublikasının xalq artistlərindən Rza Xudiyev, Həsən Ağasoy, Yasəmən Ramazanova tərəfindən bədii qiraət edilib, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən şairin şeirlərindən ibarət bədii kompozisiya nümayiş olunub.
Xəbərlər şöbəsi