22 Dekabr 2024, Bazar

Gənclər hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvə olduğu üçün cəmiyyətin mühüm təbəqəsi sayılır. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Ona görə də gənc nəslin inkişafı, onların mükəmməl vətəndaş kimi yetişməsi sivil cəmiyyətlərdə qarşıya qoyulan prioritet məsələlərdən biridir. Dövlətin mövcudluğunun təməl prinsiplərindən biri də məhz sağlam gənclikdir. Ölkəmizdə gənclərlə bağlı görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Aparılan məqsədyönlü siyasət nəticəsində respublikamızda da yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşıb. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir.

Naxçıvan Muxtar Respublikasında da gənclər və idman siyasəti uğurla davam etdirilir. Nümunəvi və vətənpərvər gəncliyin formalaşması, gənclərin istedad və intellekt potensiallarının inkişaf etdirilməsi, idmanın kütləviliyinə nail olunması, bədən tərbiyəsi və idmanın geniş coğrafi məkanda təbliği, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq muxtar respublikada gənclər və idman siyasətinin prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılır.
Diyarımızda gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması muxtar respublika gənclərinin öz üzərlərində daha səylə çalışmalarına güclü təkan verir.
Ali Məclis Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların (gənc­lərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyətə malikdir. Ali Məclisin Sədri cənab Vasif Talıbov gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsi zərurətini qeyd edərək demişdir: “Biz gələcəyimizin formalaşması qayğısına bu gündən qalmalıyıq. Muxtar respublikamızın gələcəyi bugünkü gəncliyin təhsilə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Gənc nəsil vətənpərvərlik, Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalı, onlar öz intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına sərf etməlidirlər”.
Bu gün muxtar respublikanın gəncləri, sözün əsl mənasında, XXI əsrin gəncliyini təmsil edirlər. İctimai işlərdə fəal, vahid bir qüvvə kimi vətənpərvərlik nümayiş etdirmə bacarığı, onlar üçün yaradılan şəraitdən istifadə edərək öz istedadlarını və bacarıqlarını göstərmə sərbəstliyinə malik gənclər ordusu yetişib. Bugünkü gəncliyi həvəsləndirən amillərdən biri də onların dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmasıdır.
Gənclər üçün çox vacib amillərdən biri olan sosiallaşma, eləcə də internet resurslarından düzgün şəkildə istifadə günün ən aktual məsələlərindən biridir. Son dövrlərdə Naxçıvan gənclərinin sosial şəbəkələrdəki fəallığı daha da artıb. Hazır­da sosial şəbəkələrdəki “Naxçıvan xəbərləri”, “Naxçıvan gəncləri”, “Xaricdə təhsil alan naxçıvanlı gənclər” adlı sosial qruplarda gənc­lərimizin nəzərə çarpacaq səviyyədə aktivliyi diqqəti çəkir. Sevindirici haldır ki, muxtar respublikamızın görməli yerlərinin, tarixi abidələrinin tanıdılması məqsədilə sosial şəbəkələrdə edilən paylaşımlar Naxçıvanın bugünkü inkişafını, müasirliyini dünyəvi təbliğ etməklə yanaşı, gənclərin fəallığından da xəbər verir. Gənclərimiz sosial şəbəkələrdən, əsasən, təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar.

