Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsi artıq dördüncü dəfədir ki, muğamsevərlərə təqdim edilir. Müsabiqənin növbəti turunun Naxçıvanda keçirilməsi diyarımızda mədəniyyət və incəsənətin yüksək inkişafından xəbər verir. Müsabiqənin münsiflər heyətinin üzvləri ilə söhbətimizdə də bu məqam xüsusi vurğulandı.
Sərdar FƏRƏCOV – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi: – Naxçıvana birinci dəfədir ki, gəlirəm. Lakin bu qədim yurd yeri haqqında 1973-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alarkən naxçıvanlı tələbələrdən Yaşar Xəlilov, Nazim Kazımov, Kamal Əhmədov, Eldar Xəlilov kimi bu gün mədəniyyət sahəsində tanınmış naxçıvanlılardan məlumat almışdım. Onlarla dostluğum bu gün də davam edir. Naxçıvandakı yeniliklər barədə məlumatları onlardan, kütləvi informasiya vasitələrindən alıram. Bu gün isə gördüklərim məndə çox güclü təəssürat yaratdı. Bir daha bu qənaəti təsdiq etdim ki, eşitməklə görmək arasında xeyli fərq var. Təbiət bu yurda ülvi gözəllik bəxş edib. Naxçıvanın hər yeri yaşıllığa bürünüb. İnsanları da çox istiqanlı və səmimidirlər.
Burada olduğum iki gün ərzində Naxçıvanı Avropanın kiçik bir şəhərinə bənzətdim. Sözümdə həqiqət var. Bir müddət əvvəl mən Fransanın Strasburq şəhərində olmuşam. Təsəvvür edin ki, oradakı gözəlliyi burada yenidən gördüm. Naxçıvanın bir üstünlüyü də ondadır ki, bura çox sakit bir yerdir. Bu sakitliyin içində dərin bir məna var. Dəfələrlə sübut olunub ki, güclü inkişaf sabitlik olan yerdə mümkündür. Naxçıvanın bugünkü inkişafında bu amil başlıca rol oynayır. Unutmayaq ki, Naxçıvan ulu öndər Heydər Əliyevin vətənidir. Ona görə də bu torpaq müqəddəs torpaqdır. Dünyanın ikinci atası hesab edilən Nuhun ayağı dəydiyi bu qədim yurd yerində görülən böyük işlər məhz ümummilli lider Heydər Əliyev siyasətinə sadiqliyin ifadəsidir. IV Muğam Televiziya Müsabiqəsinin növbəti mərhələsinin burada keçirilməsi də təbiidir. Naxçıvanda mədəniyyətin inkişafına yüksək diqqət və qayğının şahidi olduq.
Səkinə İSMAYILOVA – Azərbaycan Respublikasının xalq artisti: – Naxçıvanda neçə illər bundan əvvəl olmuşam. Bu dəfə Naxçıvan Beynəlxalq Hava Limanından şəhərə qədər gördüklərim o qədər gözlənilməz idi ki, heyran qalmışdım. Aeroportdan şəhərə qədər gül-çiçək, yaşıllıq, təmizlik ruhumuza yeni bir təravət gətirdi. Naxçıvanda həssas tamaşaçılar var. Burada xalq musiqisinə ehtiram yüksək səviyyədədir. Mən inanıram ki, bu müsabiqədə yüksək fəallıq göstərən naxçıvanlı Sərxanın ardıcılları çox olacaq. Çünki Sərxanı yetirən torpaq mədəniyyətin, incəsənətin beşiyidir. Naxçıvan Dövlət Universitetində Konservatoriyanın yaradılması mədəniyyətin inkişafına davamlı qayğının ifadəsidir. Naxçıvanda gördüklərimiz bir daha qəlbimizdə bu əminliyi yaratdı ki, muxtar respublika ölkəmizin digər regionlarına nümunədir. Naxçıvandan öyrənmək lazımdır və bu, vacibdir.
Arif BABAYEV – Azərbaycan Respublikasının xalq artisti: – Muğam müsabiqələrinin keçirilməsi, istedadlı gənclərin bu sahədəki bacarıq və qabiliyyətlərinin üzə çıxarılması, onların istedadlarının düzgün formalaşdırılması istiqamətində görülən işlər bütün musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır. Mən burada olduğum müddətdə Naxçıvanda da muğama böyük maraq göstərildiyini gördüm. İstər Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında, istər Naxçıvan Musiqi Kollecində, həmçinin Naxçıvan Dövlət Filarmoniyasında muğama maraq göstərən çoxlu gənclər var. Bunu Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında təhsil alan tələbələrlə görüşdə daha yaxından müşahidə etdik. Naxçıvanlılar sənətə qiymət verməyi bacaran insanlardır. Biz bunu burada keçirilən konsertlər vaxtı da müşahidə etdik. Tam əminliklə demək olar ki, Naxçıvan hələ öyrəniləsi, tədqiqolunası bir diyardır. Burada mədəniyyətin müxtəlif sahələri inkişaf etmiş, qədirbilən naxçıvanlılar bu günə qədər milli-mənəvi sərvətlərə qayğı ilə yanaşmış, onları qoruyub saxlamağı bacarmışlar. Bundan sonra da bu sərvətlərin qorunacağına heç bir şübhə yoxdur. Bu da belə deməyə əsas verir ki, dərin köklər üzərində yaranan və yaşayan, bu gün vətənpərvərliklə qorunan milli-mənəvi sərvətlərimiz, onun ən böyük qolu olan muğam həmişə Naxçıvanda layiq olduğu səviyyədə təbliğ ediləcək. Bir daha naxçıvanlılara çox yüksək səviyyədə qarşılandığımız, sənətimizin ürəkdən dəstəklənməsi üçün dərin minnətdarlığımızı bildiririk. Belə diyarda yaşamaq, qurub-yaratmaq böyük xoşbəxtlikdir.
Mənsum İBRAHİMOV – Azərbaycan Respublikasının xalq artisti: – Qəlbimdə yüksək duyğular oyadan, zəngin təəssüratlar yaradan Naxçıvan şəhərində aldığım təəssüratları bölüşməyə saatlarla vaxt lazımdır. Düşünürəm ki, dahi şəxsiyyət Heydər Əliyevin, böyük sənət korifeyləri Əcəmi Əbubəkr oğlunun, Hüseyn Cavidin Vətəni məhz belə olmalıdır. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən IV Muğam Televiziya Müsabiqəsinin Naxçıvanda keçirilən növbəti turunun ilk günü burada gördüklərimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim yurd yerində bizə əsl sənət bayramını xatırlatdı. Yüksək səviyyədə təşkil olunan müsabiqə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirildi. Teatrın binasının müasir üslubda yenidən qurulması, teatr üçün lazım olan bütün texniki avadanlıqların yeniləşdirilməsi burada qaynar mədəni həyatdan soraq verir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu vacib sahəyə qayğı mərkəz Naxçıvan şəhəri ilə məhdudlaşmır. Bizə bildirildi ki, muxtar respublikanın ən ucqar bölgələrində belə, mədəniyyət obyektlərinə yeni binalar inşa olunur. Bu isə o deməkdir ki, Azərbaycan mədəniyyətinin ayrılmaz qolunu təşkil edən Naxçıvan mədəniyyəti müasir inkişaf yolundadır. Bu yolda Naxçıvanın bütün mədəniyyət işçilərinə uğurlar arzulayıram. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm ki, onlar Naxçıvanda bu sahəyə göstərilən qayğıya əməli işlə cavab vermək iqtidarındadırlar.
Muxtar MƏMMƏDOV