Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya-resurs şöbəsi “Qan yaddaşımız” başlığı altında işğal olunmuş rayonlar haqqında videoçarxlar hazırlamağa davam edir.
Azərbaycanın gözəl mənzərəli və unudulmayan torpaqlarından olan Kəlbəcər rayonu ilə bağlı kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva videoçarx hazırlayıb.
Videoçarxda ilk olaraq, rayonun işğal olunduğu tarix – 02.04.1993 qeyd edilib. Videoçarxın davamında Kəlbəcərin Azərbaycan xəritəsində təsviri, İsti su qəsəbəsi və məşhur mineral suyu olan "İstisu" bulağı, tarixi abidələri, coğrafi mövqeyi, erməni təcavüzkarları tərəfindən dağıdılmış əraziləri, işğaldan sonrakı və əvvəlki görüntüləri fotoların müşayiəti ilə nümayiş olunur.
Videoçarxda Kəlbəcərin Zar kəndi ilə bağlı çəkilmiş qısa videolent də yer alır. Zar kəndinin tarixi qədim divarları, İslamdan qabaq xristianlıq dönəmində Xacın knyazı, qıpçaq türkü Həsən Cəlalın tikdiyi məbəd, dağlıq əraziləri videolentdə göstərilir.
Sonda işğal ərəfəsində çəkilmiş səhnə də nümayiş olunur.
Təqdim edilən videoçarxda kitabxananın əməkdaşı Kəlbəcərin toponimi, erməni işğalı və milli qəhrəmanları haqqında məlumatları izləyicilərə çatdırır.
Videoçarxı “YouTube” kanalında (https://www.youtube.com/watch?v=NlnwLcOX_ms) izləmək olar.