Muxtar respublikada gənclərimiz milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.
Bu gün muxtar respublikada gənc­lərin milli ruhda tərbiyəsi, onların məşğulluğu və asudə vaxtlarının səmərəli təşkili məqsədilə Dövlət pro­qramları qəbul olunur, aid dövlət orqanları, gənclər təşkilatları, ictimai birliklər tərəfindən hər il mühüm layihələr reallaşdırılır.
Muxtar respublikamızda Gənclər və İdman Nazirliyi tərəfindən gənc­lər siyasətinin bir sıra istiqamətləri üzrə mühüm tədbirlər həyata keçirilir. Belə ki, muxtar respublika gənclərinin intellektual səviyyələrinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, milli dəyərlərə, mədəniyyətə, incəsənətə marağının artması, onların vətənpərvər ruhda tərbiyə olunması, tələbə-gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, beynəlxalq əhəmiyyətli tədbirlərdə yaxından iştirak etmələri istiqamətində məqsədyönlü işlər görülür.
Aprel ayında pandemiya ilə əlaqədar olaraq ölkə və muxtar respublika ərazisində müəyyən olunmuş karantin rejimi dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onlarda mütaliəyə marağın daha da artırılması, kitabları gənclərə sevdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrdəki hesablarında “Mütaliədən qalma!” aksiyası keçirilmiş, könüllü gənclər tərəfindən əhaliyə müraciət olunaraq “Evdə qal!” çağırışı ilə videoçarx hazırlanmış, “Kitabi-Dədə Qorqud” dastanı və milli-mənəvi dəyərlər” mövzusunda, Cek Londonun “Həyat eşqi”, Yusif Balasaqunlunun “Qutatqu bilik” kimi oxunması zəruri olan kitablar ilə bağlı onlayn müzakirələr, şəhidlərimiz və qəhrəmanlarımız haqqında “Mənim qəhrəmanım”, “Qəhrəmanlar unudulmur” adlı onlayn vətənpərvərlik aksiyaları, təşkil olunmuşdur. Eyni zamanda “Pozitiv düşüncələrin həyatımıza təsiri və karantin günlərində ruh yüksəkliyimizi artırmağın yolları”, “Layihələrin yazılması və idarə edilməsi” və digər mövzularda onlayn təlimlər və “Zoom” proqramı vasitəsilə “Kim? Nə? Hara?” intellektual oyunu keçirilmiş, muxtar respublika gəncləri və idmançıları üçün “Evdə qal, idmandan qalma!” şüarı altında videoçarxlar hazırlanmışdır. “Mən muxtar respublikanın tanıdılması və inkişafı üçün nə etmişəm?” adlı inşa yazı və “Koronavirusla mübarizə” adlı rəsm müsabiqələri də gənclərin fəal iştirakı ilə yaddaqalan olmuşdur.
Həmçinin nazirliyin “Instagram” səhifəsində sərbəst güləşçi, üçqat dünya çempionu Hacı Əliyev, “Qızıl Qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı, beşqat dünya çempionu, karateçi Rafael Ağayev və tanınmış kinorejissor Tahir Əliyev ilə canlı yayımlar təşkil olunmuşdur.

Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işləri Naxçıvan şəhərini də əhatə etmişdir. Sahil Parkının istifadəyə verilməsi də bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Parkda şəhər sakinlərinin və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şərait yaradılmış, Gənclər və İdman ­Nazirliyi aid təşkilatlarla birgə açıq havada müxtəlif tədbirlərin keçirilməsinə start vermişdir. Belə ki, Sahil Parkında gənclər arasında “III Art battle” (“İncəsənət döyüşü”) adlı rəsm müsabiqəsi, “Axtar-tap”, “Labirint” və “Breyn rinq” intellektual oyunları, sağlamlıq imkanları məhdud uşaqlar arasında “Vətəni tanı” intellektual oyunu, stolüstü tennis və tennis üzrə yarışlar keçirilmişdir.
Nazirlik tərəfindən “Könüllü jurnalist” layihəsinə start verilmiş, 12 avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar bir sıra tədbirlər reallaşdırılmış, Uzunoba gölü və Ağbulaq kəndi ərazisində təmizlik aksiyaları, gənclər arasında “Xəmsə” milli intellektual oyunu, tir və stolüstü tennis üzrə birinciliklər, çimərlik futbolu turniri, sağlamlıq imkanları məhdud gənclər arasında dart idman növü üzrə muxtar respublika birinciliyi və fərdi “Xəmsə” intellektual oyunu keçirilmiş, sağlamlıq imkanları məhdud şəxslər haqqında hazır­lanmış videoçarxlar nazirliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılmışdır. Tədbirlər planına əsasən gənc müəllimlər arasında şahmat üzrə muxtar respublika birinciliyinin və X-XI sinif şagirdləri arasında “Naxçıvan abidələri diyarı” mövzusunda rəsm müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
Nazirlik bundan sonra da muxtar respublikada yaradılan şəraitdən bəhrələnərək dövlət gənclər siyasətinin məqsədyönlü şəkildə uğurla həyata keçirilməsini, gənclərin inkişafına, əsl vətəndaş kimi formalaşmasına xidmət edən tədbirlərin təşkilini davam etdirəcək, muxtar respublika gəncləri də onlara göstərilən dövlət qayğısının və yüksək etimadın qarşılığında milli dövlət quruculuğuna öz layiqli töhfələrini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Biz bu gün yetişən gəncliyə ümidlə baxırıq. İnanırıq ki, muxtar respublika gəncləri bundan sonra da öz fəaliyyətlərini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yola sədaqət ruhunda quracaqlar. Bu yol – gəncliyin özünü təsdiq və özünü doğrultmaq yoludur”.

İlahə HAQVERDİYEVA
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR